Braziliya A Seriyasının 20-ci turunda "Flamenqo" ötən gecə "İnternasional"ı 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri Juninyonun oyunun iştirak ərizəsində olmamasıdır. Yanvarda "Qarabağ"dan "Flamenqo"ya transfer olunan hücumçu artıq 3 matçdır ki, Braziliya klubunun heyətində yer almır. O, sonuncu dəfə avqustun 4-də "Seara"ya qarşı oyunda əvəzetmədən meydana daxil olub, avqustun 7-də "Atletiko"ya qarşı matçda ehtiyat heyətdə qalıb.
"Ge.globo" nəşrinin məlumatına görə, artıq Juninyo və bir neçə futbolçunun "Flamenqo"dakı prestiji azalıb. Filipe Luisin ona daha çox şans verməsi müzakirə olunur, lakin oyundan-oyuna ona ayrılan vaxt daha da azalır. Bildirilir ki, Juninyoya yay transfer pəncərəsində Səudiyyə Ərəbistanından təkliflər gəlib və 2 ərəb klubu icarə təklifi göndərib. Hər iki təklifi "Flamenqo" geri çevirib.