EN

Uşaqlarda özgüvənin formalaşmasında valideynlərin rolu nədir? - PSİXOLOQ AÇIQLADI

“Özünəgüvən uşağın psixoloji inkişafının əsas dayaqlarından biridir. Özünə inanan uşaq həm sosial mühitdə daha aktiv olur, həm də gələcəkdə həyatın çətinlikləri ilə mübarizədə daha dayanıqlı böyüyür. Uşaqlarda özünəgüvənin formalaşmasında ən mühüm rol isə valideynlərə məxsusdur. Çünki övlad ilk dəfə özünü ailə mühitində tanıyır və qəbul edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.


Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Valideynlərin uşağa yanaşma tərzi, istifadə etdikləri ünsiyyət dili, qoyduqları qaydalar və verdikləri dəstək onun özünə baxışını birbaşa formalaşdırır. Məsələn, uşağın səyləri dəyərləndiriləndə o, özünü bacarıqlı və dəyərli hiss edir. Əksinə, daim müqayisə olunduqda və ya sərt tənqidlərə məruz qaldıqda isə uşağın özünəgüvəni zəifləyir.

Uşağın səhv etməsinə icazə vermək də çox vacibdir. Çünki səhvlər öyrənmənin bir hissəsidir. Valideyn hər xırda çətinliyi uşaq əvəzinə həll etdikdə, övlad özünü aciz hiss edə bilər. Amma kiçik məsuliyyətlər verdikdə, uşağa seçim haqqı tanıdıqda və nailiyyətlərini qeyd etdikdə, uşaq öz gücünə inanmağa başlayır.

Bundan başqa, sevgi və qəbul hissi uşağın sağlam özgüvəninin təməlidir. Uşaq bilməlidir ki, o, yalnız uğurlu olduqda deyil, hər bir halda valideynləri tərəfindən sevilir və dəyərlidir. Bu, uşağa özünü olduğu kimi qəbul etməyi öyrədir.

Təəssüf ki, bəzi valideynlər “özünəgüvən” anlayışını səhv başa düşərək uşağı həddindən artıq azad buraxır və ya onu qorumaq adı ilə bütün addımlarını nəzarətdə saxlayırlar. Hər iki halda uşaq balanssız inkişaf edir. Əslində, sağlam özünəgüvən uşağın sərhədləri biləcəyi, amma eyni zamanda seçim edə biləcəyi bir mühitdə formalaşır.

Praktik olaraq valideynlər uşaqlarının özünəgüvənini artırmaq üçün:Onları dinləməli, fikirlərinə hörmətlə yanaşmalıdırlar.Kiçik də olsa nailiyyətlərini qeyd etməlidirlər.Günlük həyatda yaşına uyğun məsuliyyətlər verməlidirlər.Səhv etdikdə təhqir etməməli, bunun öyrənmə prosesi olduğunu izah etməlidirlər. Müqayisədən qaçmalı və uşağı olduğu kimi qəbul etməlidirlər.

Nəticə olaraq demək olar ki, uşağın özünəgüvəninin əsas bünövrəsi evdə – valideynlərlə münasibətdə qurulur. Valideynlərin dəstəyi, sevgisi və düzgün yanaşması uşağın gələcək həyatında ən güclü dayaq olur. Hər bir uşaq özünə inanmağa, sevilməyə və dəyərli olduğunu hiss etməyə layiqdir”.

Ayşən Vəli

Chosen
34
16
sia.az

10Sources