BAKI, 18 avqust. TELEQRAF
"Etimadın qatili Gözəl Dəmirovun Türkiyədə azadlığa çıxmasından xəbərim yoxdur. Bu barədə məlumatım olmadığına baxmayaraq, heç kəslə də danışmamışam. Ona görə heç bir şərh verə bilmərəm".
Bu barədə Teleqraf-a açıqlamasında Ədalət Partiyasının sabiq sədri, mərhum İlyas İsmayılovun ABŞ-də yaşayan oğlu Mətin İsmayılov qardaşı Etimad İsmayılovun qatilinin azadlığa çıxmasına münasibət bildirərkən deyib.
İlyas İsmayılovun qardaşı oğlu Gündüz İsmayılov isə qatilin bir il öncə azadlığa buraxıldığını söyləyib: “Onkoloji xəstə olduğuna görə ev dustaqlığı şərti ilə azadlığa buraxıblar. O da qanunsuz olaraq ölkəni tərk edib. O adamın həyat yoldaşı belarusiyalıdır. Bildiyimizə görə, Gözəl Dəmirov da Belarusiyaya gedibmiş”.
Gündüz İsmayılov Gözəl Dəmirovun Etimadı öldürdüyünə görə 18 il həbs cəzası aldığını bildirib: “O çox nankor adamdır. Əmimoğlunu öldürməmişdən bir müddət öncə borca görə onun ailəsini girov götürmüşdü. Etimadın zəngi ilə ailəsi azadlığa buraxılıb. Məhkəmədə də rəhmətlik əmim dedi ki, niyə belə etdin? O da dedi ki, İlyas müəllim sizə böyük hörmətim var və s”.
Qeyd edək ki, 2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov onkoloji xəstəlikdən əziyyət çəkməsi səbəbilə Türkiyə həbsxanasından azadlığa çıxıb. Amma o, azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib.
Xatırladaq ki, 2018-ci ildə Türkiyədə qətlə yetirilmiş Etimad İsmayılov Ədalət Partiyasının sabiq sədri, mərhum İlyas İsmayılovun oğludur.