EN

Tarixçi baxışı: Bu görüşün “tarixi” olub olmaması zamanla aydınlaşacaq Kənan Həmzəoğlu yazır

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avqustun 15-də Alyaskada baş tutan Tramp-Putin görüşü əslində son illərin beynəlxalq münasibətlərində ən çox müzakirə olunan hadisələrdən biri oldu.

Görüşün bu qədər sürətli şəkildə təşkil edilməsi, həm ABŞ-nin yeni siyasi kursu, həm də Rusiya tərəfinin təcriddən çıxmaq istəyi ilə bağlı idi. Alyaska məkanının seçilməsi də təsadüfi deyildi - bu ərazi XIX əsrdə Rusiya tərəfindən Amerikaya satılmış, tarixi simvolizmi olan bir yerdir. Trampın barış gətirən lider imici, Putinin isə sanksiyalardan qurtulmaq arzusu iki tərəfi bir masaya oturtdu.

Savaşın yalnız Rusiya-Ukrayna arasında deyil, bütövlükdə Rusiya-Qərb qarşıdurmasının nəticəsi olması danılmaz faktdır. Bu səbəbdən Moskva məsələnin Kiyev yox, birbaşa Vaşinqtonla həll ediləcəyini əvvəlcədən vurğulayırdı. Görüşdən konkret sənəd və ya razılaşmanın çıxmaması, onun əhəmiyyətini azaltsa da, tərəflərin dialoqa qapı açması vacib nəticədir. Trampın açıqlamalarında nikbinlik olsa da, Avropa ölkələrinin və Zelenski hakimiyyətinin narazılığı açıq görünməkdədir.

Rusiyanın bu prosesdən qazancı ABŞ tərəfindən tanınma və təcrid siyasətinə zərbə vurmaq oldu. Hətta yeni sanksiyaların ertələnməsi Moskva üçün mühüm diplomatik uğur sayılmalıdır. Bununla belə, cəbhədə davam edən savaş hələ də əsas qərarverici amildir. Barış masası qurulsa da, şərtləri hərbi nəticələr müəyyən edəcək. Trampın NATO və AB ilə sonrakı görüşləri isə prosesin yalnız ikitərəfli deyil, çoxşaxəli müzakirələrlə davam edəcəyini göstərir.

Tarixçi baxışından, bu görüşün “tarixi” olub-olmaması zamanla aydınlaşacaq. Lakin böyük güclərin dialoqa qayıtması, Üçüncü Dünya müharibəsi ehtimalının danışıldığı bir dövrdə mühüm əlamət sayılmalıdır. Putinin “Tramp olsaydı, bu savaş çıxmazdı” fikri isə siyasi ritorikadan daha çox ABŞ daxilinə siyasi mesaj xarakteri daşıyır. Trampın sürətli və populist diplomatiyası ilə Putinin uzunmüddətli strateji düşüncəsi bir-birinə uyğun gəlmir, lakin hər iki tərəf hazırda ortaq maraq naminə əməkdaşlığa meyillidir.

Görünən odur ki, bu görüş nə müharibəni dayandırdı, nə də yeni bir dünya düzəni qurdu. Amma tərəflərin münasibətləri yenidən formalaşdırmaq niyyətlərini göstərdi. Bu mənada Alyaska görüşü tarixdə böyük dönüş olmasa da, gələcək proseslər üçün başlanğıc nöqtəsi kimi yadda qalacaq.

Bakıvaxtı.az üçün

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
50
bakivaxti.az

10Sources