EN

Putinin Zelenski ilə tək görüşmək cəsarəti tam sual altındadır...


Əli Orucov: "Putinə möhlət vermək və ona inanmaq ən böyük yanlışlıqdı"

Ukrayna prezidenti Vladimir Zelenski və bir sıra Avropa ölkəsinin liderləri Ağ Evdə ABŞ prezidenti Donald Trampla Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparıblar.

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə keçirilən danışıqlardan sonra keçirdiyi brifinqdə Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli formatda görüşməyə, sonra isə ABŞ prezidenti Donald Trampla üçtərəfli danışıqlara hazır olduğunu bildirib. Kreml bundan əvvəl məsələni qeyri-müəyyən qoymuşdu və yalnız danışıqların “səviyyəsini yüksəltmək” niyyətini bildirmişdi.

“Putinin Zelenski ilə sammitə gəlməyə cəsarəti çatacağına əmin deyiləm”, Almaniya kansleri Fridrix Merz deyib.

Putin Zelenski ilə təkbətək görüşməyə razılaşa bilərmi?

Baki-xeber.com-a məsələ ilə bağlı açıqlamasında politoloq Əli Orucov bildirdi ki, Ağ Evdə prezident Trampla Avropa İttifaqının liderlərinin iştirakı ilə Zelenskinin görüşü Ukrayna-Rusiya müharibəsinin müzakirəsi zamanı mövqelərin uzlaşdırılması və aydınlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi: "Müzakirələrdə, fikir ayrılıqlarına rəğmən, bəzi ortaq məsələlərdə kompromis əldə etmək mümkün oldu. Xüsusən də Ukraynanın təhlükəsizliyi və Kremllə danışıqların aparılması kimi sahələrdə detallar nəzərdən keçirildi. O da məlum oldu ki, qarşıdakı son iki həftə Ukrayna-Rusiya müharibəsinin həlli ilə bağlı kritik mərhələ olacaq. Putinlə Zelenskinin görüşünün müharibənin gedişinə təsiri az görənsə də, başlanğıc üçün müsbət addım olardı. Lakin problem ondadır ki, Moskva kompromislərə hazır görsənmir. Etimad mühitinin yaradılması üçün atəşkəsə də getmir. Kreml maksimalist tələblərindən imtina etməyincə danışıqların da pozitiv istiqamətdə gedəcəyi ağlabatan deyil".

Ekspertin fikrincə, Qərbin müharibə ilə bağlı mövqeyi daha real və obyektivdir: "Çünki təcrübə göstərib ki, Putin danışıqlar məsələsində manipulyasiyalar edir və onun hədəfləri və ambisiyaları böyükdür. Bu, faktiki olaraq, Avropanın təhlükəsizliyini təhdid edir. Qərb anlayır ki, Rusiya ona ediləcək güzəştlərlə kifayətlənməyəcək və bir müddətdən sonra yeni əraziləri, yeni bölgələri nəzarətinə almaq iddiasına düşəcək və təcavüzkar siyasətini həyata keçirmək üçün yaranmış imkandan tramplin olaraq bəhrələnəcək. Birləşmiş Ştatları isə belə təhlükə gözləmir. Tramp Rusiya ilə sövdələşməyə gedib, diqqətini ABŞ üçün ciddi iqtisadi, siyasi və hərbi rəqib olan Çinə yönəldəcək. Çin həm də texnologiya nəhənginə çevrilməkdədir. Bu məqsədləri Putin də anladığından, Trampdan daha çox güzəştlər qoparmağa çalışır. Rusiya və Ukrayna prezidentləri görüş üçün şərtlərini açıq bildiriblər. Putin müxtəlif bəhanələrlə belə bir görüşdən yayınaraq vaxtı uzadacaq ki, daha çox əraziləri işğal edərək əlini gücləndirsin. Bunun üçün də Trampdan kart-blanş alıb. Məhz Qərb liderlərini da narahat edən indiki durumdur. Düşünürəm ki, Putinə möhlət vermək və ona inanmaq ən böyük yanlışlıqdı".

Dəniz NƏSİRLİ

Chosen
14
baki-xeber.com

1Sources