EN

Bəyazıt Əlyazma Kitabxanasında minillik əsərlər qorunub saxlanılır

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

İstanbulun mərkəzində yerləşən Bəyazıt Əlyazma Kitabxanası 42 minə yaxın nadir əlyazma ilə tədqiqatçıları əsrlərlə geri aparır və bu zəngin irsi müasir texnologiya ilə gələcəyə daşıyır.

TurkicWorld xəbər verir ki, İstanbulun tarixi Bəyazıt Meydanında yerləşən Bəyazıt Əlyazma Kitabxanası mədəniyyətin və elmin nadir xəzinəsi kimi fəaliyyət göstərir. 1505-ci ildə Sultan II Bəyazid tərəfindən inşa edilən və bir zamanlar şorbaxana kimi fəaliyyət göstərən bu bina, 1882-ci ildən Osmanlı İmperiyasının ilk rəsmi kitabxanasına çevrilərək “Osmanlı Kitabxanası” adı ilə xidmətə başlayıb.

2014-cü ildən etibarən “Bəyazıt Əlyazma Kitabxanası” adı ilə fəaliyyət göstərən bu müəssisə bu gün artıq təkcə Türkiyənin deyil, dünyanın ən zəngin əlyazma kolleksiyalarından birinə sahibdir. Kitabxanada təxminən 42.500 nadir əlyazma qorunur. Bunlar arasında 1136 illik “Kitab-ı Mensur”, 1025 illik “Fıx-ı Lüqa” kimi qədim ədəbiyyat və dil əsərləri də yer alır.

Kitabxananın direktoru Salih Şahinin verdiyi məlumata görə, əsərlər xüsusi şəraitdə – nizamlı şəkildə ölçülən temperatur və rütubətə nəzarət olunan otaqlarda saxlanılır. “Kitab Xəstəxanası” adlanan xüsusi bölmə isə əsərlərin konservasiyası və bərpası ilə məşğul olur. Keçmişdə mühafizə şəraiti zəif olan dövrlərdə zədələnmiş və göbələk tutmuş bir çox nadir əlyazma artıq bərpa olunaraq rəflərə qaytarılıb.

Kitabxana təkcə qoruma ilə kifayətlənmir, həm də bu bilik irsini gələcək nəsillərə ötürmək üçün texnologiyanın imkanlarından maksimum istifadə edir. Əsərlərin 90 faizindən çoxu artıq rəqəmsallaşdırılıb və tədqiqatçılar dünyanın istənilən nöqtəsindən bu materiallara onlayn şəkildə müraciət edə bilirlər. Şahin bildirir ki, oxucu sorğuları həm kitabxana portalı, həm də e-poçt vasitəsilə qəbul olunur və rəqəmsal nüsxələr tədqiqatçılara təqdim edilir.

Bu qədim divarlar arasında qorunan Quran nüsxələri, miniatür məsnəvilər, tibbi traktatlar və dini əsərlər təkcə tarixə deyil, gələcəyə də işıq salır. Bəyazıt Əlyazma Kitabxanası həm yerli, həm də beynəlxalq alimlər üçün əvəzolunmaz elmi mənbəyə çevrilmişdir.

Chosen
16
6
turkic.world

5Sources