Şəhidlərin ziyarətində geyim və davranış qaydaları tətbiq olunacaq? — AÇIQLAMA
"Son hadisələrdən sonra ictimaiyyət arasında şəhidlərin ziyarəti ilə bağlı həssaslıq daha da artıb. Millət vəkillərinin çıxışlarında da bu mövzuya xüsusi diqqət yetirilir".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
O, bildirib ki, istər 20 Yanvar, istər Qarabağ müharibəsi şəhidləri xalqımızın milli qürur və iftixar yeridir:
"Bu səbəbdən də onların xatirəsini ziyarət edərkən müəyyən qaydaların tətbiqi zəruri hesab olunur.Necə ki, insanlar ibadət yerlərinə daxil olduqda ehtiramla davranır və geyimlərinə diqqət yetirirlər, eləcə də şəhidlərimizin məzarlarını ziyarət edən hər kəs səliqəli və ədəb-ərkanla hərəkət etməlidir. Bu, yalnız davranışda deyil, həm də geyim tərzində özünü göstərməlidir. Təsadüfi və uyğunsuz geyimlərlə belə bir ziyarəti həyata keçirmək düzgün deyil".
Ekspert bildirib ki, şəhidlərin məzarını ziyarət edən istənilən şəxs – vətəndaş, turist və ya qonaq mövcud qaydalara əməl etməlidir:
"Çəkilişlər zamanı da səliqə və hörmət prinsiplərinə riayət olunmalıdır. Cəmiyyətin həyat tərzi dəyişsə də, gənclərin və yeniyetmələrin də bu həssas məsələyə diqqətlə yanaşması vacibdir".
Onun sözlərinə görə, milli qürur yerimiz olan şəhidlərin anım məkanına edilən hər bir ziyarət yüksək hörmət, səliqə və ədəb-ərkanla müşayiət olunmalıdır:
"Bu, həm dövlətin, həm də xalqımızın şəhidlərə ehtiramının ən bariz göstəricisidir".
Qeyd edək ki, şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqi təklif olunur.
Əfsanə Kamal
Demokrat.az