Mən Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılanda əvvəlcə 6 ay o zamanlar “uçebka”, yaxud “serjantşkola” deyilən kursları keçdim, sonra isə əsas xidmətimi keçəcəyim hərbi hissəyə göndərildim.
Bax, həmin hərbi hissəyə gələndə orada təsadüfən bir generalla rastlaşdım.
Ona görə təsadüfən ki, həmin general artıq bizim hərbi hissədə xidmət etmirdi, vəzifəsini böyütmüşdülər, harasa getmişdi və mənim xidmət edəcəyim hərbi hissəyə nəyə görəsə, başqa məqsədlə gəlmişdi və biz rastlaşanda o artıq yola düşürdü.
Generalın soyadı mənə çox qəribə gəldi: Dobeja-Kazarov (yaxud Dobija-Kazarov – ikisindən biri, indi dəqiq xatırlamıram).
Elə qəribə gəldiyinə görə də onunla maraqlanmağa başladım. Köhnə əsgərlərdən, sonralar münasibətim yaranan zabitlərdən, hətta yerli sakinlərdən belə soruşurdum onun haqqında.
Məlum oldu ki, milliyyətcə moldovan və bizim hərbi hissədə ləqəbi “Dobeji do kazarmı” olan bu general 40 yaşlarına qədər kapitan rütbəsində qalıbmış və hərbi karyerasında heç cür irəli gedə bilmirmiş.
Nəhayət elə kapitan mundirində də təqaüdə gedəcəyini anlayan kapitan “Qışlaya qədər qaç” öz arvadını boşayaraq Zaqafqaziya Hərbi Dairəsində çox yüksək vəzifə daşıyan məşhur bir generalın evdə qalmış, artıq gənc olmayan qızı ilə evlənib, təzə qaynatasının da soyadını özününkünə əlavə edib və…
…Və cəmi il yarım ərzində hərbi rütbə pillələri ilə kosmik sürətlə qalxaraq kapitandan general-mayora qədər fantastik yol keçib.
Bunu niyə danışıram?
Müasir Rusiya Silahlı Qüvvələri mənim xidmət etdiyim illərdəki – Qorbaçov dövründəki Sovet SQ-dən daha pis vəziyyətdədir.
Müdafiə Nazirliyinə rəhbərlik edən birinci eşelonda, nazirin özü də daxil olmaqla, altı nəfər çox yüksək rütbəli ali zabitin, ümumiyyətlə, hərbi təhsili yoxdur.
SSRİ dağılandan sonra Rusiya Federasiyasının nəhəng hərbi qüvvələri darmadağın dağıdılıb, ölçüyəgəlməz həcmdə hərbi mülkiyyət satılıb, talan edilib, ən aşağı səviyyədən – yəni liseylərdən başlayaraq ən yüksək səviyyəli akademiyalara qədər hərbi təhsil verən məktəblər ya bağlanıb, ya birləşdirilib, ya da müəllim-professor heyəti qovulub, yaxud xaricə gedib, şəxsi heyət arasında demoralizasiya sürətlə davam edir və s.
Siyahını uzatmaq da olar…
Bir sözlə, Rusiya ordusu bu gün yalnız köhnə ətalət qanunu ilə “qüdrətli” imicini saxlayan, lakin qüdrətin əsər-əlaməti belə qalmayan nəhəng və bacarıqsız insan toplusuna çevrilib və sürətlə də aşınmaqdadır.
Ona görə də Rusiya SQ-nin Ukraynaya qarşı apardığı və bir neçə günə başa çatdırmaq niyyətində olduqları işğalçılıq müharibəsi 3 il 6 aydır ki, davam edir və özlərinin etiraf etdiyi rəsmi versiyaya görə Rusiya tərəfinin insan itkisinin sayı artıq 1 milyonu keçib.
Kərim Kərimli
Yazıçı