EN

Çox yox, cəımi bir addım qaldı…

«Qarabağ» 2017-ci ilin yay havasını yenidən geri qaytarır Azərbaycana…

Bir addım qaldı…

Bir həftə sonranı - avqustun 27-sini gözləyək.

Həmin gün «Ferensvaroş»un «tabut»una son mıxı vura bilər «Qarabağ»!

Bakıda, 30 min tərəfdarının gözü önündə.

Budapeştdən 3:1 hesablı qələbə ilə döndü «Qarabağ». Bu, böyük üstünlükdür.

Ancaq…

Primitləşmiş futbol məsəlinin diliylə desək, meydan düz, top yumrudur - gələn həftə hər şey ola bilər, bütün variantlar reallaşmaya açıqdır.

Ehtiyat igidin yaraşığıdır. «Qarabağ»da igidlərin sayı isə nə birdir, nə iki.

Buradakıların hər biri igiddir. Hərəsi özünə görə.

Çünki bu igidlərdən ibarət ordunun başında Qurban Qurbanov var. O isə bir başqa aləmdir.

Təmkinli, sakit tövrünü qoruyub saxlamağa çalışan.

Səbrli olanı Allah sevər. Kim bilməsə də, Qurban Qurbanov yaxşı bilir bunu.

Həmişəki qaydada hazırlaşmaq yetərli olmaya bilər. Bir qədər də diqqətli olmaları lazım gələcək.

«Ferensvaroş» çox qəzəblidir. Dünənki hesab Robbi Kini dəli edib.

Stanislav Çerçesovun taleyini yaşamaq qorxusu onu Budapeştdə haldan-hala saldı. Bakıya qisas hissi ilə gələcək - özü də, komandası da.

Doğrudan da, «Qarabağ» Macarıstan paytaxtında mühüm, nəhəng iş gördü.

Futbolu yerlərdə sürünən bir ölkədən belə bir komandanın çıxarması…

Onu çıxarmaq…

Avropanı titrətmək…

Bayıltmaq…

Bunu bacaran, bacaracaq, bacara biləcək bir adam var - o da Qurban

Qurbanovdur. Günümüzün gerçək bir qəhrəmanından danışası olsaq, o da Qurban Qurbanovdur.

«Ferensvaroş» 3 il əvvəlki hadisənin (1:3-lük oyunun) şokunu başından ata bilməmiş, daha bir «soyuq duş» aldı «Qarabağ»dan. Revanş almaq istəyərkən, daha bir ağır yara aldılar.

Hər şey 12-13 dəqiqənin içində, fasilədən sonra dəyişdi. İlk yarıda qol fürsətlərini dəyərləndirə bilməyən «Qarabağ» ikinci hissədə «ürəyini boşaltdı».

Qurban Qurbanovun paltardəyişmə otağında bir neçə dəqiqəlik çıxışından vəcdə gəlmiş futbolçuların meydanda etdikləri, sadəcə, heyrətamizdir!

Kinin qışqır-bağırı özünə qaldı, komandası «Qarabağ»ın qarşısında aciz idi: iki epizodu çıxsaq, Mateuş Koxalskini narahat etməyi bacarmadılar.

MUSA

Chosen
11
sportinfo.az

1Sources