EN

ABŞ tərəfi Kiyevdən daha çevik və realist mövqelər tələb edəcək ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ səfəri və Donald Tramp ilə görüşü beynəlxalq gündəmin əsas hadisələrindən birinə çevrilib. Bu görüş Ukrayna üçün həyati əhəmiyyət daşıyır, çünki müharibənin taleyi böyük ölçüdə ABŞ-nin siyasi iradəsindən və dəstəyindən asılıdır. Zelenski yaxşı anlayır ki, Avropa Birliyinin yardım resursları məhduddur və uzunmüddətli müharibə yalnız Vaşinqtonun dəstəyi ilə davam etdirilə bilər. Tramp isə bu mərhələdə həm daxili, həm də xarici auditoriyaya ABŞ-nin qlobal güc statusunu təsdiqləmək istəyir. Onun Zelenski ilə görüşü Ukraynaya dəstəyin davamı barədə mühüm siqnal olacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov ABŞ ilə Ukrayna arasında keçiriləcək görüşü şərh edərkən bildirdi.

"Görüşün gündəliyində əsas mövzular hərbi yardım, maliyyə dəstəyi və sülh danışıqlarının perspektivləridir. Zelenski Trampdan konkret təminatlar almağa çalışacaq, çünki Rusiya ilə müharibə Ukraynanı iqtisadi və sosial cəhətdən çox zəiflədib. ABŞ tərəfi Kiyevdən daha çevik və realist mövqelər tələb edəcək. Bu, müharibənin gələcək trayektoriyası üçün həlledici məqam ola bilər. Eyni zamanda görüş Moskva tərəfindən də diqqətlə izlənilir. Kreml başa düşür ki, ABŞ-nin mövqeyi dəyişməz qalarsa, Ukrayna müqavimətini davam etdirəcək. Əgər Vaşinqton Kiyevə strateji təminatlar versə, bu, Rusiyaya qarşı əlavə təzyiq deməkdir. Əks halda, sülh gündəliyi daha qabarıq şəkildə ön plana çıxa bilər".

Politoloq əlavə etdi ki, Zelenskinin ABŞ-yə səfəri həm də Ukrayna ictimaiyyətinə mesajdır.

"O göstərmək istəyir ki, ölkəsi hələ də beynəlxalq siyasətin mərkəzindədir və təcrid olunmayıb. Tramp üçün isə bu görüş ABŞ diplomatiyasının yenidən müəyyənedici rolunu nümayiş etdirmək baxımından əhəmiyyətlidir.

Nəticə etibarilə, görüşün qısa müddətdə radikal dəyişiklik gətirməsi real görünmür, lakin uzunmüddətli perspektivdə Ukraynanın gələcəyi üçün mühüm siyasi bazis formalaşdıracaq. ABŞ-Ukrayna münasibətlərində yeni mərhələnin başlanğıcı məhz bu səfərdən sonra daha aydın görünə bilər",- deyə Tural İsmayılov qeyd etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
50
redaktor.az

10Sources