EN

Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar – REPLİKA

Xəstənin üstündə qılınc-qılınc oynayan “həkim”in görüntüsü iki gündür ölkə gündəmini zəbt edib. “Həkim” Abdullayeva Gülbədə Əlqismət qızı narkoz altında olan xəstənin lüt, çılpaq videosunu yayaraq əməliyyat edərkən həmkarı ilə “qılınc-qılınc” oynayırmış. Sən demə, hər əməliyyat zamanı xəstəni kəsib doğramazdan öncə iş yoldaşları ilə qılınc döyüşünə çıxırmış. Döyüşəndən sonra xəstəni qoyun kəsər kimi kəsən həmin “həkim”in, əslində, əməliyyatın keçirildiyi “DOST Estetik Mərkəzi”ndə deyil, “UĞUR Estetik Mərkəzi777” adlanan məkanda çalışdığı məlum olub.

Bir az araşdıranda “UĞUR Estetik Mərkəzi777” haqqında qandonduran hadisələrlə rastlaşmaq olur.

Dövri mətbuatda dərc edilən xəbərlərin birində iddia edilir ki, fəaliyyət göstərmək üçün lisenziyası olmayan bu mərkəzdə bir vaxtlar pasientlərdən biri etdirdiyi əməliyyatdan narazı qaldığı üçün mərkəzə şikayətə gəlmiş, əməliyyat zamanı xəstələrə narkotik maddə tərkibli müalicə yazıldığını iddia etmişdi. Bunu eşidən mərkəzin direktoru təcili şəkildə müştərini susdurmaq üçün ona hücum etmiş, mübahisənin getdiyi koridorda dayanan digər əməkdaşlara da “vurun” əmri vermişdi. Toplu şəkildə pasienti döyən direktor bununla yetinməyib ərini söhbətə “kurs” etmiş, əri isə ona polisə şikayət edəcəyi təqdirdə, qanında əməliyyatdan sonra təmizlənməyən narkotik maddə olduğu haqqında şikayət edəcəyini və onu həbs etdirəcəyini bildirmişdi.

Əgər bu iddialar doğrudursa, həmin mərkəzin əməkdaşının başqa mərkəzdə əməliyyat zamanı həmkarı ilə “qılıncoynatma” yarışı keçirməsi heç də təəccüblü gəlmir. Görünən odur ki, mərkəz həkim deyil, lotu dəstəsi yetişdirir. Xəstəni etiraz etdiyi üçün döyən müdir, müdirin əmri ilə xəstəni döyən işçilər, əməliyyat zamanı bıçaqla döyüş səhnəsi yaradan və xəstəni qoyun kimi kəsən əməkdaş. Qəribədir, bu mərkəzi bir az daha araşdırsaq, daha nələr çıxacaq, çox maraqlıdır… Film kimi estetik mərkəzi. Hələ adını estetik qoyublar, amma estetikadan xəbərləri yoxdur.

Həzərat, qayıdaq mövzumuza. Bu əməliyyata deyil, döyüşə hazırlaşan “həkim”ə səhiyyə naziri nə cavab verəcək, görəsən? Mətbuat konfranslarında genələ-genələ danışan, ağır təbiətli məmur kimi pozlar verən Teymur Musayev səhiyyə ocaqlarında belə biabırçı hadisələr zamanı ortalıqda görünmür – sanki başqa ölkənin səhiyyəsində baş verir belə hallar. Başqa ölkələrdə, əsasən də Avropada bu kimi hallar 2-3-cü dəfə təkrarlandıqda, səhiyyə naziri istefa verir. Bizdə isə səhiyyə naziri növbəti konfransa qədər ilim-ilim itir, ölkədə belə bir qurum olduğunun varlığını hiss etdirmir. Biz isə gözləyək, növbəti mətbuat konfransında cənab nazir əyləşib ağır təbiətli pozlar verərkən, bəlkə hansısa jurnalist artıq ona bu sualı verər?

Biz isə səhiyyə nazirini işini görməyə dəvət edirik. Rəhbəri olduğu qurumun niyə yerlərdə süründüyünə açıqlama versin, nazirliyi niyə bu hala saldığını açıqlasın. Niyə ölkədə Səhiyyə Nazirliyinin mərkəzləri, xəstəxanaları var ikən xalqın sağalmaq üçün diyar-diyar gəzdiyini açıqlasın. Hələlik bu qədər…

Yenicag

Chosen
24
editor.az

1Sources