EN

"“Nəğmələrdə yaşayan ömür” kitabının III cildi Zəfərin V ildönümünə ithaf olunub" - QHT sədri

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il ölkəmizdə Zəfərimizin V ildönümü münasibətilə bəstəkar Bəhram Nəsibovun yaradıcılığına həsr olunmuş “Nəğmələrdə yaşayan ömür” kitabının III cildi nəşr olunub.

Kitabda bəstəkarın 100 adda marş və mahnısının not yazıları və şeir mətnləri yer alıb. Onlardan 5-i vaxtilə ifa edilib, 95-i isə ilk dəfə təqdim olunur. Nəşr beş bölümdən ibarətdir və hər bölümdə dövlətçilik, vətənpərvərlik, Turançılıq-Türkçülük, məhəbbət və təbiət mövzularında yazılmış əsərlər toplanıb.

Adil Nəsibov qeyd edib ki, bu il həmçinin Bəhram Nəsibovun “Ay dəli ceyran” mahnısının AzTV-nin Qızıl Fondunda müğənni Nəzakət Məmmədovanın ifasında lentə alınmasının 60 illiyi tamam olur. Bundan başqa, bəstəkar yaradıcılığında klassik şairlər Seyid Əzim Şirvani, Əliağa Vahid, Bəxtiyar Vahabzadə ilə yanaşı, bu il yubileyləri qeyd olunan Şah Qasim Ənvar, Məhəmmədhüseyn Şəhriyar, Həmid Abbas, Adil Babayev, Fikrət Qoca, həmçinin türk dünyasının böyük şairləri Hacı Bayram Vəli, Qazi Bürhanəddin, Abay Kunanbayev və italyan şair Cambattista Marino kimi sənətkarların sözlərinə yazılmış mahnılar da yer alıb.

Kitabın elmi redaktoru professor Fərahim Sadıqov, rəyçiləri isə tanınmış incəsənət və ədəbiyyat xadimləridir. Not yazıları sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənliyə aiddir. Nəşr “İmza” Nəşrlər Evi tərəfindən çap olunaraq yaxın günlərdə oxuculara təqdim ediləcək.

Adil Nəsibov onu da əlavə edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş “Konstitusiya və Suverenlik ili” çərçivəsində də yeni layihə həyata keçiriləcək. Belə ki, bəstəkarın Azərbaycançılıq məfkurəsinə xidmət edən “Zəngəzurum”, “Azərbaycan ordusu”, “Ana məktubu”, “Yeniləşən Azərbaycan” və “Tələb eylə” əsərləri orkestr üçün işlənərək toplu şəklində “Ana məktubu” adı ilə nəşrə hazırlanır. Bu toplunun musiqi işləmələrində Əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Atayev və bəstəkar Şahin Qara iştirak edir.

Adil Nəsibovun sözlərinə görə, yeni nəşrlər xalqımızın milli-mənəvi dəyərlərinə, gənclərin vətənpərvər ruhda tərbiyəsinə töhfə verəcək.

 

Pərvanə Fərhadqızı

Chosen
121
qht.az

1Sources