EN

Zəngəzur dəhlizində Rusiya FSB-nin yerində Amerika qüvvələri tam uyğundur...


Türkiyədən keçməklə Azərbaycandan Avropaya və Yaxın Şərqə, Azərbaycan üzərindən keçməklə isə Türkiyədən Mərkəzi Asiyanın qəlbinə aparan Zəngəzur dəhlizi siyasi və iqtisadi coğrafiyaları bir-biri ilə birləşdirir.

Bu dəhliz bir tərəfdən Türkiyə üçün “Turan yolu” vasitəsilə türk dünyasına təhlükəsiz çıxış imkanı verir, digər tərəfdən isə Azərbaycanın enerji resurslarının hazırda fəaliyyət göstərən Bakı–Ceyhan marşrutundan daha ucuz və sürətli marşrutlarla dünya bazarına çıxmasına şərait yaradır. Ekspertlər qeyd edir ki, ABŞ bu dəhliz vasitəsilə Cənubi Qafqazda yeni geostrateji nizam qurmağa başlayır.

Rusiyanın “Vesti Kavkaza” nəşri isə yazır ki, dəhlizlə bağlı proseslər getdikcə daha maraqlı müstəviyə daxil olur. Nəşr belə bir sual qoyur ki, Zəngəzur dəhlizinin regional təsirləri hansılardır və bundan kimlər faydalanacaq? Bu xüsusda qeyd edilir: “Bu sualın cavabını öyrənmək üçün Amerika Birləşmiş Ştatlarının özündən başlamaq olar, çünki Zəngəzur dəhlizi layihəsinin yenilənməsinin təşəbbüskarları və onun həyata keçirilməsində vasitəçi məhz amerikalılardır. Əgər 2020-ci ildən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında əsas vasitəçilik mübarizəsi Avropa ilə Rusiya arasında gedirdisə, o zaman finiş xəttində Bakı və İrəvanın ikitərəfli əsasda təmasda olması qərarından və sülh müqaviləsinin mətni üzrə razılaşmadan sonra Donald Tramp nəinki sülh prosesinin içinə girə bildi, hətta təşəbbüsü də öz əlinə ala bildi. Nəticədə o, ABŞ-ın 99 il ərzində Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizinə nəzarət etmək hüququna nail olub. Hətta Zəngəzur dəhlizinin yeni adı “Sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) “Oval kabinet”in 47-ci sahibinin təntənəsi haqqında danışır.

Bakını həm də Zəngəzur dəhlizinin yeni variantı kontekstində qalib adlandırmaq olar, çünki Azərbaycan Ermənistanın 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda qeyd olunduğu kimi Naxçıvanla maneəsiz əlaqə yaratmaq öhdəliyini yerinə yetirməsinə nail olub. Son vaxtlara qədər Nikol Paşinyan hər dəfə bu mövzunu inkar edirdi və hər dəfə bu sözü eşidəndə “ürpəşirdi”. Amma Tramp öz vasitəçilik xidmətlərini təklif edəndə Ermənistanın baş naziri razılaşdı və beləliklə, Azərbaycanın Naxçıvanla çoxdan gözlənilən və 30 ildən artıqdır kəsilən quru əlaqəsini əldə etmək perspektivi daha aydın oldu. Burada qeyd etmək vacibdir ki, Azərbaycan Zəngəzur dəhlizinin təhlükəsiz istismarının necə və kimlər tərəfindən təmin olunacağına böyük ölçüdə biganə idi, əsas odur ki, layihə Azərbaycanın bir bölgəsindən digərinə hərəkət edən Azərbaycan nəqliyyatında gömrük və sərhəd nəzarətinin olmaması ilə bağlı ilkin şərtlərə uyğun həyata keçirilib. Trampın təklifində Naxçıvanla maneəsiz əlaqənin faktiki olaraq Ermənistan tərəfindən təmin ediləcəyinə dair təminatlar var. Ermənistanın baş naziri Donald Trampla danışıqlar apararkən, ikitərəfli və üçtərəfli sənədlər imzalayanda Ağ Evdə sevincini gizlətməyib. Nikol Paşinyanın emosiyalarını bir kənara qoysaq, qeyd etmək yerinə düşərdi ki, rəsmi İrəvan əvvəlcə suverenliyin üçüncü tərəfə verilməsi perspektivindən narahat idi - Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin ekstraterritorial statusuna imkan vermək istəmirdi və onların bu nəqliyyat marşrutuna nəzarət hüququnu təmin etmək istəyirdi. TRIPP ilə bağlı hələ tam aydınlıq yoxdur, lakin Amerika mediasından belə çıxır ki, layihənin yenilənmiş variantı dəmir yolları, enerji boru kəmərləri və fiber optik xətlər çəkəcək Amerika konsorsiumuna nəqliyyat marşrutu boyunca torpaqların icarəyə verilməsindən ibarətdir. Qərbə istiqamət götürmüş şəxsən Paşinyan üçün 2020-ci ilin Üçtərəfli Bəyanatında qeyd olunduğu kimi, marşrutun Rusiya tərəfindən idarə edilməməsi vacib idi və FSB əvəzinə Naxçıvan yolunda Amerika strukturlarının işləməsi variantı ona tam uyğun gəlir. Türkiyənin mövqeyini müzakirə etməyin xüsusi mənası yoxdur, çünki onun Zəngəzur dəhlizi layihəsindəki maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür, yeganə fərq odur ki, Ankara Naxçıvan və Ermənistanın Sünik bölgəsi vasitəsilə Mərkəzi Asiyanın türkdilli ölkələrinə ikinci çıxış əldə edəcək (birincisi, Gürcüstan ərazisindən keçən Bakı-Tiflis-Qars dəmir yoludur). “Tramp marşrutu” Çinin “Yeni İpək Yolu” layihəsinə inteqrasiya olunduğundan, iqtisadi baxımdan Türkiyə də Azərbaycan kimi Avropa və Çin qarşısında kozırlarını gücləndirə biləcək. Ermənistana qayıdaraq qeyd edək ki, iki qonşu türkdilli ölkədən fərqli olaraq, o, üç onillikdir ki, regional nəqliyyat layihələrindən kənarda qalıb və indi tranzit ölkəyə çevrilə bilər. TRIPP-in İran üçün nəticələrini də maraqlıdır. Mühafizəkarlar layihəni milli maraqlara təhdid kimi gördüklərini və indi daha çox amerikalıların İran sərhədində olmasından narahat olduqlarını deyirlər. İran Ermənistandakı layihənin kommersiya xarakterli olduğuna inanmır və ABŞ agentlərinin Sünik bölgəsinə göndəriləcəyini gözləyir. İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti hətta “Tramp marşrutu”nu “muzdlular qəbiristanlığına” çevirməklə hədələyib. İran prezidenti Məsud Pezeşkian Trampa daş atsa da, sərmayə və xoş niyyət adı altında Qafqazda ABŞ-ın hegemonluğa can atdığını desə də, vurğulayıb ki, reallıqda vəziyyət Tehran üçün o qədər də dramatik deyil. Pezeşkian nüvə danışıqlarının uğuruna və Qərbin sanksiyalarının ləğvinə ümidini itirmir, həmçinin İran-Azərbaycan əlaqələrini yaxşılaşdırmağa çalışır. Ermənistan xarici işlər nazirinin müavininin Tehrana səfərindən sonra İranın xarici işlər naziri Abbas Əraqçi açıq şəkildə bəyan edib ki, Ermənistan İranı “qırmızı xətlərinə” hörmətlə yanaşılacağına inandıra bilib. Ümumiyyətlə, amerikalıların artıq ABŞ bazaları ilə əhatə olunmuş İranın başqa bir sərhədində peyda olması İranın Vaşinqton və Təl-Əvivlə qarşıdurmada mövqeyini zəiflədir. Vəziyyətin ironiyası ondan ibarətdir ki, əvvəllər İran rəhbərliyi Zəngəzur dəhlizi layihəsini irəli sürdüyünə görə Azərbaycana qarşı ittihamlar səsləndirirdi, lakin ənənəvi olaraq İran tərəfindən dəstəklənən Ermənistan İran sərhədlərinə geosiyasi düşmənlər göndərir. Tehranın burada Bakıya qarşı heç bir iddiası ola bilməz, çünki yeni formada “Tramp marşrutu” sırf erməni-amerikan layihəsidir. Ermənistanın Rusiya xüsusi xidmət orqanlarına Zəngəzur dəhlizinə nəzarətin verilməsi ilə bağlı öhdəliklərindən əl çəkməsi, şübhəsiz ki, Rusiyanı narazı salır. Bu, Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın birgə imzaladığı müqavilənin pozulmasıdır. 2020-ci il Üçtərəfli Bəyanatın qalan bəndləri yerinə yetirildi və Moskvada məyusluq daha da artdı ki, İrəvan Sünik bölgəsindəki yollara nəzarəti Amerika şirkətlərinə verməyi seçdi. Bununla belə, Zəngəzur dəhlizinin TRİPP-ə çevrilməsi Rusiyanın həyati maraqlarına nə dərəcədə təsir edir? Dəhliz Rusiyanın Ermənistanla əlaqəsini kəsmir, üstəlik, Naxçıvandan İrəvana dəmir yolu bərpa olunanda birbaşa dəmir yolu xidməti göstərmək mümkün olacaq. Həmçinin, “Tramp marşrutu” alternativ “Şimal-Cənub” qoluna çevrilə bilər, çünki Azərbaycan Naxçıvanın Culfasından İranın Təbrizinə qədər dəmir yolu əlaqəsini saxlayıb və Ermənistanın Sünik bölgəsində yolun istifadəyə verilməsindən sonra Rusiya yük qatarları İrana rahat gedə biləcək. Təbii ki, Ermənistanın qərbyönlü kursunu nəzərə alsaq, ABŞ-ın Cənubi Qafqazda mövcudluğunun artması Rusiya üçün risklər yaradır. Əvvəllər bu kurs Gümrüdəki 102-ci Rusiya hərbi bazası və FSB sərhədçilərini Türkiyə və İran sərhədlərində saxlamaqla balanslaşdırılmışdı, lakin Paşinyan tədricən sonuncudan xilas olur. Əgər əvvəllər söhbət Moskva ilə İrəvan arasında münasibətlərdə yalnız ikitərəfli sürtünmədən gedirdisə, indi regionda qeyri-regional qüvvələrin mövcudluğu artır. Putin və Tramp yəqin ki, konsensus tapıb Ermənistanla bağlı “Astana sazişi”nin bu və ya digər variantı üzərində razılaşa bilərlər, lakin Tramp üç ildən bir qədər çox prezident olacaq və çətin ki, ABŞ yaxın gələcəkdə Rusiyaya geosiyasi rəqib olmaqdan əl çəksin.

Bununla belə, Rusiyadakı yüksək rütbəli məmurların şərhlərinə əsaslansaq, Moskva soyuqqanlılığını qoruyur və hətta manevr imkanlarının daralması fonunda Ermənistan-Azərbaycan nizamlanmasının irəliləyişindən öz mənfəətini əldə etmək üçün imkanlar axtarır. Baş nazirin müavini Aleksey Overçuk yaxın vaxtlarda iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyalar çərçivəsində erməni və azərbaycanlı həmkarları ilə görüşlər keçirəcək. Onun sözlərinə görə, Rusiya “Tramp marşrutu”nun yaradılmasında Ermənistanı dəstəkləyə bilər. Öz9 növbəsində Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu nüansların nədən ibarət olduğunu açıqlayıb: söhbət Ermənistanın Aİİ-yə üzvlüyündən və Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin olmasından gedir. TRIPP-i həyata keçirərkən Ermənistan hökuməti bu iki aspekti nəzərə almalı olacaq. Rusiya həmçinin əvvəlki illərdə qəbul edilmiş və heç kim tərəfindən ləğv edilməmiş üçtərəfli sənədlərə uyğun olaraq Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokunun açılmasında iştirakını saxlamaq istərdi. Beləliklə, Rusiya “Tramp marşrutu”nu təhlükə hesab etmir. Rusiyanın əsas narahatlığı postsovet məkanında ABŞ və NATO bazalarının olmamasıdır. Moskva ilə münasibətlərdəki böhrana baxmayaraq, nə Bakı, nə də qərbyönlü İrəvan bu istiqamətdə addım atmağı planlaşdırmır. Tam əksinə - Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin 7-ci maddəsində deyilir ki, “tərəflər ümumi sərhəddə üçüncü tərəflərin silahlı qüvvələrini yerləşdirməyəcək”. Sərhəd zonası bütün ərazi deyil, burada Rusiyanın maraqlarını nəzərə almaq üçün müəyyən cəhd hiss olunur”.

Nahid SALAYEV

Chosen
22
baki-xeber.com

1Sources