Qırğızıstanın su resursları, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini korrupsiyada şübhəli bilinərək ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
"Bakuinfo" Report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
Nazir müavini və nazirliyin baytarlıq xidmətinin direktoru kənd təsərrüfatı heyvanlarının ixracına kvotaların verilməsində korrupsiya sxemi təşkil etdiklərinə görə saxlanılıblar. Şübhəlilərin adları istintaqın maraqları baxımından açıqlanmır.
Qeyd olunub ki, 2025-ci ilin iyulunda Qırğızıstan hakimiyyəti daxili bazarda ətin qiymətlərini tənzimləmək üçün mal-qaranın ixracına kvota tətbiq edib. Lakin saxlanılanlar faktiki olaraq heyvandarlıqla məşğul olmayan tabeliyində olan şəxslərə qanunsuz kvota verilməsi üçün korrupsiya sxemi təşkil ediblər.
Nəticədə vasitəçi sahibkarlar qanunsuz yolla əldə etdikləri kvotanı fermerlərə və mal-qara ixracı ilə məşğul olan fiziki şəxslərə iribuynuzlu mal-qaranın hər vahidini 300 ABŞ dollarına, xırdabuynuzlu mal-qaranın bir vahidini isə 5 min soma satıblar.
Ümumilikdə Qırğızıstanın Cəlal-Abad vilayətindən keçməklə qonşu Özbəkistana qeyri-qanuni yollarla 40 min başdan çox mal-qara ixrac edilib ki, bu da ətin bahalaşmasına səbəb olub. Hazırda cinayət işi çərçivəsində adıçəkilən vəzifəli şəxslər komitənin Cəlal-Abad rayon İstintaq Təcridxanasına yerləşdirilib, araşdırma aparılır.