EN

Bir əsrlik Bəxtiyar: şair, filosof, vətəndaş!

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bu il Azərbaycan poeziyasının canlı yaddaşı, xalqımızın milli vicdanı, dahi şair Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Onun yaradıcılığı yalnız ədəbiyyat deyil, həm də millətin tarixi, dərdi, sevinci, mübarizəsi, yol xəritəsi idi.

Azərbaycan ədəbiyyatı dünya mədəniyyətinə çox dahi şəxsiyyətlər bəxş edib. Onların hər birinin öz yeri, öz izi var. Səməd Vurğunun poeziyasında dilin axıcılığı və şeirin birbaşa insan ürəyinə yol tapması necə fərqlənirsə, Bəxtiyar Vahabzadənin yaradıcılığı da həmin ənənəni davam etdirərək daha dərin fəlsəfi çalarlarla zənginləşmişdir. Onun poeziyasında sadəliklə yanaşı, insanı silkələyən, düşündürən böyük fəlsəfi qat mövcuddur. Mən Bəxtiyar Vahabzadəyə həmişə bir “şair–filosof” kimi baxmışam.

Həyatımın müxtəlif məqamlarında, xüsusilə də çətin anlarında mən həmişə onun yaradıcılığına üz tutmuşam. Çünki Bəxtiyar Vahabzadənin poeziyasında insanı azadlığa, dürüstlüyə, vətənə sədaqətə aparan güclü bir ruh var. İstədiyiniz mövzunu götürün – onun şeirlərində mütləq həmin mövzuya işıq salan bir fikir, bir yol göstəricisi tapacaqsınız.

Bəxtiyar müəllimlə ilk şəxsi tanışlığım təxminən 40 yaşımda oldu. Həyatım boyu böyük insanlarla təmasda olmuşdum, amma onunla ilk görüşümüz zamanı sanki bir uşaq kimi müəllimimin qarşısında əyləşmişdim. Sonralar biz tez-tez görüşməyə başladıq. Xüsusilə ömrünün son illərində demək olar ki, ayda bir neçə dəfə bir araya gəlir, uzun söhbətlər edirdik. Bu söhbətlərin hamısı Dövlətimiz, Xalqımız və haqq-ədalətlə bağlı olurdu.

Böyüklüyünə, dahiliyinə baxmayaraq, o, çox sadə və kövrək ürəkli bir insan idi. Ən çox da əsassız qınaqlardan təsirlənirdi. Mənə bir dəfə qəzetdə çıxan təhqiramiz yazını göstərib əsassız qınaqdan geliyləndi. Buna təəccüblənib dedim ki, sizin kimi dahi insanın hansısa uşağın çərənləməsinə vaxt ayırmanız düzgün deyil. O dedi: “Aslan, sən hələ gəncsən, sənə uzun ömür yaşamağı və ölkədə tanınmış olmağı arzulayıram. Onda məni yaxşı başa düşəcəksən” Bu sözlər onun daxili dünyasının necə həssas və eyni zamanda böyük olduğunu bir daha sübut edirdi. Həqiqətən son 10-15 ili bəzən haqqımda olan böhtanları eşidəndə daim O böyük İnsana rəhmət oxuyuram.

O, xalqına bütövlüklə bağlı idi. İnanmıram ki, dünyada Azərbaycana onun qədər könüldən, ürəkdən bağlı ikinci bir insan olsun. Böyük alim Şirməmməd Hüseynovun dediyi kimi: “Azərbaycan xalqı hələ onun böyüklüyünü tam anlamır. Amma yüz illər keçəcək, Bəxtiyar Vahabzadənin əsl qiyməti briliant kimi cilalanacaq.” İnanıram ki, yüz illər keçəcək Bəxtiyar Vahabzadənin adı ən azından dahi Nizami, Fizulinin adları ilə yanaşı duracaq.

Bu gün Türkiyədə və digər dövlətlərdə Bəxtiyar Vahabzadənin adı ilə bağlı universitetlər, məktəblər, parklar, küçələr var. Azərbaycanda isə onun adına hələ də layiq olan diqqət ayrılmayıb. Halbuki bu diqqət Bəxtiyar Vahabzadənin özünə deyil, məhz xalqımıza və dövlətimizə şərəf gətirərdi.

Bəxtiyar Vahabzadə sadəcə bir şair deyildi – o, xalqın vicdanı, milli ruhun carçısı idi. Bu gün biz onun 100 illiyini qeyd etməklə yanaşı, həm də özümüzə bir sual veririk: biz onun yaratdığı mənəvi irsə, qoyduğu əxlaqi dəyərlərə layiq yaşaya bilirikmi?

Allah rəhmət eləsin dahi şairimizə!

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
101
20
icma.az

10Sources