EN

Bakıda Su Həftəsi keçiriləcək

10-12 sentyabr tarixlərində Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını özündə birləşdirən sayca 2-ci “Baku Water Week” (Bakı Su Həftəsi) keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, "Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, su təsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanları yaradan Bakı Su Həftəsi bu il də yerli və xarici iştirakçılar üçün konkret fayda və real imkanlar təqdim etməyə hazırlaşır.

    Tədbirin keçilməsində əsas məqsəd su təsərrüfatı sahəsinin ölkədə bundan sonrakı inkişafı, yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, eləcə də maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etməkdir.

    “Baku Water Week” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir. Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Eyni zamanda, “Baku Water Week” Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.

    “Baku Water Week”in aktuallığını və sahə üçün əhəmiyyətini Səudiyyə Ərəbistanının enerji və su sahəsində ixtisaslaşmış aparıcı şirkətlərindən olan “ACWA Power”in bu tədbirin baş sponsoru qismində çıxış etməsi də göstərir.

    Enerji və su sahəsində qlobal liderlərdən biri olan “ACWA Power” bu tədbirdə su sahəsinə yönəlmiş dayanıqlı həllərin təşviqinə dəstək göstərir. Şirkətin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven şirkətin su sahəsində fəaliyyəti və “Baku Water Week”də iştirakı ilə bağlı fikirlərini paylaşmışdır: ““ACWA Power” dünyanın ən böyük özəl suyun duzsuzlaşdırılması şirkəti olmaqla yanaşı, gələcək üçün strateji əhəmiyyət daşıyan üç sahədə – bərpa olunan enerji, yaşıl hidrogen və duzsuzlaşdırılmış su – liderlik edən yeganə şirkətdir. Missiyamız elektrik enerjisini və duzsuzlaşdırılmış suyu etibarlı, davamlı və ən aşağı mümkün xərclə təmin etməkdir.

    Azərbaycanda biz artıq 340 milyon ABŞ dolları həcmində investisiya qoyaraq Xızı-Abşeron 240 MVt külək elektrik stansiyasını inşa etmişik. Bununla yanaşı, biz Xəzər dənizinin duzsuzlaşdırılması üzrə layihənin qalibi olmaqdan qürur duyuruq. Gündəlik 300,000 kubmetr istehsal gücünə malik bu müəssisə Xəzər regionunda öz miqyasında ilk olacaq və Azərbaycanın uzunmüddətli su təhlükəsizliyinin təminində mühüm rol oynayacaq. Bu layihəyə 400 milyon ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırırıq.

    Bu baxımdan, biz “Baku Water Week”in baş sponsoru qismində çıxış etməkdən məmnunuq. Bu platforma su ehtiyatlarının idarə olunması, davamlı texnologiyaların tətbiqi və regionda su təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Biz hökumət qurumları, sənaye tərəfdaşları və innovasiya liderləri ilə sıx əməkdaşlıq edərək Azərbaycanın və bütövlükdə regionun daha səmərəli və dayanıqlı su gələcəyinin qurulmasına töhfə verməyə hazırıq.”

    “ACWA Power” şirkəti eyni zamanda “Baku Water Week” çərçivəsində keçiriləcək 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında da təmsil olunacaqdır. Belə ki, şirkətin Baş icraçı direktoru Marco Arcelli “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” adlı plenar sessiyada çıxış edəcəkdir. “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar” mövzusunda keçirilən panel müzakirələrinə isə şirkətin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven qatılacaqdır.

    Beləliklə, Bakı Su Həftəsində su ehtiyatlarının idarə edilməsi, sudan səmərəli istifadə, qlobal iqlim dəyişikliyi, su təhlükəsizliyi, su təsərrüfatı sahəsində innovativ yanaşmalar, su diplomatiyası, eləcə də yeni su texnologiyaları və təcrübələri kimi mövzular gündəmdə olacaqdır və sahə ilə bağlı mühüm təşəbbüslər yer alacaqdır. Eyni zamanda, tədbir çərçivəsində dövlət qurumları, özəl sektor və innovativ startaplar arasında əməkdaşlığın inkişafına yönəlmiş B2B və B2G görüşlər də keçiriləcək.

    Bakı Su Həftəsinin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. Tədbirin rəsmi oteli isə “Absheron Hotel Group”dur.

    2025-ci ilin payız sərgilərinin rəsmi otel tərəfdaşları “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City", florist tərəfdaşları "Gloria Flowers" və “Buketeria”, səyahət tərəfdaşı "Greenwich Travel Club" şirkəti, eləcə də digər rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services” şirkətləri çıxış edir.

    “Baku Water Week” haqqında ətraflı məlumatı www.bakuwaterweek.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

     

    Chosen
    17
    5
    bakivaxti.az

    6Sources