EN

Müəllimlərin işə qəbulu: Vakant yerlər haradadır?

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İşə qəbul imtahanında yüksək nəticə göstərən namizədlər vakant yerlərin azlığından və ya heç olmamasından şikayət edirlər. Müvafiq qurum isə prosesin ilboyu davam edəcəyini bildirir.

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi bugünlərdə yekunlaşıb. Ancaq bəzi namizədlər vakant yerlərin azlığından şikayətçidirlər. 90-92 bal toplayan müəllimlər "Təhsil deyirsiniz, almışıq, bal deyirsiniz, toplamışıq, savad var, biz nə etməliyik?", - deyə vakant yer tapa bilmədiklərini, işsiz qalacaqlarından narahat olduqlarını bildirirlər. Müəllimlər vakant yerlərin gizlədildiyini, qeyr-şəffaf paylanıldığını, hətta bu barədə Elm və Təhsil Nazirliyinə məlumat verildiyini də iddia edirlər.

Gəncə, Yevlax, Goranboy rayonlarında müsabiqəyə ümumiyyətlə vakant yer çıxarılmadığı bildirilir. Ancaq mənzərəyə nəzər salanda problemin tək regionlarda deyil, paytaxt və rayonlarda da mövcudluğu məlum olur. Məsələn, redaksiyamıza müraciət edən müəllimlərdən biri paytaxtın Nizami rayonunda eyni problemlə üzləşdiyindən şikayətlənir: "İmtahanda 77 bal yığmışam. Amma Nizami rayon ərazisində cəmi bir vakant yer çıxır. Eşitmişik ki, vakant yerlər gizlədilir".

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Seçimə kimlər buraxılır?

Qeyd edək ki, test imtahanı üzrə ümumtəhsil proqramı üzrə 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, 40 bal və daha artıq yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Agentliyin iddialara cavabı

Müəllimlərin mediada və sosial platformalarda yer alan narazılıqlarına gəlincə, Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) MİQ-in vakansiya seçimi ilə bağlı sualımıza cavab olaraq bildirildi ki, son illər keçirilmiş müsabiqələrin nəticəsində işə qəbul edilmiş və təhsilverənlərin sertifikatlaşdırma prosesini uğurla tamamlamış müəllimlərin orta dərs yükü əhəmiyyətli şəkildə artıb. Təhsilalanların keyfiyyətli təhsilə çıxış imkanı genişləndirilib: "Prosesin davamı olaraq, bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllim sıxlığı nəzərə alınıb. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılıb". MÜTDA-dan bildirilir ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcək.

Qeyd edək ki, artıq vakansiya seçimi mərhələsinin nəticələri elan edilib. Belə ki, 2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Ümumilikdə isə müsabiqə üzrə 3958 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Əgər vakant yer yoxdursa...

Artıq bir neçə gündür sosial mediada bu mövzuda ciddi müzakirələr getdiyini və müəllimlərin çox ciddi narazılığının müşahidə edildiyini deyən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, əgər vakant yer bu qədər az olacaqdısa, onda müəllimlərin işə qəbulu üzrə imtahan keçirilməməli idi: "Bu qədər insan narazı salınmamalı idi. Əgər müəllimlər əziyyət çəkib imtahanda iştirak edirlərsə və bunun qarşılığını ala bilmirlərsə, vakant yer yoxdursa, Elm və Təhsil Nazirliyi bunun narazılıq yaradacağını qabaqcadan planlaşdırmalı idi. Fikrimcə, əgər nazirliyin başqa baxışı varsa, anlaşılmazlığın aradan qalxması üçün məsələnin mahiyyəti barədə cəmiyyətə və müəllimlərə daha geniş məlumat verilməlidir. Yoxsa indi müəllimlər daha çox nazirliyin ünvanına ittiham səsləndirirlər. Bəziləri iddia edirlər ki, vakant yerlər var, qeyri-şəffaf yolla başqa müəllimlərə verilir".

Millət vəkili bu cür söz-söhbətin təhsillə bağlı insanların fikirlərinə mənfi təsir etdiyini və onların narazı qalmasına səbəb olduğunu bildirir: "Ona görə biz bu məsələni ciddi araşdırmalıyıq. Səbəbləri və kökləri ilə bağlı məlumat verməliyik ki, narazılıq aradan qalxsın".

Qəbul planı və iş yerləri arasında uyğunsuzluq

Məsələyə münasibət bildirən təhsil eksperti İlham Əhmədov da bildirdi ki, MİQ imtahanı yekunlaşıb, amma əvvəlki illərdə olduğu kimi paytaxtda və Abşeronda, həmçinin böyük rayonlarda müəllimlər kənarda qalıb: "Təbii ki, bu, əvvəlki illərdə planlaşdırma ilə bağlı buraxılmış səhvlərin nəticəsidir. Universitetlərə, pedaqoji sahəyə qəbul planı və iş yerləri arasında uyğunsuzluq var. Pedaqoji kadrlara ehtiyac azdır. Digər tərəfdən, hər il qəbul aparılır. Müəllimlər İnstitutu və onun 11 filialı ehtiyac olmadan yaradılıb və orada hazırlanan on minlərlə kadra bazarda ehtiyac yox idi. Ən pisi o idi ki, yeni yaradılmış institutun zəif müəllim heyəti ilə müəllim hazırlandı və onların məzunları da keyfiyyətcə daha zəif idilər. Bütün bunlar öz təsirini 10-15 ildən sonra göstərir və bundan sonra da göstərəcək. Çünki buraxılan səhvlərdən nəticə çıxarmaq istəmirlər".

Ekspert hazırda işsiz müəllimlərin çox olduğunu bildirir: "Onların arasından daha layiqlilərini seçib həvəsləndirmə şərtləri ilə regionlara, müəllim çatışmayan bölgələrə göndərmək olar. Xüsusən məzunları və gənc müəllimləri. Əks halda vəziyyət hər il belə davam edəcək". İ.Əhmədov müəllimlərin vakant yerlərin gizlədilməsi ilə bağlı fikirlərinə də münasibət bildirdi: "Sosial şəbəkələrdə də tez-tez yazırlar ki, məktəb direktorları aktiv vakant yerləri gizlədir. Onlar regional təhsil idarələri ilə birlikdə müəllimləri hansısa yollarla işə qəbul edir və ya həmin saatları məktəbdə işləyən digər müəllimlər arasında bölüşdürür, vakansiya vermirlər. Bu da vakant yerlərin az olmasına və belə gərgin vəziyyətin yaranmasına səbəb olur. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bu məsələləri dərindən təhlil etməli, elmi əsaslarla layihələr hazırlamalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
oxu.az

1Sources