EN

Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır

"Son illərdə Özbəkistan-Azərbaycan münasibətləri qarşılıqlı etimad və dəstək ruhunda fəal şəkildə inkişaf edir, Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb, Ali Dövlətlərarası Şura fəaliyyət göstərir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır".

Bu fikirlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Özbəkistan, Azərbaycan və Avropa - ümumi inkişaf naminə əməkdaşlıq" adlı yüksəksəviyyəli görüşün iştirakçılarına müraciətində əksini tapıb.

Prezident İlham Əliyevin yeni ümumregional proseslərin inkişafında iştirak etmək və Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsindəki səylərini yüksək qiymətləndirən Şavkat Mirziyoyev həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini də dəyərləndirib: "Mərkəzin beynəlxalq gündəliyə dair məsələlərin öyrənilməsində fəal iştirakı xüsusi diqqətə layiqdir. Onun himayəsi ilə keçirilən illik Qlobal Bakı Forumu beynəlxalq və regional miqyasda ən aktual problemlərin həlli üçün yeni ideyaların irəli sürüldüyü nüfuzlu qlobal dialoq platformalarından birinə çevrilib". Onun fikrincə, bu görüş Mərkəzi Asiyanı dünyaya geniş şəkildə təqdim etmək, konsolidasiya və əməkdaşlıq proseslərinin sürətləndiyi bir vaxtda regionlararası qarşılıqlı əlaqələri möhkəmləndirmək, eləcə də Özbəkistan və Azərbaycanın potensialından, imkanlarından tam istifadə məsələlərini müzakirə etmək üçün unikal imkandır. 

Şavkat Mirziyoyevin fikirlərini bir qədər genişləndirərək deyə bilərik ki, coğrafi və geosiyasi baxımdan mühüm mövqedə yerləşən Azərbaycan həm Avropa, həm də Mərkəzi Asiya istiqamətində fəal və balanslaşdırılmış xarici siyasət yürüdür. Belə ki, ölkəmiz Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayaraq regional və qlobal gücünü möhkəmləndirir, nəqliyyat və tranzit qovşağı kimi bölgədə əsas söz sahibinə çevrilir. Nəqliyyat sahəsində həyata keçirilən nəhəng layihələr, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması Orta dəhlizin əhəmiyyətini bir daha vurğulayır. Çünki ölkəmiz Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə yerləşən Orta dəhlizin əsas hissəsidir. Bu dəhliz Şimal və Cənub dəhlizlərinə alternativ olaraq Asiya ilə Avropa arasında daha qısa və sürətli ticarət yolu təklif edir. Zəngəzur dəhlizi ("Tramp yolu") açılarsa, bu, Azərbaycanın Naxçıvan vasitəsilə Türkiyəyə birbaşa quru yolunu bərpa etməsinə və Asiyadan Avropaya daşımaların daha da asanlaşmasına səbəb olacaq. Artıq Azərbaycan və Ermənistan liderlərinin ABŞ-də imzaladıqları Birgə Bəyannaməyə əsasən, tərəflər arasında  Zəngəzur dəhlizinin ("Tramp yolu") açılması məsələsi də razılaşdırılıb. Bu da o deməkdir ki, Azərbaycan Avropa və Asiya arasındakı nəqliyyat-tranzit qovşağı imkanlarını daha da genişləndirəcək. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə Xəzər regionunun ən böyük limanlarından biridir və Azərbaycanı Orta Asiya ölkələri ilə birləşdirən əsas tranzit mərkəzinə çevirir. Nəticə etibarilə, Azərbaycanın yerləşdiyi mövqe və həyata keçirdiyi infrastruktur layihələri ölkəmizin Avrasiya qitəsində strateji tranzit və enerji mərkəzi statusunu daha da möhkəmləndirir. Azərbaycanın bu funksiyanı uğurla yerinə yetirməsi həm regional, həm də qlobal səviyyədə ölkəmizin siyasi və iqtisadi əhəmiyyətini artırır.

Ümumiyyətlə, yerləşdiyi coğrafi mövqe Azərbaycanın tranzit ölkə statusunu şərtləndirir. Bu mövqe sayəsində ölkəmiz Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında yeni və daha qısa nəqliyyat dəhlizlərinin təşkili baxımından əsas halqaya çevrilib. Son illərdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Orta dəhliz bu baxımdan xüsusilə əhəmiyyətlidir. Bu dəhliz Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə hərəkət edən yüklərin daha qısa zamanda və etibarlı şəkildə daşınmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Logistika Mərkəzi kimi iri infrastruktur layihələri Azərbaycanın bu dəhlizdəki rolunu gücləndirir. 

Bundan əlavə, Azərbaycanın enerji sektorunda da körpü rolu danılmazdır. Xəzər dənizində yerləşən zəngin karbohidrogen ehtiyatları və bu ehtiyatların Avropa bazarlarına çıxarılması üçün yaradılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, və "Cənub qaz dəhlizi" ölkənin enerji sahəsindəki geosiyasi əhəmiyyətini göstərir. Bu layihələr sayəsində Azərbaycan təkcə öz iqtisadiyyatını gücləndirməklə kifayətlənmir, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Gələcəkdə açılması gözlənilən Zəngəzur dəhlizi ("Tramp yolu") isə Azərbaycanın quru yollarla həm Türkiyə, həm də Avropaya birbaşa çıxışını təmin edəcək. Bu dəhliz, eyni zamanda Mərkəzi Asiyadan gələn yüklərin daha səmərəli şəkildə Avropaya daşınmasına imkan yaradacaq. 

Beləliklə, Azərbaycan yalnız nəqliyyat və logistika baxımından deyil, həm də regional əməkdaşlığın təşviqi baxımından körpü rolunu oynamağa davam edəcək.

Nəticə etibarilə, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit və enerji dəhlizi funksiyasını yerinə yetirərək regional sabitliyə, iqtisadi inteqrasiyaya və qlobal enerji təhlükəsizliyinə töhfə verir. Prezident İlham Əliyevin enerji siyasəti ölkəyə həm regional, həm də beynəlxalq səviyyədə siyasi güc və nüfuz qazandırır. Həmçinin Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsinə şərait yaradır, Avropanın enerji təhlükəsizliyində əsas oyunçu kimi yer almasına imkan verir, eyni zamanda Avrasiyada effektiv əməkdaşlıq və rəqabət əlaqələrinin qurulmasına səbəb olur.

Əminliklə deyə bilərik ki, yaxın illərdə həyata keçirilməsi planlaşdırılan layihələr bu rolu daha da gücləndirəcək və Azərbaycanın Avrasiya məkanında strateji əhəmiyyətini daha da artıracaq. 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

1Sources