Dünyanın diqqətlə izlədiyi Tramp-Putin sammiti Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında baş tutdu. Təxminən, iki saat yarım davam edən görüşdən sonra Rusiya prezidenti Vladimir Putin qonaqpərvərliyə görə təşəkkür edərək, Ukraynada münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini dedi. Donald Tramp isə hələlik nəticə olmadığını, lakin əhəmiyyətli irəliləyişin əldə edildiyini vurğuladı. O, Putinin müharibəni bitirmək istədiyinə əmin olduğunu söylədi və tezliklə yeni görüşə ümid etdiyini vurğuladı. Putin isə zarafatla “Next time in Moscow?” (“Növbəti dəfə Moskvada?”) sualı ilə cavab verdi. Amma okeanın bu tayında görüşün nəticələrinə fərqli prizmalardan yanaşırlar.
“Axios” jurnalisti Barak Ravidin yazdığına görə, Putin görüşdə atəşkəs ideyasını dəstəkləmədi. O, bunun əvəzinə müharibəyə son qoymaq üçün hərtərəfli sülh müqaviləsi imzalanmasını təklif etdi. Prezident Tramp da sonradan sosial şəbəkə profilində yazdı ki, atəşkəs sazişləri çox vaxt davamlı olmur, ən doğru yol sülh müqaviləsidir. Cənab Tramp, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və NATO rəhbərləri ilə telefon danışıqlarını “çox yaxşı” adlandırdı və yaxın günlərdə Ukrayna prezidentinin Oval kabinetə gələcəyini açıqladı. O əlavə etdi ki, əgər proses uğurla irəliləsə, tezliklə Putinlə növbəti görüş də keçirilə bilər.
Qərb məbuatı mənbələrinə istinadən yazırlar ki, ABŞ Rusiya ilə sülh sazişi imzalanacağı təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti kimi “NATO-nun 5-ci maddəsinin” analoqunu təklif edir. Bu məsələnin Donald Trampın Rusiya prezidenti ilə görüşündə qaldırıldığı və bu ideyanın Vladimir Putin tərəfindən bəyənildiyi iddia olunur. Amerika tərəfinin Ukrayna prezidenti Volodimir Zelenskiyə Vaşinqtonun dəstəkləyə biləcəyi mümkün təhlükəsizlik təminatları ilə bağlı təklif səsləndirdiyi də vurğulanır. Mənbənin sözlərinə görə, belə təminatlardan biri “NATO müqaviləsinin 5-ci maddəsinə” bənzər öhdəlik ola bilər, lakin bu zəmanət birbaşa NATO tərəfindən verilməyəcək.
İddia olunur ki, məzmunca “NATO-nun 5-ci maddəsinə” oxşar, lakin Alyansın iştirakı olmadan təminat “Putinlə razılaşdırılmışdır”. Eyni zamanda, CNN-in verdiyi məlumata görə, Avropa liderləri və Tramp ABŞ-ın Ukraynaya dəstək verəcəyinə dair təhlükəsizlik zəmanətlərini müzakirə edirlər. Avropa rəsmiləri bildirirlər ki, sülh razılaşması əldə olunarsa, ABŞ və avropalılar NATO-nun iştirakı olmadan “5-ci maddə kimi” təhlükəsizlik zəmanətlərini dəstəkləyəcəklər. Məlum olduğu kimi, NATO müqaviləsinin 5-ci maddəsində kiməsə hücum edildiyi təqdirdə hər bir üzv üçün kollektiv müdafiə nəzərdə tutulur.
Amma bu təklif Ukraynada birmənalı qarşılanmır. Məsələn, deputat, Ali Radanın hüquq-mühafizə fəaliyyəti üzrə komitəsinin üzvü Maksım Bujanskinin sözlərinə görə, NATO-nun 5-ci maddəsinə bənzər Ukrayna üçün təhlükəsizlik zəmanətləri Kiyevi real müdafiə ilə təmin etməyəcək, əksinə, “Budapeşt Memorandumu-2”-yə bənzəyəcək. Bujanski əlavə edir ki, yardım digər NATO-ya üzv dövlətlərlə birgə verilir. Bu, mütləq hərbi xarakter daşımır və hər bir ölkənin maddi imkanlarından asılıdır. Buna görə də Alyansa üzv olan hər bir dövlət hansı töhfə verəcəyinə müstəqil qərar verir. Hər bir ölkə son məqsədin “Şimali Atlantika regionunda təhlükəsizliyin bərpası və qorunması” olduğunu nəzərə alaraq digər üzv dövlətlərlə məsləhətləşir: “Bu, heç bir şey deyil, sadəcə, “Budapeşt Memorandumu-2”-dir. Prinsipcə heç bir təminat olmadığını etiraf etmək və yalnız özünə güvənmək daha sadə və təhlükəsizdir və istənilən kömək əlavə bonusdur”.
Dünən Avropa Birliyi liderlərinin qəbul etdikləri bəyanatda da qeyd olunur ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü danışıqlarda əsas prinsip olmalıdır. Avropa üçtərəfli sammitə hazır olduğunu bəyan etsə də, birmənalı şəkildə bildirdi ki, Rusiya Ukraynanın NATO və Aİ yoluna veto qoya bilməz. Avropa ölkələri Ukraynanı gücləndirmək, hərbi əməliyyatlara son qoymaq və davamlı sülhə nail olmaq üçün işlərini davam etdirəcəklərini də açıqladılar. Eyni zamanda, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi istiqamətində yeni addımların atılacağı da vurğulanır.
Əlbəttə, Alyaska görüşü hələlik konkret nəticə verməsə də, prosesin gedişatı gələcəkdə bir neçə istiqamətdə inkişaf edə bilər. Birincisi, Donald Trampın vasitəçiliyi ilə Kiyev və Moskva arasında ilkin razılaşmaların əldə olunması ehtimalı var. Bu proses Zelenskinin Vaşinqton səfəri ilə yeni mərhələyə keçə bilər. İkincisi, Avropa liderlərinin birgə bəyanatı göstərir ki, onlar Trampın təşəbbüslərinə qoşulmağa hazırdırlar. Yaxın aylarda ABŞ–Aİ–Ukrayna üçtərəfli formatının təşəkkül tapması mümkündür. Bundan başqa, Vladimir Putinin atəşkəs deyil, hərtərəfli müqavilə istəyi onun uzunmüddətli təminatlar əldə etmək niyyətini göstərir. Bu, həm təhlükəsizlik zəmanətləri, həm də sanksiyaların yumşaldılması məsələsini gündəmə gətirə bilər.
Amma münaqişənin uzanması riski də qalır. Ona görə ki, tərəflərin ciddi güzəştə getməyəcəkləri heç kimə sirr deyil. Avqustun 18-də Ağ Evdə keçiriləcək Tramp-Zelenski danışıqlarında ciddi irəliləyiş əldə olunmasa, Vaşinqtonun münaqişənin həll olunması istiqamətindəki fəallığı səngiyə bilər. Çünki Donald Trampın son bəyanatları belə deməyə əsas verir ki, ABŞ münaqişənin tezliklə həll olunmasında çox maraqlıdır. Amma münaqişə tərəflərinin mövqelərindəki ciddi ziddiyyətlər sülhün yaxında olmadığı qənaətini gücləndirir Belə olduğu təqdirdə müharibənin qeyri-müəyyən müddətə uzanacağı qaçılmaz olacaq.
“Qoca qitə”nin də son bəyanatından belə görünür ki, Avropa prezident Trampın sülh təşəbbüslərini dəstəkləyir, lakin Ukrayna münaqişəsinin həllində Kiyevin haqlı mövqeyini dəstəkləməkdən imtina etməyəcək. Yəni avropalılar birmənalı şəkildə diqqətə çatdırırlar ki, Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları yumşaltmaq fikrində deyillər. Eyni zamanda, Avropa liderləri vurğuladılar ki, ərazisi ilə bağlı qərarları Ukrayna özü verməlidir. Bu bəyanatı “The New York Times” qəzeti də belə qiymətləndirir ki, Avropa İttifaqı prezident Donald Trampın Ukrayna üzrə ilkin atəşkəs olmadan hərtərəfli sülh sazişinin bağlanması təşəbbüsünü faktiki olaraq dəstəkləmədilər.
Bir sözlə, Alyaska görüşü hələlik yalnız “dialoqun başlanğıcı” kimi qiymətləndirilə bilər. Hadisənin sonrakı inkişafı tərəflərin davranışlarından asılı olacaq.
Səbuhi MƏMMƏDOV
XQ