EN

Bəxtiyar Vahabzadəyə həsr olunmuş beynəlxalq elmi konfransın materialları nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası, Mahmud Kaşqari Beynəlxalq Fondu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və İKSAD Türkiyə Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş Şəki, Bakı və Xankəndində keçirilən beynəlxalq elmi konfransın materialları toplu olaraq çap edilib.

1450 səhifə 5 paraqrafdan ibarət olan konfrans kitabı türk dünyasının araşdırmaçı alimlərinin ədəbiyyat, dilçilik, tarix və milli kimlik mövzularını əhatə edən çoxsaylı elmi məruzələrini bir araya gətirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Mahmud Kaşqari Beynəlxalq Fondunun Prezidenti, millət vəkili Cavanşir Feyziyev və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin elmi həmsədrliyi ilə keçirilmiş konfransa təqdim olunan materiallar Ali Attestasiya Komissiyasının elmi məqalələr üçün müəyyən etdiyi müvafiq tələblərə uyğun şəkildə hazırlanıb.

Konfransda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rumıniya və digər ölkələrdən alim və tədqiqatçılar iştirak ediblər. Ankara Universiteti, Hacettepe Universiteti (Türkiyə), Əl-Fərabi adına Qazax Milli Universiteti (Qazaxıstan), Manas Universiteti (Qırğızıstan), Daşkənd Dövlət Pedaqoji Universiteti (Özbəkistan), Kazan Federal Universiteti (Rusiya), Buxarest Universiteti (Rumıniya) kimi nüfuzlu ali məktəblərin doktorantları və dissertantları elmi məqalələrlə təmsil olunublar.

Konfransa təqdim edilən “Bəxtiyar Vahabzadə şeirlərinin dil-üslub xüsusiyyətləri”, “Türk dünyasının istiqlal şairi Bəxtiyar Vahabzadə”, “Bəxtiyar Vahabzadənin dilində əksmənalı sözlərin üslub funksiyası”, “Bəxtiyar Vahabzadə yaradıcılığında bəzi toponimlər və antroponimlər haqqında”, “Bəxtiyar Vahabzadənin dram yaradıcılığı: milli kimlik, tarixilik və insani dəyərlərin səhnələşdirilməsi”, “Bəxtiyar Vahabzadə poeziyasında məişət diskursu elementlərinin manipulyativ potensialı (“Sən kimsən?!” şeirinin təhlili əsasında)”, “Bəxtiyar Vahabzadə yaradıcılığında “Dədə Qorqud” ideya və motivləri”, “Bəxtiyar Vahabzadənin poeziyasında sintaktik fiqurların reprezentasiyası”, “Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürk silahdaşlığı”, “Ədəbi dilin inkişafında Bəxtiyar Vahabzadə mərhələsi”, “Bahtiyar Vahapzade’de anne özlemi, vatan sevdası, özgürlük aşkı”, “Bəxtiyar Vahabzadənin poeziyasında təbiət motivlərinin vətənpərvərlik və millilik kontekstində funksionallığı”, “Bəxtiyar Vahabzadənin əsərlərində Türk ədəbi irsinin təqdimi”, “Milli kimliyin formalaşmasında vəcd və müqavimət: poeziyanın psixodinamik təhlili” kimi məqalələrdə böyük şairin yaradıcılığı dil, üslub, ifadə imkanları baxımından geniş elmi təhlilə cəlb olunmuşdur.

Konfrans toplusu şairin zəngin irsini müxtəlif aspektlərdən təhlil edən məqalələri bir araya gətirir, həm ədəbiyyatşünaslıq, həm də dilçilik üçün dəyərli mənbə rolunu oynayır.

Yaxın günlərdə konfrans materialları həm də PDF elektron kitab formatında əlaqədar məsul qurumların - İKSAD və Kaşqari Fondunun rəsmi saytında oxuculara təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Chosen
38
9
turkustan.az

10Sources