EN

Politoloq Ülkər Piriyeva: Yeni Yalta Kölgəsində: Tramp–Putin Görüşünün Geosiyasi Kodları » AzadMedia.az

Politoloq


Bakı, 16 avqust — Azadmedia.az



Alyaskada baş tutan Tramp–Putin görüşü dünya mediasının əsas mövzularından birinə çevrilib. Görüşün rəsmi nəticələri ilə yanaşı, onun geosiyasi mahiyyəti də geniş müzakirə olunur. Politoloq Ülkər Piriyeva “Azadmedia.az”a verdiyi şərhdə bu dialoqun beynəlxalq münasibətlər sistemində yaratdığı yeni reallıqlara, xüsusilə də Ukrayna böhranı fonunda ortaya çıxan siyasi mesajlara diqqət çəkib.

Alyaskada baş tutan Tramp–Putin görüşü dünya siyasətində böyük rezonans doğurdu. Görüşün nəticələrinə nəzər saldıqda, əslində konkret və praktik razılaşmalar əldə olunmasa da, siyasi şou effekti və beynəlxalq münasibətlərdə güc balansına verilən mesajlar diqqət çəkir.

İlk növbədə, Putin üçün bu görüş diplomatik təcriddən çıxışın simvolik qələbəsi idi. Kreml uzun müddətdir Qərbin sərt sanksiyaları və siyasi blokadası fonunda beynəlxalq gündəmdə “legitim oyunçu” statusunu bərpa etməyə çalışırdı. Tramp kimi nüfuzlu fiqurun onu ABŞ torpaqlarında qəbul etməsi – nə qədər nəticəsiz olsa da – Moskvanın diplomatik mövqelərinin gücləndirilməsinə xidmət etdi.

Digər tərəfdən, Trampın davranışları daha çox “vasitəçi lider” obrazını formalaşdırmaq cəhdləri idi. O, Ukrayna məsələsində açıq şəkildə barış razılaşmasından danışsa da, əslində heç bir mexanizm irəli sürməməklə yalnız özünü beynəlxalq siyasətdə “sülhün təşəbbüskarı” kimi göstərməyə çalışdı. Bu, Trampın daxili siyasətdə dəstəyi qorumaq, həmçinin ABŞ-ın qlobal oyunçu statusunu yenidən təsdiqləmək niyyəti ilə bağlıdır.

Ancaq qeyd etməliyəm ki, burada mühüm bir məqam var: görüş Ukraynanın iştirakı olmadan keçirildi. Bu, beynəlxalq hüquqi çərçivələr baxımından qəbulolunmazdır və həm Ukraynanın suverenliyinə, həm də Avropanın təhlükəsizlik arxitekturasına ciddi zərbədir. Əslində, Putin bu formatla Qərbə “mənimlə danışmadan heç bir qərar verilə bilməz” mesajını verdi.

Avropa İttifaqının və NATO-nun sərt reaksiyaları da məhz buradan qaynaqlanır. Çünki Alyaskadakı görüş faktiki olaraq yeni “Yalta” modelini xatırladır: böyük güclər kiçik dövlətlərin taleyini öz aralarında bölüşdürürlər. Bu isə XXI əsrin beynəlxalq hüquq prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir.

Hesab edirəm ki, reallaşan Alyaska görüşü siyasi teatr idi. Putin diplomatik statusunu möhkəmləndirdi, Tramp isə “barış tərəfdarı” imici qazandı. Amma Ukrayna üçün təhlükə artdı, Avropa üçün isə ciddi xəbərdarlıq siqnalı yarandı. Ən əsası isə bu görüş göstərdi ki, böyük güclərin geosiyasi oyunları real müharibənin acı reallıqlarını dəyişmir, sadəcə olaraq onları siyasi alver predmetinə çevirir.
Chosen
13
50
azadmedia.az

10Sources