EN

“Əş-Şarq əl-Avsət”: Zəngəzur dəhlizi göstərir ki, yolların kəsişməsi və birləşməsi kontekstində beynəlxalq münasibətlər yenidən formalaşır

Qahirə, 17 avqust, AZƏRTAC

Türkiyədən keçməklə Azərbaycandan Avropaya və Yaxın Şərqə, Azərbaycan üzərindən keçməklə isə Türkiyədən Mərkəzi Asiyanın qəlbinə aparan Zəngəzur dəhlizi siyasi və iqtisadi coğrafiyaları bir-biri ilə birləşdirir. Bu dəhliz bir tərəfdən Türkiyə üçün “Turan yolu” vasitəsilə türk dünyasına təhlükəsiz çıxış imkanı verir, digər tərəfdən isə Azərbaycanının enerji resurslarının hazırda fəaliyyət göstərən Bakı – Ceyhan marşrutundan daha ucuz və sürətli marşrutlarla dünya bazarına çıxmasına şərait yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Səudiyyə Ərəbistanının Londonda nəşr olunan nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Mustafa Fahsın “Zəngəzur dəhlizi... kəsişmə və birləşmə strategiyası” adlı məqaləsində bildirilir.

Yazıda, həmçinin qeyd olunur ki, ABŞ bu dəhliz vasitəsilə Cənubi Qafqazda yeni geostrateji nizam qurmağı bacarıb, çünki bu bölgə əsrlər boyu Rusiyanın nüfuz dairəsinə daxil olub. Lakin Rusiya Qərbyönümlü siyasi qüvvələrin İrəvanda hakimiyyətə gəlməsinin qarşısını ala bilmədiyindən, ardınca isə daxili problemlər, Ukrayna müharibəsinə başı qarışması səbəbindən müttəfiqi Ermənistanı Azərbaycanla müharibədə müdafiəsiz qoyub, nəticədə müharibədən sonra bu dəhlizi canlandırmağa çalışsa da, buna nail ola bilməyib. İran isə Azərbaycan – Ermənistan müharibəsi zamanı ehtiyatlı mövqe sərgiləyərək, həm milli təhlükəsizlik risklərindən, həm də əsrlərdir dövlətin dayaqlarından sayılan İran azərbaycanlılarının reaksiyasından çəkinib, Ermənistana açıq şəkildə dəstək verməyib.

Eyni zamanda, məqalədə diqqətə çatdırılır ki, Ağ Evdə baş tutan Azərbaycan və Ermənistan liderlərinin salamlaşma mənzərəsi isə Tehran üçün əsl geostrateji kabusa çevrilmişdir. Ağ Evdə “Sülh və rifah naminə Tramp marşrutu” adlanan Zəngəzur dəhlizi İranın Ermənistan üzərindən Rusiyaya və Avropaya gedən yeganə marşrutunu kəsməklə, həm də ölkənin enerji siyasətini ABŞ-ın himayəsi və tərəfdaşlığı ilə tarixən rəqabət apardığı Türkiyənin nəzarətinə vermiş olur. ABŞ-ın dəstəyi və Rusiyanın sükutu fonunda bu dəhliz qlobal enerji balansını dəyişməklə, Vaşinqtonu bölgədə mühüm oyunçuya çevirir.

Hazırkı məqamda İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə toxunan müəllifi onun yeni reallıq qarşısında çarəsiz vəziyyətə düşdüyünü qeyd edib. “Geostrateji mövqeyini itirdiyinə, məhdud, yaxud tükənmiş imkanları səbəbindən İran bu reallığı dəyişə bilmədiyinə görə, yalnız geo-iqtisadi maraqlarını qorumağa çalışır və yaranmış yeni reallıqla barışmaq məcburiyyətində qalıb. Bu kontekstdə İran hakimiyyətinin bir sıra rəhbər şəxslərinin son bəyanatlarından fərqli fikirlər səsləndirən İran Prezidenti Məsud Pezeşkian mətbuata verdiyi açıqlamalarda dəhlizlə bağlı İranın bütün tələblərinin nəzərə alınacağını vurğulayıb”, - deyə yazıda bildirilir.

Məqalənin sonunda diqqətə çatdırılır ki, bu dəhlizlə yolların kəsişməsi və birləşməsi kontekstində beynəlxalq münasibətlər yenidən formalaşır, tranzit ölkələrin əhəmiyyəti hasilat ölkələrinin əhəmiyyəti ilə bərabərləşir. Bu amili İraq, Suriya və Livan kimi dövlətlər də anlamalıdır, çünki həmin ölkələr həm enerji resursları, həm də mühüm tranzit yolları üzərində yerləməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Chosen
53
50
azertag.az

10Sources