Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan, Çin və Pakistan xarici işlər nazirlərinin üçtərəfli dialoquna dair altıncı sessiya keçirilib.
Bu barədə "Report" Əfqanıstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Məlumata əsasən, müzakirələrin əsas mövzusu siyasi, iqtisadi və tranzit sahələrində əməkdaşlığın gücləndirilməsi olub.
Əfqanıstan XİN başçısı Əmir Xan Muttaki qeyd edib ki, regionda qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açılır və son dörd ildə ticarət, investisiya və regional bağlılıq layihələrində hiss olunacaq irəliləyişlər əldə edilib. Onun sözlərinə görə, üç ölkənin iqtisadi potensialından maksimum şəkildə səmərəli istifadə edilməli və bu, digər problemlərlə əlaqələndirilməməlidir.
Çinin xarici işlər naziri Vanq İ rəsmi Pekinin Kabillə münasibətlərinin inkişaf etdiyini bildirib və bir çox sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib. O, həmçinin Əfqanıstan və Pakistan arasında diplomatik nümayəndəliklərin səfir səviyyəsinə qaldırılmasını müsbət qiymətləndirib.
Pakistan XİN başçısı İshak Dar isə görüşün əhəmiyyətini vurğulayıb və bunu əməkdaşlığı dərinləşdirmək üçün yaxşı fürsət adlandırıb. O, Əfqanıstan və Pakistan arasında münasibətlərin müsbət dinamikasını qeyd edib və gələcək irəliləyişlərə ümidvar olduğunu ifadə edib.
İclasın yekununda tərəflər üçtərəfli formatın davam etdirilməsinə və qarşılıqlı əlaqələrin genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.