EN

Ziyafət Əsgərov: Azərbaycan və erməni xalqları buradan köçüb gedəsi deyil - MÜSAHİBƏ

BAKI, 20 avqust. TELEQRAF

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan erməni xalqına müraciətində Azərbaycanla sülh şəraitində yaşamağın vacibliyini qeyd edib. Verilən bu mesajların effektivliyini necə dəyərləndirmək olar?

- Əslində indi Ermənistan tərəfi də anlamağa çalışır ki, sülh şəraitində yaşamaq çox yaxşıdır. Erməni xalqına müraciətində Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu etiraf etdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistana təklif etdiyi prinsiplərdə bu amillər önə çəkilmişdi. Təəssüf ki, erməni tərəfi uzun müddət sülh prosesini manipuliyasiya etməklə məşğul oldu. Amma sonda Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldular.

Bu mənada avqustun 8-də ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər, əldə edilən nəticələr elə-belə başa gəlməyib. Bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin mühüm rolu olub. Nəhayət, Ermənistan da bunu anlamağa başlayıb.

Erməni tərəfinin Azərbaycanın prinsiplərini qəbul etməsi çox yaxşı haldır. Çünki sülh bu gün bölgə üçün ən başlıca amildir. Nə erməni, nə də Azərbaycan xalqı bölgədən keçib gedəsi deyil. Coğrafi taleyimizin diktəsi budur, biz qonşu kimi yaşamalıyıq.

- Sülh üçün yeganə maneə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır. Həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı Vaşinqtonda əldə edilən razılaşmalar var. Hər iki məsələdə qarşı tərəfin adekvat davranışları ilə bağlı proqnozlar nədən ibarətdir?

- Ermənistan tərəfi konstitusiya dəyişikliyi ilə bağlı şərti icra etməlidir. Çünki onun başqa yolu yoxdur. Zəngəzur dəhlizinin açılması ilə bağlı da rəsmi İrəvan üzərinə öhdəlik götürüb. Bu ayın 26-də Ermənistanda vacib bir tədbir keçiriləcək.

Diplomatların iştirakı ilə təşkil olunan tədbir Zəngəzur dəhlizinin keçəcəyi bölgəyə yaxın əraziyə düşür. Burada dəhlizlə bağlı vacib mesajların veriləcəyi gözlənilir.

- Azərbaycan üçün bu tarixi proseslərin əhəmiyyəti nədən ibarətdir?

- Vaşinqtonda avqustun 8-də əldə edilən siyasi-diplomatik zəfər 2020-ci ildəki 8 noyabr zəfərinin davamı idi. Bundan sonra Ermənistanın sülhlə bağlı üzərinə düşən vəzifələrin zamanla icra ediləcəyinə artıq şübhə qalmayıb. Çünki proseslərin gedişini bunu tələb edir. Artıq yeni reallığa qarşı çıxmaq mümkün deyil.

Chosen
36
1
teleqraf.com

2Sources