2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 302,2 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, toxuculuq sənayesində illik artım 27,5 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 20,3 faiz təşkil edib. Geyim istehsalı 38,3 faiz azalıb.
Ayrı-ayrı istiqamətlərdə mənzərə fərqlidir. Pambıq ipliyi istehsalı 11,1 min ton (+24,5 faiz), parça istehsalı 17,3 milyon kv. m (+18,7 faiz) olub. Pambıq mahlıcı isə təxminən üçdəbir artaraq 47,7 min tona (+32,1 faiz) çatıb. Xalça və xalça məmulatları istehsalı 1,9 min kv. m həcmində qeydə alınıb ki, bu da ötən ildən 5 faiz azdır.
Geyim seqmentində 394,9 min ədəd üst geyimi (+0,5 faiz) və 889,8 min ədəd alt geyimi (+58,2 faiz) istehsal olunub. Digər istiqamətlər üzrə azalma müşahidə olunub.
Ayaqqabı istehsalı da müsbət dinamika göstərib: 490,5 min cüt (+7 faiz). Emal edilmiş dərinin istehsalı 2,2 dəfə artaraq 34,4 min kv.m çatıb.
Daxili bazarda toxuculuq, geyim və ayaqqabı məhsulları pərakəndə ticarət dövriyyəsində 4,46 milyard manat (+4,6 faiz) təşkil edib. Yanvar–iyul aylarında istehlakçı xərclərinin 12,7 faizi bu malların payına düşüb.