Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bolqarıstan və Xorvatiyanın bəzi vilayətlərindən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyub.
Bu barədə "Report"a AQTA-dan məlumat verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Qırcaəli vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Smolyan, Blaqoyevqrad vilayətlərində və Mərakeş Krallığının Fes-Meknes regionunda, Xorvatiyanın Primorsko-Qoranska, Liçko-Senska, Karlovaçka, Krapinsko-Zaqorska bölgələrində isə blutanq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, adıçəkilən ölkələrin həmin inzibati ərazi vahidlərindən müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.