EN

Qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur -Müsahibə


“Elmi tədqiqatlar göstərir ki, müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur”.

Medicina.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinə müsahibəsində Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova deyib.

- Afət xanım, qan donorluğundan kənarlaşdırmaya səbəb olan hallara nələr daxildir?

- Qan donorluğu həm tibbi, həm də sosial baxımdan son dərəcə önəmli prosesdir. Donor olmaq insan sağlamlığını dəstəkləməklə yanaşı, cəmiyyətin rifahına xidmət edir. Bu prosesin təhlükəsizliyi müəyyən tibbi meyarlar çərçivəsində tənzimlənir. Elə bu baxımdan, donorların daimi və ya müvəqqəti şəkildə qanvermədən kənarlaşdırılması beynəlxalq standartlara əsasən həyata keçirilir.

Daimi kənarlaşdırma halları arasında İİV (QİÇS), sifilis, hepatit B və C kimi yoluxucu xəstəliklər, bəzi onkoloji və irsi qan xəstəlikləri, şəkərli diabetin insulinə bağlı forması, ağır ürək-damar, qaraciyər, böyrək və sinir sistemi xəstəlikləri yer alır. Bu kimi göstərişlər olduqda donorluğa icazə verilmir.

- Hansı hallarda donorlar müvəqqəti olaraq qanvermədən uzaqlaşdırılırlar və bu müddət nə qədər davam edir?

- Bəzi hallarda donorlar sağlamlıq göstəricilərinə görə müvəqqəti olaraq qanvermədən uzaqlaşdırılırlar. Kəskin respirator xəstəliklərdə bu müddət adətən iki-dörd həftə olur. Canlı vaksinlərdən sonra donor 48 saatdan dörd həftəyədək gözləməlidir. Cərrahi əməliyyatlardan sonra bu müddət bir ilə qədər davam edir. Doğuşdan sonra qadınlar üçün təqribən 12 aylıq fasilə tövsiyə olunur.

Malyariya riski olan ölkəyə səfər etmiş şəxslər üçün kənarlaşdırma bir-üç il, əvvəlki il ərzində qan və ya qan komponenti qəbul etmiş donorlar üçün isə ən az 12 ay davam edir. Məqsəd donorun tam sağlam vəziyyətdə yenidən qanverməyə qayıtmasını təmin etməkdir.

- Qanvermə orqanizmdə hansı fizioloji dəyişikliklərə səbəb olur?

- Donor bir qanvermə zamanı orqanizmdəki ümumi qan həcminin təqribən 8-10%-ni verir. Bu, təhlükəsiz olmaqla yanaşı, bədəndə regenerasiya proseslərini sürətləndirir.

Qan hüceyrələrinin yenilənməsi sümük iliyinin aktivləşməsi ilə nəticələnir, immun sistem güclənir, plazma tərkibi təzələnir, toksinlərin xaric olunması sürətlənir. Bundan başqa, dəmir mübadiləsinin normallaşması sayəsində ürək-damar sisteminin yüklənməsi azalır.

- Qanvermə zamanı və sonra donorun vəziyyəti ilə bağlı hansı xoşagəlməz hallar müşahidə edilə bilər?

- Qanvermə prosesi ümumiyyətlə təhlükəsizdir. Bəzən donorlar əməliyyatdan sonra yüngül başgicəllənmə, zəiflik, ürəkbulanma hiss edə bilərlər, lakin bu hallar qısa müddət ərzində keçib gedir. Bunun qarşısını almaq üçün donor qanvermədən əvvəl düzgün qidalanmalı və kifayət qədər maye qəbul etməlidir, qan verdikdən sonra isə 10-15 dəqiqə istirahət etməlidir. Səhiyyə Nazirliyinin Respublika Qan Bankında bu təcrübələr peşəkar heyətin nəzarəti ilə həyata keçirilir.

- Qanvermə ürək-damar və maddələr mübadiləsi sistemlərinə hansı müsbət təsirləri göstərir?

- Donorluq qan qatılaşmasını azaldır, damar sistemində dövranı yüngülləşdirir, habelə qanın damar divarlarına göstərdiyi təzyiqi zəiflədir. Bu isə öz növbəsində, hipertoniya və damar tıxanıqlığı riskini azaldır.

Elmi tədqiqatlar göstərir ki, müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur. Bundan əlavə, orqanizmdə artıq dəmir yığıldıqda oksidativ stres yaranır. Bu da ürək-damar sisteminə zərər verir. Qanvermə bu artıqlığın qarşısını alaraq damar sağlamlığını qoruyur. Maddələr mübadiləsinin normallaşması sayəsində piylənmə və ikinci tip diabetin yaranma riski də azalır.

- Qanverən şəxslər üçün prosesin psixoloji üstünlükləri varmı?

- Donorun həyat xilas etdiyini bilməsi ona mənəvi rahatlıq, özünəinam və sosial faydalılıq hissi verir. Bu isə stresin azalmasına, psixoloji rifahın yüksəlməsinə səbəb olur. Ümumilikdə, qan donorluğu cəmiyyətin sağlamlıq sabitliyinin qorunmasında mühüm rol oynayır. Təcili əməliyyatlar, doğuşlar, yol-nəqliyyat hadisələrinin qurbanları, onkoloji və irsi qan xəstəlikləri olan şəxslər üçün qan həyati əhəmiyyət daşıyır.

Qan ehtiyatının sabit olması Səhiyyə Nazirliyinə fövqəladə hallarda operativ qərar qəbul etməsi üçün daha geniş imkanlar açır.

Chosen
56
50
medicina.az

10Sources