EN

Sosial şəbəkələrdəki bəzi təhlükəli trendlər mənəviyyata zərər vurur PSİXOLOQ FOTO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Son zamanlar sosial şəbəkələrdə gənclər arasında təhlükəli hərəkətlərin əks olunduğu videoların paylaşılması artıb.

Avtosfer.az xəbər verir ki, bu videolarda gənclərin yüksək mərtəbələrdən asılı vəziyyətdə şəkil çəkməsi, hərəkətdə olan avtomobillərin üstündə durması və ya küçələrdə təhlükəli davranışlar sərgiləməsi müşahidə olunur. Təəssüf ki, bu cür görüntülər izlənmə və “like” xatirinə paylaşılır, lakin nəticədə gənclərin həyatına da birbaşa təhlükə yaradır.

Mütəxəssislər bildirirlər ki, belə paylaşımlar həm sosial məsuliyyətsizliyi artırır, həm də gənclər arasında yanlış nümunə formalaşdırır. Digər tərəfdən, ictimai təhlükəsizlik və mənəvi dəyərlərə də zərbə vurur. Bu cür “trend”lərin qarşısının alınması üçün həm valideynlərin, həm də müvafiq qurumların ciddi nəzarəti vacibdir.

Bəs gənclər arasında “trend” halına gələn təhlükəli videolar ictimai mənəviyyata necə təsir edir?

Mövzu ilə bağlı psixoloq Nərmin Ağayeva Avtosfer.az-a açıqlamasında bildirib ki, son illər sosial şəbəkələrdə gənclər arasında təhlükəli videoların “trend” halına gəlməsi ciddi narahatlıq doğurur:

“Belə paylaşımlar gənclərin düşüncə tərzinə və ictimai-mənəvi dəyərlərə birbaşa təsir göstərir. Təhlükəli və zərərli davranışlar sosial şəbəkələrdə populyarlaşdıqda, gənclərin beynində “bu, normaldır, hamı edir” təsəvvürü formalaşır. Şüuraltı olaraq risk almaq qəhrəmanlıq və ya populyarlıq forması kimi qəbul edilə bilər. Bu isə normal davranış qaydalarının pozulmasına və təhlükəli hərəkətlərin adi hal kimi görünməsinə gətirib çıxarır.

Digər tərəfdən, ənənəvi mənəvi dəyərlər – hörmət, məsuliyyət, başqasına və özünə zərər verməmək prinsipləri arxa plana keçir. Əvəzində isə “məqsəd izlənmək və məşhurlaşmaqdır” düşüncəsi ön plana çıxır. Bu, ictimai-mənəvi sistemdə ciddi boşluqlar yaradır və dəyərlərin deqradasiyasına səbəb olur”.

Psixoloqun fikrincə, yeniyetmələrdə təqlid mexanizmi daha güclüdür:

“Onlar gördükləri davranışları asanlıqla təkrar etməyə meyllidirlər. Bu cür videolar isə həmin təqlid prosesini aktivləşdirir və nəticədə riskli davranışların sayı artır. Bu, təkcə fərdi həyatlara deyil, həm də ictimai təhlükəsizliyə zərər vurur.

Beləliklə, təhlükəli videolar gənclərin şüurunda mənəviyyatın mahiyyətini zəiflədir, təhlükəli davranışları cəlbedici göstərir və kollektiv dəyərlərin deqradasiyasına yol açır. Uzunmüddətli perspektivdə isə bu proses cəmiyyətin sağlam psixoloji mühitinə və mənəvi bütövlüyünə ciddi zərbə vurur”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
avtosfer.az

1Sources