EN

Legioner limiti ləğv olundu – Millinin qapısını kim qoruyacaq?

Azərbaycan milli komandası  sentyabrın 5-də  DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxacaq. Msport.az xəbər verir ki, yığmamız əvvəlcə səfərdə İslandiya, bundan 4 gün sonra isə Bakıda Ukrayna seçməsi ilə qarşılaşacaq.

Legioner limiti ləğv olunduğundan Fernandu Santuşun da başı dərddədir. Qarşıdakı oyunlara kimləri çağıracaq?

Xüsəsən də qapı xətti ilə bağlı vəziyyət ürəkaçan deyil.  Şahruddin Məhəmmədəliyev “Qarabağ”da avrokubok matçlarında ehtiyatda qalır. O, sonuncu dəfə rəsmi oyuna ötən mövsüm Premyer Liqada mayın 18-də “Kəpəz”lə görüşdə çıxıb.

Rza Cəfərovla bağlı vəziyyət də ümidverici deyil. “Neftçi” bu günlərdə kapitanlarını müəyyənləşdirdi. Yeni mövsümdə Emin Mahmudov kapitan, Emil Balayev və yeni qolkiper Kenan Piriç isə vitse-kapitan oldular. Bu o deməkdir ki, Rza paytaxt klubunda 1-ci nömrə ola bilməyəcək. Artıq gənc qapıçının özünə yeni klub axtarması barədə məlumatlar yayılıb.

“Zirə”nin çərçivə qoruyucusu Aydın Bayramovla da bağlı vəziyyət eynidir. “Hayduk”la hər iki matçda qapını braziliyalı Tyaqo Silva qoryuyub. Heç çempionatda da Aydının şans qazanması inandırıcı görünmür.

Bu gedişlə ümid yenə Santuşun bəyənmədiyi Mehdi Cənnətova qalacaq. “Sumqayıt”ın 33 yaşlı futbolçusu son yoxlama oyunlarında Xəyal Fərzullayevlə birgə növbəli şəkildə heyətdə yer alıb.

Uzun fasilədən sonra Səlahət Ağayev də yığmaya dönə bilər. O, “Qəbələ”də əsas qapıçıdır, həm yoxlama matçlarında, həm də “Karvan Yevlax”la ilk turda heyətdə olub. Oyun praktikası var.

Hər halda millinin oyununa vaxt azalır, klublar isə legionerlərə güvənməkdə davam edirlər. Santuş da fikirli-fikirli siqaretini çəkir.

 

Chosen
33
msport.az

1Sources