EN

“Odlar yurdu” 19 ölkəyə neft ixrac edir

7 ayda xarici bazara 14,5 milyon ton neft çıxarılıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 19 ölkəyə 7,7 milyard ABŞ dolları dəyərində 14,5 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 225,5 min ton və ya 1,5 faiz azdır. Hesabat dövründə ölkə üzrə ümumi ixracın 50,31 faizi xam neftin payına düşüb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən 7 ayda ölkəmizdən İtaliyaya 4,2 milyard ABŞ dolları dəyərində 8,4 milyon ton neft ixrac edilib. Bununla da İtaliya, əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın ümumi neft ixracında yenə də birinci olub. Siyahıda ilk üçlüyü isə Çexiya və Xorvatiya tamamlayıb. Belə ki, hesabat dövründə bu ölkələrə müvafiq olaraq 547 milyon 91 min dollar dəyərində 1 milyon 27 min 599,5 ton və 450 milyon 838 min dollar dəyərində 827 min 708 ton neft ixrac olunub.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xam neft və neft məhsulları satdığı digər 16 ölkə isə Portuqaliya, Rumıniya, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan, Niderland, Tailand, İndoneziya, Tunis, İsveçrə, Danimarka, Bolqarıstan, Avstriya, Fransa və Türkiyə olub. Yeri gəlmişkən, Fransa bu il ilk dəfə olaraq ölkəmizdən neft alıb. Ötən ay bu ölkəyə ümumi dəyəri 41 milyon 317 min dollar olan 81 min 702 ton xam neft satılıb.

Bu ilin ötən 7 ayının nəticələrinə əsasən, Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta qiyməti 900 manat təşkil edib. Bu isə 2024-cü ilin eyni dövrünə nisbətən 167 manat və ya 15,7 faiz ucuzlaşma deməkdir. Azərbaycan nefti hesabat dövrünün nəticələrinə görə ən baha qiymətə bir ton üçün 608 dollara (təxminən 1034 manat) Bolqarıstana və 600 dollara (təxminən 1021 manat) İsveçrəyə satılıb. Yanvar-iyul aylarında xam neftin ən ucuz qiymətə satıldığı ölkə isə Böyük Britaniyaya olub. Hesabat dövründə bu ölkəyə xam neftin tonu 463 dollara (təxminən 787 manat) ixrac olunub.

 

Chosen
3
1
xalqqazeti.az

2Sources