EN

Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr

  Xəbər verdiyimiz kimi Rusiya ordusu Ukraynaya qarşı növbəti raket və dron hücumları həyata keçirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, avqustun 17-də gecə saatlarında endirilən zərbələr nəticəsində Odessada “Nova Poçta” şirkətinə məxsus terminallardan biri və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi hədəfə alınıb. Hücumdan sonra şəhərdə güclü partlayış qeydə alınıb. Hazırda dağıntıların miqyası və itkilər barədə dəqiq məlumat açıqlanmayıb.

Bu, Rusiyanın SOCAR-ın Ukraynada yerləşən obyektlərinə ilk zərbəsi deyil. Bundan öncə də həm Odessadakı digər yanacaqdoldurma məntəqələri, həm də Azərbaycanın Ukraynaya qaz nəql edən infrastrukturu Rusiya raket hücumlarının hədəfinə çevrilmişdi. Beləliklə, Moskvanın ardıcıl olaraq Azərbaycan şirkətinə aid obyektləri vurması diqqət çəkir.

Referans bildirir ki, Musavat.com -a görə bu zərbələr təkcə hərbi əməliyyatların tərkib hissəsi deyil, həm də siyasi mesaj xarakteri daşıyır. Rusiya açıq şəkildə Azərbaycanı Ukraynaya göstərdiyi enerji və humanitar dəstəyə görə hədəfə alır. Bu yanaşma təkcə hərbi sahədə deyil, informasiya müstəvisində də özünü göstərir. Son günlər Rusiya mediasında və siyasi dairələrində Azərbaycanın ünvanına sərt açıqlamalar səsləndirilir.

Xüsusilə, Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kirill Kabanovun son açıqlamaları diqqət çəkib. O, Azərbaycanı Ukraynaya yardımı dayandırmağa çağıraraq, kobud və təhqiramiz ifadələrlə bizi işğalla hədələmişdi.

Rusiya məmuru Azərbaycan rəhbərliyini Ukrayna prezidenti Volodimir Zelenskiyə mənəvi dəstək verməkdə ittiham edib və bunun Rusiyaya qarşı açıq mövqe olduğunu vurğulayıb.

Kabanov Moskvanın atmalı olduğu “addımlar” barədə də danışıb. O, Azərbaycan diasporunun Rusiyada iqtisadi təsirini azaltmağı, Qafqazda mövqeləri gücləndirməyi və Azərbaycanın “Dağıstana təzyiq ehtimalına hazırlaşmağı” təklif edib. Daha sonra isə o, Rusiya adından Azərbaycanı işğal etmək
zərurətini söyləyib.

Bu isə Kremlin Bakı ilə münasibətlərə təzyiq göstərmək üçün müxtəlif vasitələrdən istifadə etdiyini göstərir.

Referans bildirir ki,Musavat.com-a görə, Moskva Azərbaycanla faktiki olaraq “proksi müharibə” aparır: bir tərəfdən informasiya təzyiqləri, digər tərəfdən isə Ukraynada SOCAR-ın obyektlərinə ardıcıl hücumlar bunun bariz nümunəsidir. Beləliklə, Rusiya həm cəbhədə, həm də diplomatik meydanda Azərbaycanı Ukraynaya dəstək mövqeyindən çəkindirməyə çalışır.  

Chosen
15
50
referans.az

10Sources