EN

Maliyyə Nazirliyi aqrar sektora subsidiyaların tətbiqi ilə bağlı tövsiyələr verib

Bakı, 18 avqust, AZƏRTAC

Maliyyə Nazirliyinin apardığı monitorinq nəticəsində müəyyən edilmiş bitki növləri üzrə son dövrlərdə fermerlər və kənd təsərrüfatı subyektlərinin istifadə etdiyi subsidiyaların məbləği ilə həmin bitki növlərinin istehsalından əldə edilmiş məhsulların həcmi arasında uyğunsuzluqlar aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin açıqladığı Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələrdə bildirilir.

Monitorinq və təhlillər nəticəsində müəyyənləşdirilmiş bitki növləri üzrə son dövrlərdə fermerlər və kənd təsərrüfatı subyektləri tərəfindən istifadə edilmiş subsidiyaların məbləği ilə həmin bitki növlərinin istehsalından əldə edilmiş məhsulların həcmi arasında uyğunsuzluqlar aşkar edilib. Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunmuş, habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb.

Subsidiyaların tətbiqi ilə bağlı metodoloji tövsiyələr:

- Subsidiya almaq üçün müraciət edən fermerlərin və kənd təsərrüfatı subyektlərinin potensialının dəqiq qiymətləndirilməsi məqsədilə kənd təsərrüfatı mütəxəssisləri tərəfindən yerində araşdırmalar aparılması, müvafiq fermerlərin istehsal imkanlarının və keçmiş fəaliyyətlərinin (performanslarının) nəzərə alınması;

- Fermerlərə və kənd təsərrüfatı subyektlərinin fəaliyyətlərini qiymətləndirməyə və həmin şəxslər tərəfindən görüləcək işlərin yekun nəticələrinin müvafiq sahələr üzrə strateji hədəflərlə əlaqələndirilməsinə imkan verən konkret şərtlərin müəyyənləşdirilməsi;

- Subsidiyalar üçün ayrılmış vəsait üzrə mütərəqqi monitorinq mexanizmlərinin və şərtli ödəniş modellərinin tətbiq edilməsi, sektor üzrə strateji hədəflərə və nəticələrə nail olunmadıqda, məsul şəxslərə növbəti illərdə subsidiyaların verilməsi imkanlarının yenidən nəzərdən keçirilməsi və ya subsidiyanın tam ödənilməsinin təxirə salınması, nəticəyə təsir edən amillərin aradan qaldırılması, habelə fəaliyyətinin təkmilləşdirilməsi üçün təklif və tövsiyələrin verilməsi;

- Bitkiçilik sahəsi üzrə verilmiş subsidiyalardan daha səmərəli istifadənin təmin edilməsi məqsədilə sözügedən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.17-ci bəndinə müvafiq əlavə və ya dəyişikliklərin edilməsi, habelə subsidiya vəsaitlərinin bir hissəsinin şərtli və ya müvəqqəti olaraq verilməsi (öncədən müəyyən edilmiş məhsuldarlıq səviyyəsinə nail olunanadək subsidiya məbləğinin tam verilməsi və ya ilkin olaraq yalnız müəyyən bir hissəsi ödənilməklə, qalan hissəsinin isə nəticə göstəricilərinə uyğun real əldə edilmiş nəticələrə əsasən ödənilməsi);

- Aqrar sahədə faktiki ödənilən subsidiya və güzəştlərin ölkədə ərzaq təhlükəsizliyinə, ixrac potensialına, gəlirliliyə təsiri ətraflı təhlil olunmaqla, iqtisadi cəhətdən səmərəsiz hesab olunan subsidiya növlərinin və məbləğlərinin mərhələli qaydada azaldılması nəticəsində qalan vəsaitlərin daha səmərəli subsidiya növlərinə yönəldilməsi;

- İstehsal və məhsuldarlıq üzrə əvvəlki illərin faktiki göstəriciləri ətraflı təhlil olunmaqla ortamüddətli dövr üçün strateji hədəflərin müəyyən olunması, bir sıra məhsul növləri üzrə subsidiya verilməsinin davamlı təşkil edilməməklə müəyyən olunmuş dövrü əhatə etməsi, eləcə də dövlət büdcəsinin imkanları nəzərə alınmaqla subsidiyaların həcminə və nəticəlilik meyarına, o cümlədən bitkiçilik və heyvandarlıq sahələrində məhsuldarlığa, həmin subsidiyalardan istifadənin kənd təsərrüfatı fermerlərinin gəlirlərinə və məşğulluğuna, ərzaq təhlükəsizliyinə, ixrac potensialına, habelə dövlət büdcəsinin gəlir və xərclərinə təsirinin aidiyyəti qurumlar tərəfindən ətraflı təhlil olunması.

- “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi (EKTİS) və digər informasiya sistemləri ilə inteqrasiya və sistemlərə çıxış imkanlarının nəzərdən keçirilməsi, sahə məlumatlarının və fermer fəaliyyətinin nəticə indikatorlarının əsas mənbəyinə çevrilməsi;

- Subsidiya vəsaitlərinin istifadəsinə dair ictimai hesabatlılığın artırılması, strateji məhsullar üzrə məhsuldarlıq, rentabellik və gəlirlilik göstəricilərinin açıq formada paylaşılması.

“Əkin subsidiyasının verilməsi” tədbiri üzrə:

- Hər bitki üzrə verilən əkin subsidiyanın məbləğinin göstərilməsi ilə yanaşı istehsalçıların sayının və əkilən sahənin əlavə edilməsi;

- Mövcud Qaydaya əsasən əkin subsidiyası məbləğinin 25 faizinin nağdlaşdırılması, 75 faizinin isə əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması (mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid), torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur. Bununla əlaqədar, fermerə əkin subsidiyasından qeyd olunan istiqamətlər üçün ayrılan vəsaitin məbləğinin, həmin vəsait hesabına alınmış (mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisidin miqdarı), habelə görülmüş iş və xidmətlərin həcminin (aparılmış aqrokimyəvi analizlərin sayı və torpaqların sahəsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına və qurulmasına çəkilən xərclər və sayı və s.) göstərilməsi.

“Məhsul subsidiyasının verilməsi” tədbiri üzrə:

- Hər bitki (pambıq, tütün, şəkər çuğunduru və s.) üzrə verilən məhsul subsidiyanın məbləğinin göstərilməsi ilə yanaşı istehsalçının sayı və təhvil verilən məhsulun miqdarının əlavə edilməsi;

- Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya ayrılan məhsul subsidiyası, istehsalçıların sayı, məhsulun miqdarı barədə məlumatların əlavə olunması;

- Monitorinq göstəriciləri (indikatorlar) üzrə 1 hektara düşən xərcin, habelə məhsuldarlığın kəmiyyət göstəricilərinin əlavə olunması.

“Toxum subsidiyasının verilməsi” tədbiri üzrə:

- Hər bitki üzrə verilən toxum subsidiyanın məbləğinin göstərilməsi ilə yanaşı istehsalçıların (toxumçu) sayının (fiziki və hüquqi şəxslər ayrı ayrılıqda göstərilməklə) və toxumun (kiloqram) və tingin (ədəd) miqdarının (R1 və R2 ayrı ayrılıqda göstərilməklə) əlavə edilməsi;

- Toxumçu tərəfindən toxumun və tingin fermer kartı vasitəsilə fermerə satışı “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Bununla əlaqədar olaraq, toxum subsidiyasından faydalanan fermerlərin (toxum alan) sayının da monitorinq göstəricilərinə (indikatorlar) əlavə olunması.

“Barama subsidiyasının verilməsi” tədbiri üzrə:

- İstehsal edilmiş baramanın miqdarı göstərilməklə yanaşı verilən istehsalçıların (kümçülərin) sayının əlavə edilməsi.

 

Chosen
42
35
azertag.az

10Sources