İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri Tehranda Zəngəzur dəhlizi ilə bağlı narahatlıqları qismən azaldacaq.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Baş məsləhətçisi Məsiağa Məhəmmədi deyib.
O, Pezeşkianın İrəvana səfərinin Vaşinqton görüşündən az sonra baş tutmasının təsadüfi olmadığını qeyd edib:
“Fikrimcə, Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqton görüşü və həmin görüşdə əldə olunan razılaşmalar bu səfərin gerçəkləşməsini sürətləndirdi. Başqa sözlə, İran prezidentinin İrəvana səfərinin Vaşinqton görüşündən az sonra baş tutması heç də təsadüfi deyil”.
M.Məhəmmədi bildirib ki, Vaşinqtonda Zəngəzur dəhlizi (“Tramp marşrutu”) barədə razılığın əldə olunması və həmin yolun 99 illiyə ABŞ şirkətinin idarəetməsinə verilməsinə dair xəbər İranda ciddi reaksiyalar doğurub:
“Bundan əvvəl Zəngəzur dəhlizi ilə bağlı İranda gedən müzakirələr daha qızğın xarakter alıb. Konkret desək, Zəngəzur dəhlizi ABŞ-nin İranla bağlı gizli planlarının tərkib hissəsi kimi qələmə verilməyə başlayıb, bu kontekstdə bir çox iddialar irəli sürülüb, ssenarilərdən bəhs olunub. Əlbəttə, Pezeşkian hökuməti ictimai rəyə təlqin edilən bu narahatlığı nəzərə almalı olub. Lakin İran Prezidenti hələ Vaşinqton razılaşmasından öncə Zəngəzur dəhlizi ətrafında bu qədər ajiotajın yersiz olduğunu və məsələnin mediada şişirdildiyini bəyan etdiyi üçün tənqidlərə də məruz qalmışdı”.
Siyasi şərhçi Vaşinqton razılaşmasından dərhal sonra Məsud Pezeşkianla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığının baş tutduğunu xatırladıb:
“Həmçinin iki ölkənin xarici işlər nazirləri, daha sonra Təhlükəsizlik Şuralarının katibləri arasında telefon danışıqları oldu, eləcə də Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Tehrana gedərək orada bir sıra görüşlər keçirdi. Bütün bu müzakirələrdə əsas mövzu məhz Zəngəzur dəhlizi və onun İran üçün təhlükə doğurub-doğurmaması idi. İranın xarici işlər naziri Abbas Əraqçinin Kostanyanla danışıqlardan sonra verdiyi açıqlamadan aydın oldu ki, İrəvan Tehranın Zəngəzur yolu ilə bağlı narahatlığını, əsasən, aradan qaldıra bilib. Ancaq İran hakimiyyətinin digər qanadlarını təmsil edən fiqurlar, o cümlədən İran ali rəhbərinin müşavirləri Əli Əkbər Vilayəti və Kamal Xərrazi, parlamentin bir sıra deputatları və mediada fəallıq göstərən müxtəlif ekspertlər “ABŞ təhlükəsi”nin ciddiliyi haqda fikirlər səsləndirməyə ara vermirlər”.
Ekspert hesab edir ki, İran Prezidenti məhz ölkə daxilində hökm sürən bu atmosferin təsiri ilə yuxarıda toxunulan məsələləri yerində müzakirə etmək üçün İrəvana gedib:
“Təsadüfi deyil ki, İran dövlət televiziyasında Pezeşkianın Paşinyanla təkbətək görüşünün əvvəldən nəzərdə tutulduğu kimi 20 dəqiqə deyil, iki saat davam etdiyi bildirilib. Sözsüz ki görüşün bu qədər uzanmasının başlıca səbəbi Zəngəzur dəhlizinin yaradacağı mümkün şəraitin detallı müzakirəsi olub. Bu baxımdan, Pezeşkianın Ermənistana səfəri həm də İranın siyasi elitasına ünvanlanan mesaj kimi qiymətləndirilə bilər. Hər halda, Pezeşkianın İrəvana səfərindən sonra İranda Zəngəzur dəhlizi ilə bağlı narahatlığın, o cümlədən hökumətə yönələn tənqidlərin nisbətən azalacağını düşünmək olar”.
M.Məhəmmədinin fikrincə, son proseslərin fonunda İranın regionda siyasi aktivliyini artırmağa çalışacağını gözləmək olar.