EN

Samir Abasov: “Avrokuboklarda oynamaq istəyirik”

Misli Premyer Liqasının I turu çərçivəsində “Neftçi” öz meydanında "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Komandada yeni mövsümdə bəzi dəyişikliklər edilib. Ötən mövsüm demişdiz ki, komandanı mən yığmamışam. Amma deyəsən, bu dəfə iştirak etmisiz. Rza Cəfərov bu mövsümkü komandada yoxdur. Bəzi ekspertlər düşünür ki, ona qarşı haqsızlıq olub...Onun komandadan gedəcəyi barədə də fikirlər var. Rzaya qarşı ədalətsizlik varsa, bu mövzunun harasında dayanırsız?

- Rza zədəli idi. İki gün bundan qabaq zədə aldı. Sırf buna görə, bu gün heyətdə yox idi. Komandada yox idi. 

- Birinci hissədə rəqibin hücumlarının qarşısında oyunçuların çaşqınlığı hiss edildi. İkinci hissədə isə rəqibin müdafiə xəttini yara bilmədiz. "Neftçi" ötən mövsümdə qaldığı yerdən davam edir. Yanılıram, yoxsa siz sürprizlər edəcəksiz?

- Hamı üçün mövsümün birinci oyunu idi. Çox dəyişiklik edən komanda üçün çox çətindir. Futbolçularımın göstərdiyi oyundan razıyam. Sona qədər qalib gəlmək istəyirdilər. İki təhlükəli epizod buraxdıq, ikisi də standart vəziyyət. Digər hücumları xatırlamıram ki, komandamız çaşqınlıq yaşasın. "Şamaxı" müdafiədə olunurdu. Rəqibin oyun üslubu budur. Biz də nələrsə edirdik. Epizodlarımız var idi. Futbolçular yaxşı oyun göstərdilər. Yeni gələn oyunçuların çətinliyini anlamalıyıq. Zaman lazımdır. Qələbələr gələ-gələ daha yaxşı olacağıq. Bugünkü oyun, udmaq istəyi çox idi. Buna görə futbolçulara təşəkkür edirəm.

- Narazı qaldığınız məqam hansı idi?

- Olmadı. Mütəxəssislər, azarkeşlər oyunu təhlil edəndə, hansısa oyunçuların matçın içində qopduğunu deyə bilərlər. Amma işimiz, borcumuz odur ki, bunları anlayaq. Komanda təzədir. Belə şeylər olacaq. Bir az üzüldüyüm an o oldu ki, tam başqa şey düşünürdük, başqa cür hazırlaşırdıq. Oyun formatında, oyunçular baxımından...Sağ və sol vingerlər sıradan çıxması...Məşqdə zədələnməsi bizə problemlər yaratdı. Toplanış vaxtı bir cür hazırlaşırsan, 2-3 oyunçunun heyətdə olmaması planlarımızı pozdu.

- Kenan Piriçin qol buraxdığı epizodda mövqe seçiminə narazı qaldınız?

- Piriçə fikirləşirəm ki, oyundan sonra həmin vaxtı deyil ki, irad bildirəsən. Həftə, təhlillər var. Təcrübəlidir, yaxşı və pisi bilir. 

- Bir neçə gün əvvəl demişdiniz ki, boşluqlar var. Bugünkü oyundan sonra həmin təkliflər gələcək?

- Düşünmürəm. Sözdür, deyirik. Komandadan çox razı qaldım.

- Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Kenan Piriç gəlib, kapitanlar arasında onun adı yoxdur...

- Keçən dəfə də demişdim, üç yaxşı qapıçımız var. "Neftçi" üçün yaxşıdır. Rəqabət möhkəmlənir. Kapitan məsələsi...Xatırlayırsızsa, dedim ki, bu komandaya ayaq basanda, nə qədər söz-söhbət var idi. Rzanı təyin etdim, bu söhbətlər sakitləşsin. Kapitan məsələsi bir kənara qoyulsun, Futbolumuz danışılsın istəyirdim. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. "Neftçi"nin kapitanı Emindir. Vitse-kapitanları da var. Kapitanların meydanda və meydandan kənar etdiyi işlərdən çox şey asılıdır. Seçdiyimiz insanlar var, bu söhbəti bağlamaq lazımdır. Rza digər futbolçular kimi bizim üçün dəyərlidir. 

- İstədiyiniz sistemi formalaşdırmaq üçün nə qədər vaxt lazımdır? Cari mövsüm bəs edəcək?

- Allah qoysa, edəcək. Məqsəd qoymuşuq..Avrokuboklarda oynamaq istəyirik. Bizim artıq beynimizdə sistem var. Ona görə məşq keçirik. Yaxşı toplanış keçmişik. Gözləmədiyiniz hallar baş verir ki, bəzi oyunçular sıradan çıxır. Xeyrini də görəcəyik.

- Ramil Şeydayev, Aleks Fernandes və Ohorinin adı yox idi iştirak ərizəsində. Bu, onu göstərir ki, onları gözdən çıxarmısız?

- Kimi çıxarmışıq, çıxarmamışıq, bu haqda öz saytımızda elan veriləcəyik. Onlarla gələcək barəsində danışmışıq. Yaxın günlərdə həmin oyunçular haqda saytımızda informasiya çıxacaq.

- "Neftçi" büdcə və heyəti baxımından "Şamaxı"dan üstündür. Amma qarşıda daha gərgin mübarizə sizi gözləyir. Favorit "Qarabağ" var. İddialıların sayı çoxalıb. Sizcə, "Şamaxı" ilə heç-heçəyə razılaşan "Neftçi" digər güclülərlə bacaracaq? Bu mübarizəyə tab gətirəcək gücünüz var?

- Əlbəttə, müqavimət göstərməyə gücümüz var. Yaxşı komandamız var. Udmaq əzmi ilə meydana çıxırlar. Uzun marafona girmişik. Bu marafonda yenilgi də olacaq. İstər bizdə, istər dediyiniz komandalarda. Bu, normaldır. Əsas biz öz işimizi görək. 

- İlk turda ikinci hissədə topa nəzarət "Neftçi"də idi. Hücumların davamı cərimə meydançasına qədər gedirdi. Bitiricilik çatmırdı. Bu problemi necə aradan qaldıracaqsız?

- Hansısa problem üzə çıxırsa, dərhal hansısa oyunçunu gətirməliyik deyə, bir şey yoxdur. Bu problemlər sezildi. Amma çox sıx oynayan komandaya qarşı yenə də epizod yaratdıq. Qola çevirmək lazım idi. Çalışacağıq ki, bunları da düzəldək. Biz ilk hissədə qol vursaydıq, fikrimcə, oyun tam başqa məcrada keçəcəkdi.

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

“Turan Tovuz” “İmişli”ni məğlub etdi - YENİLƏNİB

“Şamaxı”da yeni təyinatlar

“Kəpəz”də üç müqavilə

“Sumqayıt”ın kapitanı bəlli oldu

Chosen
88
50
apasport.az

10Sources