EN

Bakı və İrəvanda hazırlıq - Putinin sənədinə “qud, bay!”

Rusiyanın moderatorluğu ilə əldə olunan üçtərəfli bəyannaməyə son verməyin yolu; Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir; Bakıdan reaksiyalar

Avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflaması 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın “tabutu”na sonuncu mismarı vurmuş oldu. Çünki bununla 10 noyabr sənədi öz əhəmiyyətini itirdi. Buna qədər isə nə Rusiya, nə Ermənistan o sazişdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmişdi. İstər sülhməramlılar bölgəyə daxil olarkən erməni silahlı birləşmələrinin çıxarılması olsun, istərsə 9-cu bənddə razılaşdırılan nəqliyyat kommunikasiyalarının açılması.

Azərbaycan bir sutkalıq antiterror əməliyyatı ilə Rusiyanın yerinə yetirməli olduğu işi - qanunsuz erməni hərbi qüvvələrini tərk-silah etdi, sonra Naxçıvana maneəsiz keçidin reallaşması üçün Vaşinqtonda razılaşma əldə olundu, “Tramp marşrutu”nun gerçəkləşməsinə qərar verildi. Ona görə də 10 noyabr sənədində hər iki tərəf götürdüyü öhdəlikləri icra etməmiş sayılır.

İndi isə Cənubi Qafqazda yeni reallıq yaranıb və bu da Vaşinqton zirvəsinin nəticələrindən irəli gəlir. Belə ki, sülh mətni paraflandıqdan sonra 10 noyabr bəyannaməsinin qüvvədən düşməsi üçün rəsmi mövqe sərgilənməsinə zərurət yaranıb. Yəni 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanata ehtiyac qalmayıb. Xüsusən də onun 9-cu bəndinə.

Vaşinqtondakı sülh razılaşmalarına məcburiyyətdən müsbət reaksiya verən Rusiyanın Qafqazdakı maraqlarından əl çəkmək niyyətində olmadığını elə son günlərdə də görməkdəyik. Kreml sülh prosesini “dəstəkləsə” də, diqqəti daha çox 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyannaməyə və daha sonra Rusiyanın təşəbbüsü ilə keçirilən toplantılara yönəldir. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı üçtərəfli bəyannaməni şərh edərkən demişdi ki, “Sünik bölgəsindən keçən kommunikasiya marşrutları açılarkən Rusiya sərhədçilərinin burada olması nəzərə alınmalıdır”. Əslində bu, bir təhdid mesajı idi. Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin (Tramp marşrutu) təhlükəsizliyini qorumağa hazır olduğunu və bu bölgəyə fəaliyyət göstərəcək şirkətin ABŞ-Ermənistan birgə şirkət olacağını bəyan etməklə İranın neytrallığına nail ola bilib. Düzdür, ayrı-ayrı “xaric notlar” yenə də səslənməkdədir, amma İran Prezidenti Məsud Pezeşkianın İrəvan səfəri bu mənada yekun anlaşma üçün fürsət sayıla bilər. Amma Rusiyadan hələ də “köhnə havalar”ı ifa edənlər tapılmaqdadır. Elə qeyd etdiyimiz kimi, Fadeyevin sözlərinə görə, Rusiya Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-2022-ci illəri əhatə edən üçtərəfli sazişləri qanuni hesab edir, çünki tərəflərdən heç biri bu sazişlərdən çıxdığını açıqlamayıb. “Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” adlandırılacaq nəqliyyat dəhlizi layihəsi haqqında danışan Fadeyev deyib: “Rusiya Xarici İşlər Nazirliyi layihənin təfərrüatlarını öyrənəcək, yeri gəlmişkən, hələlik təfərrüatlar ictimaiyyətə açıqlanmayıb...” Rusiya rəsmisi ardınca demişdi: “Biz həmçinin bildirdik ki, Ermənistanın Aİ-yə üzvlüyü və Rusiya sərhədçilərinin Sünik bölgəsində olması kimi amilləri nəzərə almaq lazımdır. Bunlar regionda nəqliyyat kommunikasiyalarının bloklanması ilə bağlı qərarlar hazırlanarkən nəzərə alınmalıdır”.

Rəsmi Moskvanın 10 noyabr üçtərəfli bəyanatını və ondan sonrakı iki ildə imzalanmış digər üçtərəfli sənədləri əsas götürdüyü ortadadır. Eyni zamanda Kreml ilk fürsətdəcə özünün varlığını sübuta yetirməyə çalışır. Təsadüfi deyil ki, bir neçə gün əvvəl baş nazir Nikol Paşinyanı Moskvaya dəvət etmişdilər.

Rusiyanın azərbaycanlı miqrantlara qarşı davam edən repressiv tədbirlərinin, ölkəmiz əleyhinə sərt ritorikasının, Ukraynadakı maraqlarımızı hədəfə almasının arxasında da heç şübhəsiz sülh prosesindən kənarda qalması amili dayanır. Eyni zamanda Ermənistana da açıq və gizli təzyiqlərin olmasını müşahidə etməkdəyik. Vaxtaşırı Ermənistan şirkətlərinə təzyiqləri müşahidə edirik. Bugünlərdə Uralda Ermənistanın konsulluğunun bağlanması da təsadüfə bənzəmir. Yayılan məlumatda qeyd olunur ki, konsulluğun fəaliyyətinin dayandırılmasından əvvəl Ermənistan Apostol Kilsəsini dəstəkləyən Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan vəzifəsindən azad edilib. “Hörmətli vətəndaşlar, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar olaraq bildiririk ki, sözügedən fəxri konsulluğun ofisi öz fəaliyyətini dayandırıb. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət edib”.

Yekaterinburq bizə azərbaycanlı qardaşların işgəncə ilə qətlə yetirilməsini və soydaşlarımza divan tutulmasını xatırladır. Maraqlıdır, eyni vaxta erməni konsulluğu da qapanır. Kremlin Bakı və İrəvana təzyiqləri adekvat reaksiyaları zəruri edir. Bütün bunların fonunda, 10 noyabr sənədinin qüvvədən salınması ilə bağlı Azərbaycan-Ermənistan birgə bəyannamə imzalaya bilərmi? Tərəflər ayrıca belə bir təşəbbüslə çıxış etsələr, Rusiyanın reaksiyası necə olar?

Elxan

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında əvvəlcə xüsusi vurğuladı ki, Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflaması 2020-ci ilin 10 noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini ortadan qaldırıb: “Hoyabr ayında həmin bəyanatın 5 ili tamam olacaq. Həmin bəyanat ilk gündən yerinə yetirilmədi. Misal üçün, bölgədə yerləşdirilən rusiyalı sülhməramlılar Laçın dəhlizində Ermənistandan Xankəndidəki separatçılara hərbi texnikanın daşınmasına və minaların döşənməsinə şərait yaratdılar. Digər bənd Zəngəzur dəhlizinin açılmasının təmin olunması ilə bağlı idi. Ermənistan hökuməti 9-cu bəndi yerinə yetirmədi və Kreml həmin bəndin icrası üçün rəsmi İrəvana təzyiq etmədi”.

E.Şahinoğlu qeyd etdi ki, bu arada, Azərbaycan iki böyük uğur əldə etdi: “Birincisi, Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında bir günlük hərbi əməliyyatla bölgədə separatizmə son qoydu, Qarabağ separatçılardan təmizləndi. İkincisi, rusiyalı sülhməramlılar Qarabağı tərk etdilər. Çünki onların bölgədə mövcudluğu üçün artıq heç bir əsas qalmamışdı. Bundan sonra Bakı və İrəvan birbaşa danışıqlara üstünlük verdilər, Rusiyanın vasitəçiliyinə ehtiyac yox idi. Məhz ikitərəfli dialoq nəticəsində sərhədin bir hissəsi müəyyənləşdi və 17 bənddən ibarət olan sülh sazişinin mətni razılaşdırıldı”.

Politoloq əlavə etdi ki, buna baxmayaraq, dəhliz məsələsinin həllinə və sülh sazişinin mətninin paraflanmasına ehtiyac var idi: “Rusiyanın bu iki məsələnin həllində vasitəçiliyi mümkün deyildi. Bunun iki əsas səbəbi var idi. Birincisi, Ermənistan hökuməti təhlükəsizlik sahəsində ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığa üstünlük verməyə başlamışdı. İkincisi, Rusiya Azərbaycanın mülki təyyarəsini raketlə vurmaqla Bakı ilə də münasibətləri gərginləşdirdi. Halbuki Kreml təyyarə olayına görə Bakıdan üzr istəsəydi, kompensasiya ödəyib, cinayətkarları cəzalandırsaydı, ikitərəfli münasibətlər indiki qədər gərginləşməzdi. Bütün bunlara görə Rusiyanın Cənubi Qafqaza təsir imkanları heçə endi”. E.Şahinoğlu bildirdi ki, Vaşinqton yaranan fürsətdən istifadə edərək təşəbbüsü ələ aldı və Ağ Evdə mühüm razılaşmalar əldə olundu: “Kreml oyundankənar vəziyyətdə qalmasına görə günahı özündə axtarmalıdır. Buna baxmayaraq, fikrimcə, Azərbaycan və Ermənistanın xüsusi olaraq 10 noyabr bəyanatının qüvvədən düşdüyünü elan etməsinə ehtiyac yoxdur. Bunun əvəzinə Vaşinqton razılaşmasının qısa müddətdə yerinə yetirilməsinə ehtiyac var. Baş nazir Nikol Paşinyan konstitusiya dəyişikliyini və dəhlizin tikintisi prosesini sürətləndirməlidir”.

63

Qafar Çaxmaqlı

Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı isə bildirdi ki, Vaşinqton razılaşmasının önəmli siyasi nəticələrindən biri 10 noyabr 2020-cil üçtərəfli bəyannaməsinin arxa plana keçməsidir, amma bu məsələ hələ də Ermənistanın  gündəmində qalmaqdadır: “Ermənistan həmin sənədin qüvvədən düşməməsi və ara-sıra ondan manipulyasiya etmək istəyəcək, ölkədəki rusiyayanlılar da onu gündəmdə saxlamağa çalışacaqlar. Rusiya bölgəyə müdaxilə vasitəsi kimi bu sənədə istinad edəcək.  Həmin sənədin qüvvədən düşməsi üçün tərəflərin müraciəti şərtdir. Amma sanmıram ki, Ermənistan belə addım atmağa tələssin”. Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan Rusiyadan çəkinir: “Əslində Vaşinqton bəyannaməsi özü bu sənədin qüvvədən düşdüyünü göstərən real faktordur. Həm də hər hansı məsələ ilə bağlı yeni bir anlaşma ortaya çıxırsa, əvvəlkinə istinad edilməsinə ehtiyac qalmır. Amma Rusiya bəhanə axtarır, xüsusən Azərbaycana təzyiq etmək üçün. Sanmıram ki, 10 noyabr sənədindən asanlıqla imtina etsin. Bu bəhanəni Rusiyanın əlindən almaq isə bir az çətin olacaq, yenə də. Bu sənədin tamamilə arxivə göndərilməsi üçün ölkələrin rəsmi mövqeyi olmalıdır”.

Bəli, belə görünür ki, Bakı və İrəvanın ATƏT-in Minsk Qrupundan imtinası kimi, Rusiyanın moderatorluğu ilə imzalanmış üçtərəfli sənədlərdən imtinası ilə bağlı da ortaq mövqeyə gəlməsi üçün xeyli müzakirələrə ehtiyac olacaq. Amma belə bir qərarın elan olunması Kremli qıcıqlandıracağı şübhə doğurmur. O mənada elə Vaşinqton anlaşmalarını irəli aparmaqla 10 noyabr bəyannamısinin sadəcə unudulmasına nail olmaq mümkündür...

E.PAŞASOY,
"Yeni Müsavat"

Chosen
10
ekologiya.az

1Sources