EN

Avropanın taleyi Vaşinqtonda həll olunacaq: Ukrayna üçün qorxunc SSENARİ

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçiriləcək danışıqlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. 

Bu gün Bakı vaxtı ilə saat 21:15-də başlayacaq görüşdə tərəflər Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edəcəklər. İkitərəfli danışıqlardan sonra isə Trampın iştirakı ilə Avropa liderlərinin çoxtərəfli toplantısı keçiriləcək. 

Bu görüşə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Giorgia Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen qatılacaq. Beləliklə, Vaşinqtonda baş tutacaq görüşlər həm ABŞ-Ukrayna münasibətlərinin gələcəyi, həm də Avropanın ümumi təhlükəsizlik gündəliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bəs bu görüşün nəticələri nə olacaq?

Məsələ ilə bağlı danışan politoloq Zeynal Əmrəliyev News24.az-a açıqlamasında bildirib ki, Donald Tramp və Volodimir Zelenski arasında keçiriləcək görüşdə hansısa konkret razılaşmanın imzalanmasını gözləmək real deyil:

"Əsas səbəb Rusiyanın irəli sürdüyü tələblərlə bağlıdır. Rusiya tərəfinin istədiyi Ukraynada işğal etdiyi vilayətlərin özünə verilməsidir. Hətta Donetsk bölgəsində işğal etmədiyi bəzi şəhərlərin də boşaldılmasını tələb edir. Bu isə heç bir halda qəbul oluna bilməz”.

Politoloq vurğulayıb ki, belə bir şərt Ukraynaya ciddi mənada baha başa gələ bilər: 

“Zelenski hazırda Ukraynada Rusiyaya qarşı müqavimətin əsas siması hesab olunur. Onun rəhbərliyi dövründə Ukrayna geri çəkilmədi və mübarizəni davam etdirdi. Lakin bu mərhələdə ölkənin öz torpaqlarından imtina etməsi və rus işğalı ilə barışması ağır siyasi və sosial nəticələrə səbəb ola bilər”.

Politoloq əlavə edib ki, nəinki Ukrayna cəmiyyəti, həm də Avropa ölkələri belə bir ssenarini qəbul etməz: 

“Avropa dövlətləri də bu məsələni danışıqlar masasında Ukraynanın ərazi bütövlüyünə qarşı addım kimi görəcəklər. İndiki məqamda sülh Ukraynaya sərf etmir. Çünki bu halda sülh müqaviləsi faktiki olaraq Rusiya işğalını tanımaq demək olar. Ona görə də görüşdən hər hansı ciddi sənədin çıxacağı inandırıcı görünmür”.


Chosen
70
50
news24.az

9Sources