EN

Ermənistanın Aİİ üzvlüyü Zəngəzur dəhlizinə nə maneçilik törədir?


Əli Orucov: “Aleksey Fadeyevin sadaladığı arqumentlərin Zəngəzur dəhlizinə heç bir dəxli yoxdur”

Zəngəzurdan keçən kommunikasiya marşrutları açılarkən Rusiya sərhədçilərinin olması nəzərə alınmalıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyannaməni şərh edərkən deyib.

“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-22-ci illər üçün imzaladığı üçtərəfli sazişləri aktual hesab edir. Çünki tərəflərdən heç biri bu sazişlərdən çıxdığını bəyan etməyib. Rusiya XİN və ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Moskva münasibətlərin normallaşdırılmasında tərəfdaşlarına kömək etməyə hazırdır. Əvvəllər qeyd etdiyimiz kimi, regiondankənar qüvvələrin cəlb olunması Cənubi Qafqazda yeni problemlər yaratmamalı, əksinə, sülhün əldə olunmasına təkan verməlidir. Biz həmçinin qeyd etdik ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvlüyünü və Rusiya sərhədçilərinin Zəngəzur bölgəsində olmasını nəzərə almaq lazımdır. Ermənistanın Aİİ çərçivəsində azad ticarət münasibətləri içində olmağını gərək unutmasınlar”, - rusiyalı diplomat qeyd edib.

Maraqlıdır, Rusiya tərəfi “azad ticarət münasibətləri içində olmağını gərək unutmasınlar” deməklə nə demək istəyir? Yəni Zəngəzur dəhlizi ilə bunun nə kimi əlaqəsi ola bilər? Yoxsa hesab edirlər ki, Aİİ-nin azad ticarətin üzvü olması Zəngəzur dəhlizinin işləməsinə mane olur, maneəsiz işləməsini mümkünsüz edir? Yoxsa demək istəyirlər ki, mütləq şəkildə o dəhlizdən keçib Naxçıvana gedən yüklər saxlanılmalı və yoxlanmalıdır, gömrük rüsumu ödənilməlidir? Yoxsa dəhlizin Aİİ-nin ərazisindən keçməsini demək istəyirlər? Bunu niyə xatırladırlar?

“Ortada Birləşmiş Ştatlar olduğu üçün dolayı olaraq bunun həyata keçməsinə mane olmağa çalışırlar”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bu bəhanələr Zəngəzur dəhlizinin (Tramp yolu) təhlükəsizliyinin ABŞ-a həvalə edilməsindən qaynaqlanır: “Məsələnin mahiyyəti sırf bununla bağlıdır. Rusiya 8 avqustda Vaşinqtonda Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmadan bərk məyusdur. Sadəcə, Moskva indiki şəraitdə açıq şəkildə buna qarşı gedə bilmir. Niyə? Ona görə ki, Ukraynada yaranmış vəziyyətlə bağlı Putin Trampla münasibətləri pozmaq istəmir. Çünki Tramp Alyaskada Putinin istəklərini nəzərə alaraq Ukrayna prezidenti Zelenskiyə təzyiq göstərir, onu güzəştə getməyə sövq etməyə çalışır. Belə bir şəraitdə Rusiya açıq şəkildə Zəngəzur dəhlizinin (Tramp yolu) əleyhinə qərar versə, bu, Trampın qəzəbinə səbəb ola bilər. Nəticədə ABŞ Ukraynanın yanında yer alacaq. Bütün bunlar olmasın deyə, Rusiya Aİİ-nin öhdəliklərini və digər məsələləri ortaya atır. Çünki 8 avqust razılaşması Rusiyanın geosiyasi məğlubiyyəti idi. 10 noyabr 2020-ci ildə imzalanan razılaşmaya görə, dəhlizə Rusiya nəzarət etməli idi. 8 avqust razılaşması ilə Ermənistan faktiki olaraq bundan imtina etdi. Məhz bunu Moskva həzm edə bilmir. Əslində Rusiya XİN rəsmisi Aleksey Fadeyevin sadaladığı arqumentlərin Zəngəzur dəhlizinə (Tramp yolu) heç bir dəxli yoxdur. Rusiya sərhədçiləri dəhlizdən ən azı 500 metr aralıda yerləşiblər. Üstəlik, burada yalnız Azərbaycandan onun bir hissəsi olan Naxçıvana maneəsiz gedişdən söhbət gedir, beynəlxalq tranzit yükdaşımalardan yox. Deməyim odur ki, əgər dəhlizə Rusiya nəzarət etsəydi, Fadeyev heç bir bəhanə uydurmazdı. Ortada Birləşmiş Ştatlar olduğu üçün dolayı olaraq bunun həyata keçməsinə mane olmağa çalışırlar. Hesab edirəm ki, Rusiyanın maneələri boşa gedəcək. Çünki ortada ABŞ kimi güclü dövlət var”.

Vidadi ORDAHALLI

Chosen
40
36
baki-xeber.com

10Sources