EN

Kevin Medina: “Meydana hesabın 0:0 olduğunu düşünərək çıxmalıyıq” - MÜSAHİBƏ

“Qarabağ”ın kolumbiyalı futbolçusu Kevin Medinanın Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferentsvaroş” klubu ilə keçirdikləri ilk görüşlə (3:1) bağlı matc.az-a müsahibəsi

- “Ferentsvaroş”la ilk qarşılaşmanı necə dəyərləndirirsiniz?

- Sözün əsl mənasında çox çətin oyun oldu. "Ferentsvaroş" doğma azarkeşlərinin qarşısında ev sahibi olduğunu sübut etməyə çalışırdı. Birinci hissədə meydanda güclü mübarizə getdi. Rəqib meydanda çox qaçdı, istədiklərini həyata keçirməyə çalışdı. Bu, bəzən onlarda alındı. Biz də ilk yarıda tapşırıqlar bəzən düzgün icra etdik, bəzən də alınmırdı. Rəqibin təhlükə yaratdığını görürdük. Birinci hissəni məğlub başa vurduq. İkinci yarıda bizə verilən tapşırıqları tam istədiyimiz kimi həyata keçirdik və geridönüş edə bildik. "Ferentsvaroş" kimi rəqibi öz meydanında 3:1 hesabı ilə məğlub etmək həm xoşdu, həm də çətin tapşırıqdı. Cavab görüşü öncəsi bu qələbə yerinə düşdü.

- Rəqibin sürətli hücumları sizə nə dərəcədə çətinlik yaradırdı? Buna hazır idiniz?

- Əlbəttə hazır idik. Çünki həftə ərzində rəqibi təhlil etmişdik. Onların necə hücum qurmaları haqda məlumatımız var idi. Hücuma çıxmağı mükəmməl şəkildə yerinə yetirirdilər. Buna hazır olsaq da, bəzən alınmırdı. Buraxdığımız qol da bunun nəticəsi idi. Amma ikinci hissədə vəziyyəti xeyrimizə dəyişə bildik.

- "Ferentsvaroş"a qol vurdunuz. Hissləriniz necədir?

- Qol vurmaq həmişə xoşdu. Hələ müdafiəçi üçün ikiqat xoşdu. Bizim işimiz daha çox qapımızın toxunulmaz saxlanılması ilə bağlıdı. Qol vurmaq həmişə adama əlavə sevinc verir. "Ferentsvaroş"la matçı mənim üçün özəl edən səbəblərdən biri də həmin gün qızımın ad günü idi. Vurduğum qolu qızıma həsr elədim. Qızımın doğum günündə qələbəyə töhfə vermək ikiqat sevinclidi.

- Səfərdə inamlı qələbə qazandınız. Cavab oyunu üçün böyük üstünlük əldə etmisiniz. Deyə bilərik ki, Çempionlar Liqasının Liqa mərhələsi çox yaxındadır?

- Belə rəqibi səfərdə məğlub etmək çox çətindir. Bu, həqiqətən vacib qələbədi, dəyəri çox böyükdü. 3:1 hesabından sonra düşünürsən ki, Çempionlar Liqasının Liqa mərhələsi çox yaxındadır. Amma qətiyyən arxayınlaşmaq olmaz. Səfərdəki matçdan daha ciddi olmalıyıq. Həftə ərzində oyuna yaxşı hazırlaşmalıyıq ki, səhvlərimiz daha az olsun. "Ferentsvaroş" ciddi rəqibdir. Bakıda bizi ən azı 100 dəqiqəyə yaxın mübarizə gözləyir. Ona görə də cavab görüşünə ciddi hazırlaşmaq lazımdı. Ümid edirəm ki, həmin oyunu da müsbət nəticə ilə başa vurarıq. Ondan sonra Liqa mərhələsi haqda rahat danışmaq olar. Hələlik yalnız cavab matçına köklənməliyik.

- 3 il öncəki "Ferentsvaroş"la indiki komandanı necə müqayisə edərdiniz? Hansı daha güclü idi?

- Müqayisə aparmaq mənim üçün bir az çətindir. Heyətdə böyük dəyişikliklər var, baş məşqçi dəyişib. Fəlsəfə, sistem başqadı. Dəyişməyən tək şey hesab oldu. 3 il əvvəl də 3:1 hesabı ilə qalib gəlmişdik.

- Bakıdakı matçda şansları necə dəyərləndirirsiniz?

- Bakıda oynamaq həmişə xoşdur. Evdə, azarkeşlərin qarşısında oynamaq üstünlük verir. Çünki onlar komandanı irəli səsləyirlər. Azarkeşlər və futbolçular bir olmalıyıq. Meydana hesabın 0:0 olduğunu düşünərək çıxmalıyıq. Bilirəm ki, bütün Azərbaycan "Qarabağ"ın Liqa mərhələsinə yüksəlməyini arzulayır.

- Cavab oyunu öncəsi azarkeşlərə sözünüz var?

- "Şkendiya" ilə matçdan sonra demişdim ki, azarkeşlər bizi gözləsinlər, gəlirik. Yenə eyni şeyi demək istəyirəm. Macarıstana yaxşı nəticə qazanmaq üçün getmişdik. 3:1 hesablı qələbə qazandıq. Azarkeşlərdən xahişim budu ki, Bakıdakı oyunda stadionu doldursunlar. Bu, tarixi andır. Çempionlar Liqasının liqa mərhələsinə bu qədər yaxınıq. Onlar gəlib bizi dəstəkləsinlər, bu tarixin bir parçası olsunlar. Azərbaycan əsl döyüşçülər, qladiatorlar ölkəsidir, daha bir döyüşü bir yerdə qazanmalıyıq.

İdman.biz

Chosen
29
1
idman.biz

2Sources