EN

Məhəmməd Salah Endi Koula çatdı

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqası tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.

Arena.az xəbər verir ki, 33 yaşlı hücumçu buna evdə “Bonrmut”a qalib gəldikləri (4:2) 2025/2026-cı illər mövsümünün 1-ci turunun oyununda fərqlənməklə nail olub.

Misirli forvard çempionatda 187-ci qolunu vuraraq bu göstəricidə Endi Koula çatıb.

Qeyd edək ki, mütləq rekord Alan Şirerə məxsusdur – 260 qol. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü pillədə qərarlaşıb. Misirli futbolçu cari mövsümdə məhsuldarlığını davam etdirə bilsə, həm Runini, həm də Keyni geridə qoya bilər.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində 2 oyuna çıxıb, 1 qol vurub. Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 403 oyun, 246 qol, 113 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı misirli hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Chosen
72
12
arena.az

10Sources