EN

Yorğun hiss edirsinizsə ilk növbədə bunu yoxladın

Endokrinoloq qalxanabənzər vəzi xəstəliklərinin əlamətlərini açıqlayıb.

Milli.Az xəbər verir ki, Amerika və Çin Endokrinoloqlar Assosiasiyasının üzvü, həkim Olqa Rojdestvenskaya life.ru-ya açıqlamasında deyib ki, bu xəstəliklərin ilkin simptomlarını digər hallarla qarışdırmaq mümkündür: yorğunluq, saç tökülməsi, əhvalın pisləşməsi, aktivliyin azalması. Onun sözlərinə görə narahatlıq doğuran əsas əlamətlər səbəbsiz həyəcan, dözümlülüyün azalması, qadınlarda menstruasiya pozuntusu, yaddaş zəifləməsi, ödəmlər və bədən istiliyinin pozulması problemləridir.

Mütəxəssis bildirib ki, belə hallarda mütləq qalxanabənzər vəzinin hormonlarına - xüsusən TSH-a (tirotrop hormon) analiz vermək lazımdır. Bu, əsas diaqnostika üsuludur. Əgər nəticələr normadan kənardırsa, endokrinoloqa müraciət edilməlidir. Həkim həmçinin ildə bir dəfə qalxanabənzər vəzinin ultrasəs müayinəsini məsləhət görüb.

Onun sözlərinə görə, qalxanabənzər vəzinin fəaliyyəti xolesterin səviyyəsinə də təsir göstərir və bu göstəricidəki dəyişikliklər bəzən xəstəliyi üzə çıxara bilər. O, həmçinin əksər insanların yod çatışmazlığı zonasında yaşadığını və bunun da riskləri artırdığını vurğulayıb.

Endokrinoloq əlavə edib ki, yeni doğulan körpələrdə TSH səviyyəsi mütləq yoxlanılır, çünki qalxanabənzər vəzi sinir sisteminin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Yaş artdıqca hormon səviyyəsi dəyişə bilər, buna görə də onu şəkər və xolesterin kimi daimi nəzarətdə saxlamaq lazımdır.

Həkim qeyd edib ki, qalxanabənzər vəzi xəstəliklərinin simptomları tez-tez panik atak, anemiya və ya klimaksla qarışdırılır. Boyunda narahatlıq, udqunma çətinliyi və ya boğazda düyün hissi həmişə qalxanabənzərlə bağlı olmur. Analizlər aparılmadan diaqnoz qoymaq mümkün deyil, çünki endokrin xəstəliklər çox vaxt başqa xəstəliklərin pərdəsi altında gizlənir.

İsmayıl
Milli.Az

Chosen
24
15
milli.az

10Sources