EN

“Sanksiyalar davam edəcək” - Avropadan Rusiyaya sərt mesaj

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskanın Anchorage şəhərində baş tutan görüşdən sonra Avropalı liderlərdən Ukraynaya dəstək gəlib.

Milli.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Birgə bəyanatda qeyd olunub:

"Beynəlxalq sərhədlər zorla dəyişdirilə bilməz. Rusiya iqtisadiyyatına təzyiq göstərmək üçün sanksiyaları artırmağa davam edəcəyik".

Tramp və Putin yüksək səviyyəli nümayəndə heyətləri ilə birlikdə keçirilən görüşdə iştirak ediblər. Təxminən 3 saat davam edən danışıqlarda konkret "sülh" razılaşması əldə olunmasa da, Putin növbəti görüş üçün Trampı Moskvaya dəvət edib.

"Ukraynaya dəstəyimiz davam edəcək"

Rusiya ilə Ukrayna arasında mümkün atəşkəsin müzakirə olunduğu görüşdən sonra Avropa liderləri birgə açıqlama yayaraq bildiriblər:

"Beynəlxalq sərhədlər zorla dəyişdirilə bilməz, Ukraynaya dəstəyimiz davam edəcək. Rusiya iqtisadiyyatına təzyiq göstərmək üçün sanksiyaları artırmaqda qərarlıyıq. ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı bəyanatını məmnuniyyətlə qarşılayırıq".

Putin: "Görüş konstruktiv keçdi"

Görüşdən sonra keçirilən mətbuat konfransında danışan Vladimir Putin bildirib:

"Görüşümüz konstruktiv, qarşılıqlı hörmətə əsaslanan və faydalı keçdi. Tramp ilə əldə etdiyimiz anlaşmanın məqsədimizə çatmağa və Ukraynada sülhün təmin olunmasına töhfə verəcəyinə ümid edirəm".

Tramp: "Hər şey Zelenskiyədən asılıdır"

Prezident Tramp isə bildirib ki, Putinlə keçirilən zirvə görüşündə bir sıra məsələlərdə irəliləyiş əldə olunub, lakin hələ də həll olunmamış vacib məsələlər qalır:

"İndi hər şey Prezident Zelenskiyədən asılıdır. Avropa ölkələri də müəyyən qədər bu prosesə müdaxilə etməlidir, amma əsas qərar Zelenskiyəyə bağlıdır".

O, gələcəkdə Putin və Zelenski arasında birbaşa görüşün baş tuta biləcəyinə işarə edərək əlavə edib:

"Zelenski və Putin arasında, mənim də iştirak edəcəyim bir görüş təşkil olunacaq. Əgər onlar istəsələr, növbəti toplantıda mən də orada olacağam. Bu görüşün reallaşmasına nail olmaq istəyirəm və bunun üçün kifayət qədər real şansımız var".

Zelenski ABŞ-a gedir

Görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski gözlənilməz açıqlama ilə çıxış edib:

"Bazar ertəsi günü Vaşinqtonda Prezident Tramp ilə görüşəcəyəm. Bu görüşdə müharibənin sona çatdırılması ilə bağlı bütün detalları müzakirə edəcəyik".

Kənan
Milli.Az

Chosen
53
50
milli.az

10Sources