EN

Tramp və Zelenski arasında UĞURSUZ GÖRÜŞ

“Dünən ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüşün nəticəsiz başa çatması gözlənilən idi”.

Bu sözləri AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, görüşdə ciddi irəliləyiş əldə olunmadı:

“Gözlənildiyi kimi, Zelenski Ukraynanın hansısa ərazisindən imtina etmədi. Buna görə də ərazi mübadiləsi məsələsində razılıq əldə olunmadı. Rusiya isə Ukraynanın Donetsk və Luqanskdan tamamilə çıxmasını, Xerson və Zaporejyedə isə mövcud vəziyyətin dondurulmasını istəyir. Kreml sadəcə 1 faiz işğal etdiyi ərazilərdən çıxmağa razılıq verir. Təbii ki, Zelenski buna razılıq verə bilməz”. 

Ekspert qeyd edib ki, Rusiya ilə Ukrayna arasında yaxın perspektivdə atəşkəsin əldə edilmə ehtimalı aşağıdır:

“Faktiki olaraq, hazırda müharibə davam edir. Dünənki görüşdə də müharibənin dayanması istiqamətində hansısa razılıq əldə olunmadı. Ümumiyyətlə, Rusiya Prezidenti Vladimir Putinin tələbləri qəbul olunacaq səviyyədə deyil. Zelenski haqlı olaraq müqavimət göstərir. Onun müqaviməti həm də Ukrayna xalqının müqavimətidir. Zelenski görür ki, xalqı kapitulyasiyaya getmək istəmir.

O da lider kimi xalqa arxalanır və işğalçının tələblərini qəbul etmir. Ona görə də yaxın perspektivdə iki ölkə arasında atəşkəsə nail olunacağını zənn etmirəm. Müharibənin davam edəcəyini düşünürəm. Rusiya Ukrayna müdafiəsini yarmağa çalışacaq, Ukrayna isə qarşı tərəfə zərbələr endirməklə, cəbhədəki vəziyyəti minimum səviyyədə dəyişməyə çalışacaq”. 

Lakin politoloq hesab edir ki, qısa zamanda Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirilə bilər:

“Məncə, yaxın müddətdə belə bir üçtərəfli görüş mümkündür. Ancaq həmin görüşün uğurlu olacağına inanmıram. Lakin Tramp onu da böyük irəliləyiş və özünün uğuru kimi təqdim edəcək. Hərçənd ki, Tramp-Putin-Zelenski görüşündə hansısa razılığa gəlmək ehtimalı çox aşağıdır.

Onsuz da nə vaxtsa görüşməlidirlər. Düşünürəm ki, bu görüş Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi ölkələrin birində keçirilə bilər. Ümumiyyətlə, görüşün məkanı ABŞ-nin istəyi ilə müəyyən olunacaq”. 

Elmir Mustafa

“Cebheinfo.az”

Chosen
18
1
cebheinfo.az

2Sources