EN

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib

Son günlər sosial şəbəkələrdə uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətdə haqlı narahatlıq yaradan bəzi videoların paylaşılması geniş ictimai rezonans doğurub. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən SİA-ya bildirilib ki, xüsusilə azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirmələri həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir.

Qeyd olunub ki, bu halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır. Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir.

Məlumatda bildirilib ki, uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, "trendlər" və vizual təsirlər uşaqlar üçün ciddi risk yaradır.

Vurğulanıb ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uşaqların hüquqlarının pozulması, onların mənəvi və psixoloji inkişafına zərər vuran istənilən fəaliyyət yolverilməzdir. Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub və bu sənəd uşaqların istismarının və zorakılığın bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır. Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının sosial mediada paylaşılması onların hüquqlarının kobud şəkildə pozulması olmaqla yanaşı, pedofiliya və uşaq istismarı hallarının artmasına şərait yaradır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə, ictimaiyyətə və media nümayəndələrinə müraciət edərək, uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasına ciddi yanaşmağı, onların izlədikləri rəqəmsal məzmunlara daimi nəzarət etməyi, etik, mənəvi və hüquqi dəyərlərə zidd hallarla qarşılaşdıqda müvafiq qurumlara məlumat verməyi tövsiyə edib.Həmçinin uşaqlara erkən yaşlardan etibarən sosial mediadan düzgün istifadə qaydalarının öyrədilməsinin, şəxsi sərhədlərə hörmətin aşılanmasının vacibliyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, uşaqların sağlam, təhlükəsiz və ləyaqətli bir mühitdə böyümələri yalnız dövlətin deyil, bütöv cəmiyyətin məsuliyyətidir.

Chosen
13
22
sia.az

10Sources