Alyaska görüşü Rusiya rəhbərinin təcrid olunmuş şəxs olmadığı görüntüsünü yaratmaq məqsədi daşıyırdı.
Bu barədə Trend-ə Rusiya və ABŞ Prezidentlərinin Alyaska görüşünü şərh edərkən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, Tramp və Putin görüşünün keçirilməsi Ukrayna ilə müharibənin həllinə ümid olması ilə bağlı deyildi:
"Əslində, hər iki tərəf, xüsusilə də Rusiya tərəfi bilirdi ki, görüşdə ciddi nəticələr olmayacaq. Sadəcə Rusiya Prezidenti Vladimir Putin uzun müddətdir ki, beynəlxalq aləmdən təcrid olunub. O, heç bir xarici dövlətə səfər etmir, istisna hallarda yaxın dövlətlərə səfər edib. Həmçinin, Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində həbs orderi verib. Bu proseslərin fonunda Rusiya dövləti rəhbərinin belə bir görüş keçirməsi onun təcrid olunmuş şəxs olmadığı görüntüsünü yaratmaq məqsədi daşıyırdı. Bu görüş həm də legitimlik görüntüsü yaratmağı hədəfləyirdi. Müharibə dövründə Rusiyada həm də seçkilər keçirildi. Seçkilər zamanı da, görüş ərəfəsində də Rusiya Ukrayanaya genişmiqyaslı hücumlar edirdi. Bunu dünya müşahidə edirdi".
"Bütün dünyanın əsas gündəmi olan müharibə barədə görüş keçirilir, amma şərtlərdə heç bir dəyişiklik yoxdur. Bundan əvvəl də Rusiyanın şərtləri eyni idi. Rusiya indi də tələb edir ki, "xüsusi əməliyyat" nəticəsində ələ keçirdikləri ərazilərdə nəzarəti saxlasın. Hətta o fikirlərdən daha da irəli gedərək, Donetskin tam boşaldılması ilə bağlı tələb ortaya qoyurlar. Bu, elə bir tələbdir ki, Ukrayna tərəfinin bundan imtina edəcəyini onsuz da bilirlər. Bu, o deməkdir ki, Rusiya tərəfi görüşdən ciddi nəticə gözləmirdi. Sadəcə görüşə getməmək Donald Trampı fakt qarşısında qoyacaqdı. Əslində, Rusiya tərəfinin bu tələbi danışıqlardan imtinaya bərabər idi. Ukrayna da gözlənilən kimi, imtina etdi", - X.Bəşirov deyib.
X.Bəşirov qeyd edib ki, növbəti görüş ABŞ-də baş tutacaq:
"Aİ burada öz mövqeyini ortaya qoymağa, münaqişəsinin həllində kənarda qalmadığını göstərməyə çalışır. Avropa liderlərinin Ağ Evdə keçirəcəyi görüşdə mətbauta çatdırılmayan məsələlər müzakirə olunacaq. Çünki Donald Tramp və ətrafında olan şəxslər Alyaska görüşü ilə bağlı ciddi məlumat vermədi. Düşünürəm ki, konkret fikrin səsləndirilməməsinin səbəbi Ağ Evdə keçiriləcək görüş olacaq.
Rusiya tərəfinin bundan sonra atacağı addımlar həmin görüşdən sonra məlum olacaq. Görüşdən sonra, ehtimal ki, Putinlə də danışıqlar olacaq. Düşünmürəm ki, burada Zelenskinin mövqeyi daha ciddi qəbul edilsin. Görüşdə əsasən Aİ rəhbərlərinin mövqeyi ciddi qəbul ediləcək. Əgər görüşdə sanksiyalar və digər mövzularla bağlı Rusiyaya hər hansı güzəşt ediləcəksə, döyüş meydanında nəticəsini görəcəyik. Amma Rusiyaya qarşı heç bir güzəşt olmayacaqsa, düşünürəm ki, müharibə daha geniş miqyas alacaq. Qarşıda soyuq qış ayları gəlir, bu aylarda biz Rusiyanın daha da aktivləşdiyinin, genişmiqyaslı hücumlar etdiyinin şahidi oluruq. Hesab edirəm ki, görüşlərin nəticəsi Rusiya döyüş meydanındakı proseslərin müqəddəratını həll edəcək".
Politoloq Zaur Məmmədov Trend-ə açıqlamasında bildirib ki, Rusiya və ABŞ liderlərinin görüşündən sonra Moskva daha da arxayınlaşıb:
"Mənim də təxminlərim ondan ibarət idi ki, Tramp və Putin arasında simpatiya var və onlar çoxdan bu və ya digər məsələlərdə ortaq məxrəcə gəlmək üçün bəyanatlar veriblər. Trampın hakimiyyətə gəldiyi ilk aylarda da görürdük ki, Zelenskiyə təzyiqlər göstərir. Zelenskinin təzyiqlərə tab gətirməsi və öz mövqeyini ortaya qoyması ona gətirib çıxarmışdı ki, ABŞ neytral mövqe nümayiş etdirməyə başlamışdı".
"İndi də mətbuatda və müxtəlif resurslarda məlumatlar gəzir. Uitkoff xətti, 4 vilayət, Rusiya və ABŞ arasındakı razılıqla bağlı məsələlər var. ABŞ-nin gələcəkdə Avropa və Ukrayna təhlükəsizliyi ilə bağlı Rusiya ilə razılaşmasına dair fikirlər irəli sürülür. Son günlər Rusiya raket və dronlarının daha iri çapda Ukraynaya hücum etməsi də onu göstərir ki, bütün bunlar Zelenskinin mövqeyinə təsir etmək üçün edilir. Hər bir halda Zelenski ilə Tramp arasındakı görüş olduqca vacibdir. Çünki bu görüşdə tərəflər bir-birinə müharibənin gedişatı ilə bağlı öz fikrini demiş olacaq", -Z.Məmmədov deyib.