EN

Tatyana Passekin ad günü, yoxsa "Arxeoloq günü"? - Professor Nəcəf Müseyibli yazır

Keçmiş sovetlər birliyində hər il avqust ayının 15-i qeyri-rəsmi olaraq arxeoloq günü kimi qeyd edilirdi. Əslində bu peşə bayramı günü demək olar ki, yalnız arxeoloqlar tərəfindən yada düşür və bu sahədə çalışanlar biri-birilərini təbrik edirdilər. Sovet İttifaqı dağıldıqdan və bu birliyə daxil olan ölkələr müstəqillik qazandıqdan sonra 15 avqust arxeoloq günü Rusiya, Belarus, Qazaxstan və Ukraynada bu və ya digər səviyyədə qeyd olunur. Azərbaycanda da bu gün xatırlanır. Sadəcə arxeoloqlarımızın bir qrupu həmin gün sosial şəbəkələr vasitəsi ilə biri-birilərini təbrik edirlər.
Arxeoloq gününün 15 avqustda qeyd edilməsi tarixçəsi barədə bir neçə ehtimal mövcuddur. Burada onların hamısını sadalamağı lazım bilmirəm. Bunlardan həqiqətə daha yaxın olanı tanınmış Rusiya arxeoloqu Tatyana Passekin (1903-1968) doğum günü ilə bağlıdır. T.Passek 1903-cü ildə 2 avqustda, 1918-ci ildən tətbiq edilən yeni təqvim stili ilə 15 avqustda Sankt-Peterburqda doğulmuşdur. Onun arxeoloq kimi elmi fəaliyyətinin ilk illəri Azərbaycanla bağlıdır. Keçən əsrin 20-ci illərində görkəmli arxeoloq və linqvist İ.İ.Meşşaninovun rəhbərliyi ilə Azərbaycana ezam olunmuş T.Passek Son Tunc-İlk Dəmir dövrünə aid, Qarabağda Xocalı kurqanlarında, Naxçıvanda Qızılburun nekropolunda aparılan qazıntılarda iştirak etmişdir. T.Passek 1937-ci ildə Muğanda, Sabirabadın Cəfərxan kəndi yaxınlığında, əvvəlki illərdə tikinti-təsərrüfat işləri zamanı arxeoloji abidənin aşkara çıxması ilə əlaqədar Azərbaycana ezam olunmuşdur. Onun apardığı qazıntılar nəticəsində burada Antik dövrə aid nekropolun və bu nekropolda bir neçə qəbir tipinin – küp, torpaq və kərpic qəbirlər olduğu müəyyən edilmişdir.

T.Passekin başlıca elmi fəaliyyəti Ukrayna və Moldovada Xalkolit və İlk Tunc dövrlərinə aid Tripoli-Kukuten (e.ə. V-III minilliklər) mədəniyyətinə aid abidələrin tədqiqatları ilə bağlı olmuşdur. Elm ictimaiyyətində geniş yayılmış məlumatlara əsasən 40-50-ci illərdə T.Passekin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın çöl işləri zamanı ekspedisiya üzvləri hər il 15 avqustda onun ad günün qeyd edirdilər. Tədricən bu tarix arxeoloqlar arasında bir ənənəyə çevrilmiş və SSRİ-də, sonralar isə keçmiş sovet ölkələrinin bəzilərində arxeoloqların peşə bayramı günü kimi yadda qalmışdır. Eyni zamanda arxeoloq gününün məhz arxeoloji qazıntılar mövsümündə, intensiv çöl tədqiqatları zamanında qeyd edilməsi də rəmzi məna daşıyır və bu peşəyə bilavasitə aid olmasından xəbər verir.

Dünyanın bəzi başqa ölkələrində də arxeoloq günü bu sahənin nümayəndələri tərəfindən qeyd edilir. Lakin bu ölkələrin hər birində bu bayram ayrı-ayrı günlərdə keçirilir və bunların heç biri Rusiyadakı arxeoloq günü ilə əlaqəli deyil. Hətta ABŞ-nın bir sıra ştatlarındə arxeoloq günü müxtəlif aylarda qeyd edilir. Əksər hallarda arxeoloq günü hər bir ölkənin hansısa tanınmış arxeoloqunun, bu sahənin ilk nümayəndələrindən birinin doğum gününə və yaxud arxeologiya ilə bağlı hansısa əlamətdar bir günə bağlanmış olur.

Qeyd edilm ki, elmlə bağlı olan bu məsələnin siyasiləşdirilməsi fikrindən uzağam. Azərbaycanda arxeologiya elminin təşəkkülündə, inkişafında, yerli kadrların yetişməsində böyük xidmətləri olan İ.İ.Meşşaninov, A.A.İyessen kimi görkəmli arxeoloqların və digər sovet-rus alimlərin adlarını minnətdarlıqla çəkmək olar. T.Passekin Azərbaycan arxeologiya elmində rolu bu alimlərin fəaliyyəti ilə müqayisə edilməyəcək dərəcədə cüzidir. Onu da qeyd etmək lazımdır ki, adlarını çəkdiyimiz bu alimlər müəyyən illərdə Azərbaycana ezam edilmişlər və Azərbaycan abidələri ilə bağlı araşdırmalar onların elmi fəaliyyətinin yalnız bir hissəsini əhatə edirdi.

Lakin Azərbaycan 30 ildən artıqdır ki, müstəqil bir dövlətdir və elm sahəsi ilə bağlı olan, hərçənd simvolik bir məna daşıyan bir tədbirin, yəni arxeoloq gününün məhz Azərbaycanın milli arxeoloqlarından birinin tərcümeyi-halı ilə bağlanmasını düzgün hesab edirəm. Bu baxımdan Azərbaycan arxeologiya elminin baniləri sırasında dayanan milli kadrlarımız – Davud bəy Şərifov (1885-1952), Ələsgər Ələkbərov (1891-1939) və İshaq Cəfərzadə (1895-1982) kimi alimləri xatırlamaq yerinə düşərdi. Onların hər biri həm arxeologiya, həm də etnoqrafiya ilə, D.Şərifov isə həm də coğrafiya ilə yaxından məşğul olmuşlar. D.Şərifov coğrafiya üzrə, Ə.Ələkbərov isə etnoqrafiya üzrə elmlər namizədi (indiki terminlə fəlsəfə doktoru) elmi dərəcələrinə layiq görülmüşdülər. İ.Cəfərzadə isə arxeologiya istiqaməti əsasında tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Onların hamısı XX əsrin 20-ci illərindən gənc yaşlarında elmi fəaliyyətə başlamışlar.



Davud bəy Şərifov

Davud bəy Şərifov iyul ayının 8-də anadan olmuşdur. Elmi fəaliyyətinə 1922-ci ildə başlamış, 1923-1928-ci illərdə Azərbaycan SSR Dövlət Muzeyinin (indiki Milli Azərbaycan Tarix Muzeyi) rəhbəri olmuşdur. Bu müddətdə Muzeyin təşkili və zənginləşməsi üçün çox böyük işlər görmüş, sovet imperiyasının müxtəlif şəhərlərindən Azərbaycana aid çoxsaylı maddi mədəniyyət nümunələrini ölkəmizə qaytarmağa nail olmuşdur. 1925-1928-ci illərdə Orta əsr Qəbələ şəhər yerində, bu mahaldakı Antik dövr Yaloylutəpə nekropolunda, Daşkəsən rayonundakı Son Tunc-İlk Dəmir dövrü Çovdar nekropolunda arxeoloji qazıntılar aparmış, etnoqrafik materiallar toplamışdır. 1928-ci ildə böyük ədalətsizliklə Muzeyin direktoru vəzifəsindən azad edilmiş, onun yerinə növbə ilə ardıcıl iki erməni rəhbər təyin edilmişdir. Bundan sonra D.Şərifovun arxeoloji qazıntılarda iştirak etmək imkanları demək olar ki, tam məhdudlaşmışdır. Ömrünün qalan illərini pedaqoji fəaliyyətə həsr etmiş, ali məktəblərdə etnoqrafiya və coğrafiya fənlərini tədris etmişdir.



Ələsgər Ələkbərov

Ələsgər Ələkbərov martın 15-də doğulmuşdur. İ.İ.Meşşaninovun rəhbərlik etdiyi ekspedisiyalarda iştirak etmiş, 1927-ci ildən özü ekspedisiyalara rəhbərlik etmişdir. 1931-ci ildə Mil-Qarabağ, Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar aparmış, zəngin etnoqrafik materiallar toplamışdır. Orta əsr Örənqala şəhər yerində arxeoloji qazıntıların ilk təşkilatçılarından və iştirakçılarından biri olmuşdur. 1935-1937-ci illərdə Naxçıvanda Son Tunc-İlk Dəmir dövrü erkən şəhər mədəniyyətinə aid Şahtaxtı abidələr kompleksində tədqiqatlar aparmış, ilk dəfə olaraq at dəfnli kurqan qazmışdır. Azərbaycan arxeologiyasında bir elmi problem olaraq küp qəbirlərinin ilk araşdırılması da Ə.Ələkbərovun adı ilə bağlıdır. O, repressiyaya məruz qalaraq 1937-ci ildə həbs olunmuş, iki il sonra həbsxanada vəfat etmişdir.

İshaq Cəfərzadə avqust ayının 14-də anadan olmuşdur. Azərbaycan arxeologiya, etnoqrafiya, tarix elmlərinin görkəmli nümayəndəsi olmuş, ölkəmizin qədim dövr tarixinin tədqiqində, milli arxeoloq kadrlarının yetişməsində misilsiz xidmətlər göstərmişdir. Onun elmi fəaliyyətinin coğrafi arealı respublikamızın demək olar ki, bütün bölgələrini əhatə etmişdir. Abşeron, Gəncə-Qazax, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran-Astara və s. bölgələrdə apardığı çöl-tədqiqat işləri zamanı çoxsaylı arxeoloji abidələr qeydə almış, geniş qazıntı işləri aparmış və xalqımızın etnoqrafiyasına dair zəngin materiallar toplamışdır. Hələ 1926-cı ildə İ.İ.Meşşaninovun rəhbərliyi ilə Xocalıda, Qızılburunda, Çovdarda və D.Şərifovun rəhbərliyi ilə Qəbələdə arxeoloji qazıntılarda iştirak etmişdir.



İshaq Cəfərzadə

Chosen
11
4
aznews.az

9Sources