EN

6500 manat təhsil haqqı olar? Ekspertlər iki cəbhəyə bölündü

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək

 2025/2026-cı tədris ilindən etibarən Azərbaycanın bir sıra ali təhsil müəssisələrində təhsil haqlarında artım olacaq. Universitetlər təhsil haqqının artırılmasını təhsil xidmətlərinin maya dəyərinin artması ilə izah edirlər. Valideyn və tələbələr isə narahatdırlar. 

Ən çox müzakirə olunan Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqlarının birbaşa 2000 manat artırılmasıdır. Məlumata əsasən, ATU-da təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.

Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb: "Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb". Qeyd edək ki, artımın konkret səbəbi ilə bağlı sual cavabsız qalıb.

Şübhəsiz ki, Tibb Universitetində təhsil haqqının birbaşa 2000 Azn artırılması tibb təhsili almaq istəyən onlarla gəncin arzusuna qırmızı xətdir. 6000-6500 Azn təhsil haqqı Azərbaycan ailələri üçün asan əlçatan məbləğ deyil.

Təhsil haqqının yüksəldilməsi xüsusilə aztəminatlı ailələrdən olan gənclər üçün böyük maneə yaradır. Təhsil yalnız təhsil haqqından ibarət deyil, tələbənin yemək xərci, qalma yeri, yolpulu və digər gündəlik ehtiyacları da nəzərə alınmalıdır. Bu xərclər üst-üstə gəldikdə, təhsil əlçatmaz hala gəlir. Belə vəziyyət, tədricən gənclərin təhsildən uzaqlaşmasına, nəticədə isə cəmiyyətin gələcək potensialının zəifləməsinə səbəb ola bilər.

Bu vəziyyət təkcə iqtisadi problem deyil, bu, həm də ciddi bir sosial və mənəvi çağırışdır.  

Kasıb və istedadlı gənclər Tibb Universitetində necə oxusun? 

Onların arzuları, bacarıqları, həvəsi niyə yalnız təhsil haqqının həcmi ilə ölçülməlidir? 

Sabiq millət vəkili və təhsil eksperti Etibar Əliyev sosial media hesabında “Tibb” ixtisasının təhsil haqqının 2000 manat artırılaraq 6500 manat olmasına etiraz edib: 

“Səmimiyyətimə inanın, indiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz”. O, təhsil haqqının bu qədər artırılmasının imkansız şəxsləri ciddi çətinliklərlə üz-üzə qoyduğunu vurğulayıb:

“Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir. Onları təhsil hüququndan məhrum etmək və banklara təslim etməkdir”.

Pediatr Vaqif Qarayev də “Şərq”ə açıqlamasında təhsil haqqının artırılmasını tənqid edib: “Tibb Universitetinin "Tibb" fakültəsində təhsil haqqı 2000 manat artırılaraq 6500 manata çatıb. Yəni həkim olmaq istəyən bir tələbə 6 il ərzində 39 000 manat ödəməlidir. Digər xərcləri də nəzərə alsaq, diplom ortalama 80-100 min manata başa gələcək. Ödənişsiz oxumaq üçün tələbələr 650+ bal toplamalıdır. Amma ödənişlə oxuyanların əksəriyyəti zəngin ailələrdən olmur və valideynlər bu xərci qarşılamaq üçün ciddi əziyyət çəkəcəklər. İndi sual olunur: təhsil haqqı artırılandan sonra təhsilin keyfiyyətində fərq olacaq, yoxsa imkanı olanlar yenə diplomu alıb xaricə üz tutacaq?”.

Milli Məclisin Səhiyyə və Elm Təhsil Komitəsinin üzvü Rəşad Mahmudov isə hesab edir ki, tibb təhsili həm strateji, həm də yüksək maliyyə tələb edən bir sahədir və onun keyfiyyətli olması ölkənin səhiyyə sisteminin gələcəyini birbaşa müəyyən edir. Onun sözlərinə görə, dövlətin islahatları, sosial dəstək mexanizmləri və keyfiyyətli təhsil imkanları birlikdə, gənclərin arzularını reallığa çevirəcək, səhiyyə sahəsində dayanıqlı və dünya səviyyəli inkişafı təmin edəcək: 

“Fərqli yanaşmaların olması təbiidir və hər bir fikrə hörmətlə yanaşmaq, sağlam müzakirə mühitini qorumaq cəmiyyətimizin inkişafı üçün vacibdir. Müxtəlif baxış bucaqları, əslində, bizi daha möhkəm və balanslı qərarlara aparır.

Unutmamalıyıq ki, dünyanın hər yerində tibb təhsili digər sahələrlə müqayisədə ən bahalı və ən strateji təhsil növüdür. Bunun səbəbi sadədir – həkim yetişdirmək üçün ən müasir texnologiyalar, yüksək ixtisaslı müəllim heyəti, geniş klinik baza və praktiki təcrübə imkanları tələb olunur. Əgər biz tibbin gələcəyinə güvənmək və səhiyyəmizi dünya səviyyəsinə çıxarmaq istəyiriksə, təhsilə qoyulan investisiya da bu səviyyəyə uyğun olmalıdır.

Bu, heç də imkansız ailələrin övladlarının həkim olmasına maneə yaratmır. Çünki ölkəmizdə fəaliyyət göstərən TələbəKreditFondu – illik cəmi 2 faiz simvolik faizlə, işə başladıqdan sonra uzun illər ərzində qaytarılma imkanı ilə – dünyada bəlkə də ən nümunəvi sistemlərdən biridir. Əsas məsələ, bu fondun imkanlarından cəmiyyətin düzgün və effektiv şəkildə yararlanmasıdır. Təəssüf ki, hələ də bir çox tələbə və ailə bu imkandan tam istifadə etmir və mövzunu yalnız qiymət artışı prizmasından dəyərləndirir. Halbuki dövlətin, eləcə də müxtəlif fondların məqsədi, istedadlı gənclərin maddi çətinlik səbəbindən təhsildən kənarda qalmamasıdır.

Gələcəkdə, bəzi (Almaniya) inkişaf etmiş ölkələrdə olduğu kimi, yerli vətəndaşlar üçün tamamilə dövlət və ya xüsusi fondlar tərəfindən qarşılanan təhsil modelinə keçid mümkündür. Amma bu, “təhsil pulsuzdur” deyərkən pulun ödənilməməsi anlamına gəlmir – sadəcə, həmin ödənişlərin dövlətin daxili resursları və sosial mexanizmlər vasitəsilə təmin olunması deməkdir.

Bu gün ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə də Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin və səhiyyənin paralel inkişafına yönəlmiş siyasət, məhz yüksək keyfiyyətin, sosial bərabərliyin və davamlı inkişafın təmin olunmasına xidmət edir. Bu siyasətin əsasında həm milli resurslarımızın səmərəli idarə olunması, həm də gələcək nəsillər üçün dayanıqlı və ədalətli sistemin qurulması dayanır.

Ona görə də bu məsələyə yalnız bir tərəfdən baxmaq doğru deyil. Yüksək keyfiyyətli təhsil üçün adekvat maliyyə təminatı vacibdir, eyni zamanda sosial bərabərlik üçün mövcud mexanizmlərin hamı tərəfindən düzgün və məqsədyönlü istifadəsi təmin olunmalıdır. İnkişafın yolu - qarşılıqlı hörmət, obyektiv yanaşma və birlikdə məsuliyyət hissi ilə mümkündür”.

Deputatın fikrincə, məqsəd yalnız qiymət artımı mübahisəsi deyil, əsas məqsəd sabahın yüksəkixtisaslı həkimlərini yetişdirmək və bunun üçün ədalətli, davamlı bir sistem qurmaqdır: 

“Arzumuz isə bəlkə bu gün hamımız üçün bir xəyal kimi görünə bilər, amma Qarabağ kimi mürəkkəb bir problemini həll etmiş xalq və dövlətin tam pulsuz, ən müasir tibbi xidmətlərlə təchiz olunmuş, dünyanın ən yüksək səviyyəli tibbi təhsilini verən, müəllimlərinin qürur, tələbələrinin isə xoşbəxtlik hissi ilə yaşadığı bir təhsil mexanizmini quracağına heç şübhəmiz olmasın”.

Təhsil eksperti Elçin Əfəndi sadəcə ATU-da yox, bütün ali təhsil ocaqlarında təhsil haqqının yüksək olduğunu deyib.  Ekspertin fikrincə, Azərbaycanda illik təhsil haqlarını region ölkələrlə müqayisə etdikdə olduqca çoxdur: 

“Ödənilən təhsil haqqı, təhsilin keyfiyyətindən yüksəkdir. Alınan məbləğ müqabilində keyfiyyətli təhsil verilmir. Tələbənin ödədiyi illik təhsil haqqı ilə ona keçilən dərsin keyfiyyəti arasında böyük ziddiyyət var. Bir neçə universiteti çıxmaqla Azərbaycanda fəaliyyət göstərən heç bir ali təhsil ocağının “kampus”ları yoxdur, yataqxanalar bərbad vəziyyətdədir, laboratoriyalarında iş aparılmır. Müasir təhsil standartları və innovasiyalara cavab verən təhsil bazaları da yoxdur. Əgər tələbələri bununla təmin etmiriksə, bu qədər yüksək təhsilhaqqı tələbi də səhvdir. Təhsil haqqı artırılsa, burada təhsilin keyfiyyətində də artım olmalıdır, o cümlədən, universitetin infrastrukturu, tələbələr üçün komfort yaxşılaşdırılmalıdır. Əgər bunlar olmursa, sadəcə təhsil haqqı artırılırsa, bu, gələcəkdə fəsadlar yarada bilər. Bu fəsadlara tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini dayandırmaq məcburiyyətində qalması da daxildir. Halbuki dövlət başçısı konkret olaraq dəfələrlə bildirir ki, hər bir tələbə üçün təhsilin əlçatanlığı təmin olunmalıdır”.

Ekspert xatırladıb ki, tələbələrin təhsilə əlçatanlığını prioritet olaraq götürdüyümüz zaman biz bu yolda imzalanmış digər fərmanla qarşılaşırıq: “Bu, Tələbə Təhsil Kredit Fondunun yaradılmasıdır. Bu, tələbələrin təhsillərini rahat formada davam etdirmələri üçün yaradılmış bir fonddur. Oradan sosial və standart kredit olmaqla müəyyən qədər kredit götürə bilirlər və təhsillərini davam etdirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, təhsil haqqının artırılması ilə maraqlı olan universitet rəhbərləri, o cümlədən universitetlərin pedaqoji şuraları da ailələrin büdcələrini və gəlirlərini nəzərə aldıqdan sonra qərar verməlidirlər”.

E.Əfəndi hesab edir ki, Avropa və qardaş Türkiyənin bəzi nüfuzlu universitetlərinin təhsil haqlarını belə Azərbaycan universitetlərindən daha münasib hesab etmək olar: “Düşünürəm ki, bu ödənişləri tənzimləyən mexanizm olmalıdır, xüsusi qurumun yaradılmasına ehtiyac var. Hər universitet istədiyi kimi qiymət qoyduqda pərakəndəlik yaranır. Düzdür, Nazirlər Kabinetinin təhsil haqları ilə bağlı qərarı mövcuddur, lakin orada da bu məsələnin hansı qurum tərəfindən idarə edilməsi ilə bağlı konkret müddəa yoxdur”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı da bizimlə söhbətində qeyd edib ki, Azərbaycan Tibb Universitetində illik təhsil haqqının 6500 manat müəyyən edilməsi minimum əmək haqqının 400 manat, orta aylıq əmək haqqının isə təxminən 1100 manat olduğu şəraitdə ciddi və haqlı suallara səbəb olur: 

“Sadə hesablamaya görə, minimum əmək haqqı miqdarında maaş alan ailə bütün illik gəlirini təhsil haqqına yönəltsə belə, tələb olunan məbləğə çatmır. Orta əmək haqqı alan ailələr isə gündəlik zəruri xərclərini qarşıladıqdan sonra bu məbləği toplamaq üçün böyük məhrumiyyətlər hesabına qənaət etməlidir. 

Bu isə ali tibbi təhsilin əhalinin böyük bir hissəsi üçün real əlçatanlığını məhdudlaşdırır və ölkənin intellektual potensialının formalaşmasına mane olur.

Unutmaq olmaz ki, universitetin əsas xərclərinin böyük hissəsi dövlət tərəfindən maliyyələşdirilir – infrastruktur, laboratoriyalar, akademik heyətin maaşları və digər əsas xərclər dövlət büdcəsindən qarşılanır. Belə olan halda qalan maliyyə yükünün tam şəkildə tələbələrin üzərinə qoyulması doğru yanaşma deyil.

Dünyada ali təhsil müəssisələrinin uğurlu maliyyələşmə modeli yalnız təhsil haqlarına söykənmir. Tədqiqat qrantları, beynəlxalq layihələr və universitetin elmi-texnoloji məhsullarının kommersiyalaşdırılması əsas gəlir mənbələrini təşkil edir.

Hə, bir də o sual yaranır: Həqiqətənmi, Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddur?”.

ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasının müdiri, dosent Samir Cavadlı isə sosial media hesabında təhsil haqqının artırılmasını tənqid edən ekspertlərə qarşı çıxıb. Həkim qeyd edib k, ATU-da ödənişli əsaslarla təhsilalanlar üçün təhsil haqqının artırılması ilə bağlı hər kəs bilib bilmədən fikir yürüdür: “Bu gün maliyyələşmə adambaşına maliyyələşmədir, neçə tələbən varsa, o qədər büdcən var, əlavə büdcə ayrılmır. Yəni dövlət hesabına oxuyanların təhsil haqqını dövlət ödəyir, ödənişli qazananlar isə öz təhsil haqqını ödəyir. Əlavə olaraq ali təhsil müəssisəsinə büdcə ayrılmır. O zaman digər xidmətlərin artdığı vaxtda təhsil haqqının artırılmaması necə mümkün ola bilər? Bu müəssisə işıq, qaz, su və digər kommunal pulu vermirmi? Təmir aparmırmı? Tədris üçün lazım olan ləvazimatlar nəyin hesabına alınır? Yalnız IV inyeksiya üçün maket qolun qiyməti 2500 dollardı. Bu maketlər ölkədə istehsal olunmur və heç bir şirkət bunu pulsuz vermir. Sadəcə, 1 saatda gələn qrupların sayını düşünəndə hər dərsə 7-8 maket lazım olur, hesabı özünüz düşünün. Bu, sadəcə, bir kafedranın bir dərsi üçün lazım olan ləvazimatdır. Bu söhbəti qızışdıran keçmiş millət vəkili fəaliyyəti dövründə neçə ədəd maket, mulyaj alıb universitetə ianə edib? Və ya xarici ölkələrdən nümunə verən həmkarlar misal gətirdiyiniz ölkələrdə olduğu kimi, bitirdiyiniz universitetə nə vaxt bir ianə edib 100 ədəd şpris, 1 ədəd kardioqramma cihazı alıb bağışlamısız? Orta əmək haqqının aşağı olub bu məbləği ödəyə bilməzlər deyənlər, tədris edən müəllimlər hava və su ilə qidalanmır, onların da ailəsi var, kommunal pulu ödəyirlər, yemək yeyirlər, yol pulu verib transportla gəlirlər. Savadlı olub kasıb olan qisim necə pulu ödəyəcək deyirlər. Yüksək savadı olan bir abituriyent niyə aşağı bal toplayaraq ödənişli təhsili qazanır? Və ya ödənişli əsasla təhsil ümumi qəbulun neçə faizini təşkil edir, bunu bir araşdırdınızmı? Hər il ödənişli azaldılaraq dövlət hesabına təhsil artırılır”. 

Professor Adil Qeybulla da "Şərq"ə açıqlamasında  bildirib ki, bütün dünyada universitetlərin böyük əksəriyyəti ödənişlidir: 

 "Adətən ali təhsil müəssisələri publik hüquqi şəxs kimi fəaliyyət göstərir və öz maliyyəsini özləri təmin edirlər. Məsələn, İngiltərədəki universitetlərin hamısı müstəqildir və heç bir qurumdan asılı olmadan fəaliyyət göstərir. Bir çox ölkələrdə isə müəllimlər cəmiyyətin ən imtiyazlı şəxsləri hesab olunur. Onların verdiyi qərarlara nə rektorlar, nə də təhsil nazirləri müdaxilə edə bilmir.

Azərbaycanda da əsas diqqət universitetlərdə təhsilin keyfiyyətinə yönəldilməlidir. Təkcə Azərbaycan Tibb Universitetində 2000-dən çox professor-müəllim heyəti fəaliyyət göstərir. Bundan əlavə, texniki işçilər də var və onların maaşlarının ödənilməsi, eləcə də universitetin kommunal xərclərinin qarşılanması vacibdir.

Universitetin nəzdində iki klinika fəaliyyət göstərir: Tədris-Terapiya və Tədris-Cərrahiyyə klinikaları. Hər iki klinika universitetin maliyyə vəsaiti hesabına saxlanılır ki, bu da kifayət qədər çətin prosesdir. Buna görə də dövlət ali təhsilin keyfiyyətinin artırılmasında maraqlı olmalı və ali təhsillə bağlı sosial tədbirlər həyata keçirməlidir".

Tibb Universitetində təhsil haqqının artırılması ilə bağlı tənqidlərə toxunan professor qeyd edib ki, əsas məsələ artımı tənzimləmək deyil, tələbələr üçün bu artımın kompensasiya yollarını tapmaqdır. Onun fikrincə, tələbələrə dəstək məqsədilə xüsusi fondlar yaradılmalıdır: 

" Universitetləri tənqid etmək problemin həlli deyil, çünki onlar öz-özünü maliyyələşdirən qurumlardır və ağır şərtlər altında fəaliyyət göstərirlər. Bu reallığı nəzərə almaq lazımdır. Azərbaycan Tibb Universitetində təhsil haqqının 6500 manata qaldırılması məsələsinə də məhz bu kontekstdə baxmaq lazımdır. Qiymət artımının səbəblərini başa düşmədən, yalnız universiteti hədəfə almaq ədalətli olmaz. Əsas məqsəd keyfiyyətli təhsil vermək və tələbələrin bu təhsilə çıxış imkanlarını qorumaqdır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
27
sherg.az

10Sources