EN

"Oval kabinetdən Qafqaz mənzərəsi" - "Новая газета"

"Azərbaycan öz məqsədlərinə gözlədiyindən də artıq nail olub, Ermənistan üçünsə hər hansı yeni gərginlik siyasi fəlakət deməkdir..."

Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin Donald Tramp ilə görüşünün kulminasiya nöqtəsi, şübhəsiz ki, onların Nobel komitəsinə birgə müraciət barədə improvizasiya etmələri oldu.

Moderator.az xəbər verir ki, bu barədə "Новая газета" nəşri yazıb.

Nəşr qeyd edir ki, ən azından mükafatlandırma mərasiminə dəvəti hər iki tərəf artıq haqq etmişdi. Bu da yeni diplomatiyanın mahiyyətini göstərir: parlaq jestlər vasitəsilə klassik siyasətin yerini postmodern üslubda nümayişkarlıq tutur.

Moskvanın kənarında

Vaşinqton prosesi iki əsas mövzudan ibarətdir: sülhün əldə olunması və müharibədən sonrakı nizamlanma. Sülh prosesi tarixi xarakter daşıyıb, amma burada ABŞ-ın, xüsusilə də Trampın rolu minimum olub. Əksinə, bütün proses getdikcə çoxşaxəli formatdan iki tərəf arasında birbaşa dialoqa keçib. Ən mühüm nəticə isə müharibənin yenidən başlama riskinin ciddi şəkildə azalması oldu.

Azərbaycan məqsədlərinə gözlədiyindən də artıq nail oldu. Ermənistan üçünsə hər hansı yeni gərginlik siyasi fəlakət deməkdir. Trampın iştirakı vasitəçilik yox, daha çox prosesin zirvəyə çatdığını təsdiqləyən bir jest idi. Azərbaycan üçün Oval kabinetdə qəbul edilmək yeni regional lider statusunun və ambisiyalarının rəsmi təsdiqi idi.

Görüşün əlavə nəticələrindən biri də ATƏT-in Minsk Qrupunun tarixə qarışması oldu. Qarabağ müharibəsindən sonra Əliyev açıq şəkildə demişdi: artıq həll ediləcək heç nə qalmayıb. Minsk Qrupu beş il də "ətalətdən" yaşadı, amma indi onun ləğvi Ermənistan üçün də problemsiz görünür.

Məğlub üçün qələbə formulu

Azərbaycan üçün əsas qazanc ABŞ-ın 1992-ci ildə qəbul etdiyi və "Ermənistanın blokadasına görə" Bakıya qarşı sanksiyaları nəzərdə tutan 907-ci düzəlişin dayandırılmasıdır. Əvvəlki prezidentlər də bunu formal olaraq ertələyirdi, amma bu dəfə məsələ simvolik addımdan artıqdır. Vaşinqton Bakı ilə münasibətləri yenidən qurmağa hazır olduğunu göstərir.

Bu həm də Azərbaycanın yeni balans siyasətinə qayıdışıdır: artıq Moskvanın orbitindən uzaqlaşmaq və bütün güc mərkəzləri ilə əlaqələri paralel aparmaq. Ermənistan üçün bonuslar daha çox Paşinyanın şəxsi reytinqi ilə bağlıdır. ABŞ-da keçirilmiş sorğular göstərir ki, seçicilərin əsas prioriteti sülhdür (40 faiz). Bu da Paşinyanın mövqeyini gücləndirir. Tramp və Əliyevlə birlikdə çəkilmiş foto belə, daxili siyasətdə onun ən böyük üstünlüyünə çevrildi.

Müharibədən sonrakı nizamlanma

Əsas intriqa isə kommunikasiya yollarının  xüsusən də Zəngəzur dəhlizinin açılmasıdır. Müharibədən sonra Moskva bu layihənin əsas "idarəçisi" olmağa ümid edirdi. Lakin hadisələr başqa cür inkişaf etdi: Baku və İrəvan vasitəçiləri tədricən oyundan kənarlaşdırdı.

İndi Trampın təklif etdiyi "TRIPP planı" gündəmdədir: dəhlizin giriş-çıxış məntəqələrində üçüncü tərəf, məsələn, ABŞ şirkətləri logistik funksiyanı üzərinə götürə bilər. Amma əsas problem təhlükəsizlikdir. Rusiya sərhədçiləri gündəmdən çıxarılıb, Ermənistan variantını Bakı qəbul etmir. O zaman sual yaranır: əgər silahlı qüvvə Amerikanın olacaqsa, hansı suverenilikdən danışmaq olar?

Ermənistanın bütün dəmir yolu infrastrukturu artıq Rusiyanın konssesiyasında olduğundan, yeni layihələrin reallığı da sual altındadır. Bu səbəbdən də proses hələ çox qeyri-müəyyəndir.

Vaşinqton görüşü bayram xarakteri daşısa da, kompromis formulu dəyişməyib. Ermənistan mümkün olduğu qədər kapitulyasiyanın miqyasını azaltmağa çalışır, Azərbaycan isə Naxçıvana dəhliz istəsə də, bunun uğrunda böyük siyasi risklərə getməyə hazır deyil.

Hər iki tərəf anlayır ki, kommunikasiya layihəsi onların da, regionun da maraqlarına cavab verir. Amma tələsməyə əsas yoxdur. Münaqişənin həlli hələ də tərəflərin öz əlindədir. Vaşinqton sadəcə xeyir-dua verdi.

Chosen
26
50
moderator.az

10Sources