BAKI, 18 avqust. TELEQRAF
Hazırda Türkiyədə 45000 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.
Teleqraf xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyətin Təminatı Agentliyi məlumat yayıb.
Məlumata görə, 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə agentliyə 22578 müraciət daxil olub ki, bu müraciətlərin 5327-si (19%) Türkiyədən əldə olunan kvalifikasiyaların payına düşür.
Qeyd olunan ötən altı ilə münasibətdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib.
İmtina qərarlarının səbəbləri arasında “açık öğretim” təhsilalma forması üzrə 35,9%, ekvivalentliyi olmayan ixtisaslar üzrə 29,23%, fiziki olaraq xarici ATM-də normativ təhsil müddətindən az olanlar üzrə 15,38%, autentik olmayan təhsil sənədi təqdim edənlər üzrə 11,28%, distant təhsil üzrə 8.21% təşkil edib.
"İmtina səbəblərinə nəzər saldıqda, bir çox ölkələrdə olduğu kimi Azərbaycan qanunvericiliyində də nəzərdə tutulmayan “açık öğretim” təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır", məlumatda bildirilib.