EN

İlham Əliyev 23 il əvvəl demişdi...

33 il sonra bərpa olunan ədalət

Amerika Birləşmiş Ştatlarının (ABŞ) əzəməti bütün qitələrdən görünür. Bu ölkə hər sahədə liderdir və drayver kimi beynəlxalq birliyi öz arxasınca aparır, qlobal gündəliyə istiqamət verir. Elə ayrı-ayrı regionlarda ABŞ-la isti münasibətlər qurmağa can atan dövlətlərin sayının getdikcə artması da bunun təsdiqidir. Dünyanın bir nömrəli siyasi, iqtisadi və hərbi güc mərkəzi ilə əməkdaşlıq əlaqələri qurmaq milli dövlətlər üçün həm böyük şans, həm də böyük məsuliyyət sayılır. Təbii ki, bütün dövlətlər də buna nail ola bilmirlər.

İlk səfər və İlham Əliyevin onillikləri qabaqlayan strateji baxışları

Bu mənada, Azərbaycanı şanslı dövlət kimi səciyyələndirmək mümkündür. Bu günlərdə Vaşinqtonda Azərbaycan təntənəsi yaşandı. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri müstəsna bir uğurla keçdi. Dünya gördü ki, Liderə münasibət heç də onun təmsil etdiyi ölkənin böyüklüyündən və yaxud kiçikliyindən asılı deyil. Əgər Lider ökəsinin siyasətini düzgün aparırsa, milli maraqları qoruya bilirsə, eyni zamanda, qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin möhkəmlənməsinə töhfələr verirsə, dünya çapında, ABŞ kimi güc mərkəzində ona mütləq qaydada layiq olduğu rəğbət bəsləniləcək. Azərbaycan Prezidenti məhz belə Liderdir. O, ardıcıl fəaliyyəti ilə ökəmizə böyük uğurlar qazandırmaqla yanaşı, beynəlxalq səviyyədə əməkdaşlığın, təhlükəsizliyin möhkəmləsinə də davamlı töhfələr verir. İlham Əliyevin fəaliyyəti və baxışları yalnız indiki zamanla məhdudlaşmır, adətən, bir neçə on il qabağı hədəfləyir. Buna görə də hansısa yeni çağırışlar meydana çıxanda Azərbaycanda  kritik vəziyyət yaranmır, ölkənin əvvəlcədən formalaşdırlmış təhlükəsizlik  yastığı çətinlikləri dəf etməyə imkan verir.

Azərbaycan Prezidentinin strateji baxışları, həmçinin dövlətlərarası münasibətləri də əhatə edir. Bunu Azərbaycan - ABŞ münasibətlərinin timsalında da görmək mümkündür. İlham Əliyev ABŞ-a ilk səfərini 2002-ci ilin oktyabr ayında reallaşdırıb. O dövrdə İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin birinci müavini, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti və Milli Məclisin (MM) deputatı idi. Həmin səfər zamanı İlham

Əliyev Azərbaycanın enerji siyasətinə dəstək verən ABŞ-ın siyasi və işgüzar dairələrində yaxşı tanınan bir sima idi. Bu da onunla bağlı idi ki, İlham Əliyev Azərbaycanın 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan yeni neft strategiyasının reallaşdırlması istiqamətində Dövlət Neft Şirkətinin məsul nümayəndəsi kimi ABŞ hökümətinin üzvləri, enerji şirkətlərinin təmsilçiləri ilə sıx əlaqələr  qurmuşdu və enerji dialoqunun irəliləməsinə öz töhfələrini vermişdi. Sirr deyil ki,  məhz İlham Əliyevin sayəsində “Əsrin müqaviləsi” Azərbaycanın milli maraqlarını təmin etməklə yanaşı, transmilli şirkətlər, o cümlədən də ABŞ şirkətləri üçün cəlbedici bir kontrakta çevrilmişdi.

İlham Əliyevin özü xatırlayır ki, “Əsrin müqaviləsi”nin hazırlanması çox çətin, məsuliyyətli bir proses olmuşdur. O dövrdə Prezident Heydər Əliyevə əvvəlki iqtidarlardan dağılmış iqtisadiyyat miras qalmışdı. Ölkənin beynəlxalq imici də çox aşağı idi, həmçinin müəyyən qüvvələr daxili sabitliyi pozmağa çalışırdılar. Belə şəraitdə investorları Azərbaycana sərmayələr yönəltməyə inandırmaq asan deyildi. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən İlham

Əliyevin səyləri və əsaslandırmaları sayəsində maneələr dəf edildi və “Əsrin müqaviləsi” ətrafında mükəmməl beynəlxalq komanda formalaşdı.

Bu kimi reallıqlar İlham Əliyevin 2002-ci ilin oktyabr ayında ABŞ-a ilk səfərinin yüksək səviyyədə keçməsini şərtləndirən əsas amillər idi. O, buraya artıq özünü təsdiqləmiş və ağılı, geniş erudisiyası ilə böyük hörmət qazanmış qonaq kimi gəlmişdi. Təsadüfi deyil ki, o dövrdə Prezident olmayan İlham Əliyev Vaşinqtonda elə dövlət başçısı səviyyəsində qarşılanmışdı. Bunu Onun keçirdiyi görüşlərin miqyası da təsdiqləyir. Proqram zəngin və çox sıx idi. Həmin səfər çərçivəsində YAP Sədrinin birinci müavini, ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham

Əliyev ABŞ-ın vitse-prezidenti Riçard Çeyni, övlət katibinin birinci müavini Riçard Armitac, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Stiven Hedli, habelə Amerikanın tanınmış siyasətçiləri, beynəlxalq maliyyə qurmlarının yüksəksəviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirmiş, Con Hipokins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İntitutunda çıxış etmişdi. O da diqqətəlayiq haldır ki, İlham Əliyev səfər çərçivəsində müxtəlif auditoriyalar qarşısında Azərbaycanın bir nömrəli problemindən - Ermənistanın işğalı nəticəsində ərazi bütövlüyümüzün pozulmasından ətraflı bəhs edib və ölkəmizin prinsipial mövqeyini, işğal faktı ilə heç vaxt barışmayacağını bütün ciddiliyi ilə diqqətə çatdırıb. Bütövlükdə səfər kifayət qədər uğurlu olub. Səfərin yekunlarından və Azərbaycan - ABŞ münasibətlərinin yüksələn xətlə inkişafından  məmnunluğunu bildirən İlham Əliyev vurğulayıb ki, Amerika bizim üçün starteji tərəfdaşımızdır. Əlbəttə ki, həmin səfərədək Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa aid hər hansı bir sənəd imzalanmamışdı. Sadəcə İlham Əliyev reallıqlara, proseslərin gedişinə istinad etməklə özünün strateji baxışlarını ortaya qoymuşdu.

Strateji müstəvidə əməkdaşlığın inkişaf perspektivləri

İlham Əliyevin 23 il əvvəl ortaya qoyduğu strateji baxışlar artıq reallığa çevrilməkdədir. Əlbəttə, ötən 23 ildə hər şeyin rəvan getdiyi fikrini ifadə etmək mümkün deyil. Təəssüf ki, bundan əvvəlki administrasiya dönəmində ABŞ - Azərbaycan münasibətlərində, necə deyərlər, geridönüş baş vermişdi. Təsadüfi deyil ki, dövlətimizin başçısı əvvəlki administrasiya dövründəki dörd ili itirilmiş illər kimi qiymətləndirib. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Buna görə də indi Azərbaycan vaxt itirmək istəmir. İlham Əliyev artıq Prezident səviyyəsində və Ağ Evin yeni administrsiyasının rəhbəri Donald Tramp iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdə maraqlıdırlar. Rəsmi Bakı Vaşinqtonla münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməkdə maraqlıdır. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda bildirdiyi kimi, biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir.

Oxşar fikirləri, həmçinin D.Tramp da ifadə edib. “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”, - deyə onun Azərbaycan Prezidentinə ünvanladığı məktubda vurğulanıb.

Bu gün İlham Əliyevin 23 il əvvəl ifadə etdiyi fikirlər təsdiqlənir. Hər iki tərəf əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq inkişafına güclü siyasi iradə göstərir. Diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, liderlər bir-birinə inanır və rəğbət bəsləyirlər. Bunu Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində Onun D.Trampla baş tutan aşağıdakı dialoqu bir daha təsdiqləyir:

Prezident Donald Tramp: Siz böyük lidersiniz.

Prezident İlham Əliyev: Böyük lider mənim yanımda əyləşib”.

Şübhə yoxdur ki, İlham Əliyevin 23 ildən sonra Vaşinqtona baş tutan səfəri münasibətlərdə yeni bir səhifə açacaq. Bu əminliyi həm Vaşinqtonda Azərbaycan Prezidentinə göstərilən xüsusi ehtiram, aparılan danışıqların geniş gündəliyi, həm də imzalanan sənədlər bir daha möhkəmləndirir.  Diqqətəlayiq haldır ki, ABŞ-ın yeni administrasiyası Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti olduğuna böyük önəm verir. Avqustun 7-də Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən görüşdə strateji müstəvidə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsinin aparılması bunun əyani təsdiqidir.

Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib

Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Ağ Evin yeni administrasiyasının ökəmizə  səmimi münasibətinin davamı olaraq Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”.

Vurğulandığı kimi bu sənədin böyük əhəmiyyəti var. Sözügedən sənəddə gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib. Bu sırada aşağıdakıları sadalamaq mümkündür:

-Qarşılıqlı sərmayə qoyuluşu,

- Nəqliyyat, bağlantılar, təhlükəsizlik, süni intellet sahəsində əməkdaşlıq,

-Müdafiə sənayesi və müdafiə sahələri üzrə qarşılıqlı fəaliyyətlər və s.

Bütün bunlar onu deməyə əsas verir ki, imzalanan sənəd qarşıda geniş perspektivlər açır. Artıq Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub.  Respublikamız bir sıra təkliflər irəli sürmək niyyətindədir və artıq müzakirələrə start verilib. Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.

907-ci düzəlişin Azərbaycan Prezidentinin iştirakı ilə ləğvi rəmzi məna daşıyır

Müstəqil Azərbaycanla ABŞ arasında münasibətlərdən bəhs edərkən istər-istəməz yada həm də “Azadlığa dəstək aktı”na bədnam 907-ci düzəliş düşür. Konqres tərəfindən 1992-ci il 6 avqust tarixində qəbul edilmiş “Azadlığa dəstək aktı” qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtiva edib. Lakin  cəmi bir neçə aydan sonra - oktyabrın 24-də Konqres bu qanuna düzəliş edərək ABŞ-ın hər hansı formada Azərbaycan hökumətinə birbaşa yardımına qadağa qoyub.  907-ci düzəliş (Section 907) kimi tanınan bu müddəa birbaşa erməni lobbisinin təsiri ilə qəbul olunub. Səbəb kimi isə guya Azərbaycanın keçmiş Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistana və Dağlıq Qarabağa qarşı iqtisadi blokada tətbiq etməsi göstərilirdi.

Prezident İlham Əliyev avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində 907-ci düzəlişin tarixinə qısa ekskurs edib, onun bədnam mahiyyətinə bir daha diqqət çəkib. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınların sayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə, biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik.

 ABŞ-da 2001-ci il 11 sentyabr hadisələrindən sonra 907-ci düzəlişə yenidən baxıldı. Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədi ilə ABŞ Konqresi 2001-ci ilin oktyabr ayında prezidentə düzəlişin hüquqi qüvvəsini 1 illiyinə dayandırmaq səlahiyyəti verib, 2002-ci ilin yanvar ayında isə bu qərar o vaxtkı Prezident Corc Buş tərəfindən təsdiqlənib. Həmin dövrdə ABŞ Hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz isə çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdik. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. Daha sonrakı illərdə Barak Obama, Donald Tramp və Cozef Bayden administrasiyaları hər il bu düzəlişi dondurmağa davam etdirdilər. Heç vaxt ləğv edilməmiş bu maddə həmin dövrdən etibarən hər il dondurulmuş, bu da ABŞ administrasiyalarının Azərbaycanla hərtərəfli, əsasən də hərbi sahədə əməkdaşlıq etməsində maneələri müvəqqəti olaraq sıradan çıxarmışdır. 2023-cü ilin payızında ABŞ Konqresinin yuxarı palatasında “Erməniləri Müdafiə Aktı” (Armenian Protection Act) adı ilə qəbul edilmiş sənəddə 2024-2025-ci illər üçün Azərbaycana ABŞ yardımını və hətta onun Prezident tərəfindən yuxarıda təsvir olunduğu qaydada dondurulmasını qadağan edildi. 907-ci düzəlişin dayandırılmaması bizim üçün böyük şok oldu, çünki belə bir yanaşma gözləmirdik. Əfqanıstanda bizə ehtiyac olmadığına görə Bayden administrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdığı dövrdə buna əl atdı. Bundan sonra bizə qarşı sanksiyalar yenidən qüvvəyə mindi. Bu, yəqin ki, Azərbaycana mənfi münasibətin və nankorluğun zirvəsi idi. Əslində, bu, Bayden administrasiyası ilə onların hakimiyyətinin sonuna qədər düzəlməyən əlaqələrimizin ciddi şəkildə pisləşməsinə səbəb oldu.

907-ci düzəliş ABŞ-Azərbaycan əlaqələrində və onların daha da yüksək səviyyəyə qaldırılmasında ən problemli məsələlərdən biri olub. Son iki onillikdə karbohidrogen gəlirləri sayəsində iqtisadiyyatını inkişaf etdirmiş Azərbaycanın maddi olaraq yuxarıda adı çəkilən akta və ABŞ-in birbaşa maliyyə yardımlarına ehtiyacı xeyli azalıb. Bununla belə, müddəanın Damokl qılınc kimi ikitərəfli əlaqələrin üzərində asılı qalması həm simvolik, həm də praktik baxımından maneələr yaradır və ümumiyyətlə, Azərbaycan cəmiyyətində çox ədalətsiz və ikili standartların bir nümunəsi hesab edilirdi. Digər tərəfdən, 907-ci düzəlişin ləğv olunmaması Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində əhəmiyyətli irəliləyişin əldə olunması fonunda da absurd görünürdü. Axı artıq zamanında  907-ci düzəlişin qəbuluna bəhanə olmuş Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. İndi Azərbaycan və Ermənistan yeni reallıqlar şəraitindədirlər, rəsmi İrəvan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda 907-ci düzəlişin hələ də qalması hansı məntiqə əsaslana bilərdi?

Yaxşı haldır ki, zamanında süni yaradılmış Dağlıq Qarabağ münaqişəsi kimi, 907-ci düzəliş də artıq keçmişdir. Prezident İlham Əliyev səfər çərçivəsində 907-ci düzəlişin dayandırılmasının rəmzi məna daşıdığını bildirib. “Əlbəttə ki, “Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Beləliklə, bədnam 907-yə düzəlişin ləğvi ilə ədalət 33 il sonra bərpa edildi

Enerji əməkdaşlığı davam edəcək

İlham Əliyevin 23 il əvvəl ABŞ-a baş tutan səfəri çərçivəsində  enerji dialoqunun diqqət mərkəzində olduğunu vurğuladıq. Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. İlham Əliyevin zamanında bildirdiyi kimi, bu ölkənin şirkətləri Azərbaycanın Xəzərdəki zəngin karbohidrogen yataqlarının işlənilməsi üzrə imzalanan layihələrdə iştirak edirlər. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlıq hazırda da uğurla davam edir. Azərbaycan özünün enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-in göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.

Azərbaycan Prezideninin ABŞ-a işgüzar səfəri çərçivəsində isə dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Yaxşı halddır ki, Azərbaycanla ABŞ arasında ötən əsrin doxsanıncı illərindən başlayan enerji əməkdaşlığı  perspektivdə də davam etdirləcək. Memorandumun imzalanması o anlama gəlir ki, ABŞ-da Azərbaycanın ədalətli enerji siyasəti yüksək dəyərləndirlir və ölkəmizlə əməkdaşlığn davam etdirlməsinə böyük maraq göstərilir.

Zəngəzur Dəhlizi (“Tramp Marşrutu”) açılacaq

Prezident İlham Əliyevin 23 ildən sonra bu günlərdə Amerika Birləşmiş Ştatlarına baş tutan səfəri çərçivəsində Vaşinqtonda, Ağ Evin oval kabinetində - dünyanın bir nömrəli ofisində aparılan müzakirələrin ən mühüm nəticələrindən biri isə regionda kommunikasiyaların blokdan çıxarılmasının razılaşdırlmasıdır. Bununla bağlı liderlərin imzaladığı Birgə Bəyanatda konkret müddəalar yer alıb. D.Trampın şahidliyi ilə imzalanan sənəddə oxuyuruq: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.

Birgə Bəyanatdan da göründüyü kimi, regionda kommunikasiyaların blokdan çıxarılması ilə bağlı Azərbaycanın lap əvvəldən ortaya qoyduğu və əsaslandırdığı mövqe Vaşinqton görüşündə də nəzərə alınıb. Xatırladaq ki, 44 günlük müharibənin sonuclanmasını bildirən məlum üçtərəfli əyanata da Prezident İlham Əliyevin təkidi ilə oxşar məzmunlu bənd salınmışdı. Regionda kommunikasiyaların bərpası Azərbaycan üçün strateji önəm daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının yaradılması Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir.

Respublikamız bu məsələdə təkid etməkdə tam haqlıdır. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsidir. Bu bölgə Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamıza qarşı başladığı işğalçılıq siyasətinə görə blokada şəraitinə düşdü. Artıq 30 ildən çoxdur ki, Naxıvan əhalisi çətin vəziyyətdə qaıb. Bu regionun vətəndaşları respublikamızın paytaxtına və digər bölgələrinə gedib-gəlmək üçün hava nəqliyyatından və İran ərazisindən keçən marşrutdan istifadə etmək məcburiyyətindədirlər. Hava nəqliyyatı daimi təmaslar üçün optimal deyil. Eyni zamanda, İran ərazisindən keçən marşrutda sürücülərə bir sıra hallarda maneələr yaradılır, onlar saatlarla keçid məntəqəsində gözləmək məcburiyyətində qalırlar.

Eyni zamanda, Zəngəzur Dəhlizi (TRIPP marşrutu ) fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur Dəhlizi (TRIPP marşrutu ) bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın son illərdə liderlik keyfiyyətləri nümayiş etdirməklə Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli hava limanının yaradacağı imkanları da nəzərə alsaq, deyə bilərik ki, Zəngəzur Dəhlizi (TRIPP marşrutu )  beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və  respublikamız perspektivdə etibarlı tranzit ölkəsi kimi bundan böyük həcmlərdə gəlirlər qazanacaq.

Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun ) önəmi, eyni zamanda, hazırkı geosiyasi amillərlə şərtlənir. Son illərdə Rusiya-Ukrayna müharibəsi səbəbindən Şimal marşrutlarının funksionallığı əhəmiyyətli dərəcədə azalıb. Belə bir şəraitdə Orta Dəhliz Avrasiyada ən etibarlı və təhlükəsiz marşrut kimi diqqət çəkir. Transxəzər marşrutu ilə Çindən, Mərkəzi Asiya ölkələrindən yükləri Xəzər dənizindən, Azərbaycan və Türkiyə üzərindən keçirməklə Avropa bazarlarına təhlükəsiz və daha qısa müddətdə çatdırmaq mümkündür. Azərbaycanın starateji baxışına görə Zəngəzur Dəhlizi (TRIPP marşrutu) Orta Dəhlizin bir qolu kimi inkişaf etdirləcək. Hazırda Orta Dəhlizin Gürcüstandan keçən seqmenti aktivdir. Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun) yaradılması ilə Avrasiya coğrafiyasında tranzit imkanları genişlənəcək.

Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun ) yaradılması Ermənistan üçün də həyati əhəmiyyət daşıyır. Bu ölkə 30 il ərzində işğalçılıq siyasətinin girovluğunda qalıb və əslində, dalan vəziyyətdə qalıb. Hazırda Ermənistanın geniş dünyaya çıxış yalnız dar Lars keçid məntəqəsi və İran üzərindəndir. Lars keçid məntəqəsi daşımalar üçün optimal marşrut sayıla bilməz. Çünki xüsusilə də qış aylarında buradakı dağ silsilələrindən keçmək mümkünsüz hala gəlir və keçid bağlanır. Həmçinin yenə də geosiyasi amillərə və infrastruktur məhdudluğuna görə İran üzərindən keçən yollar da əlverişli deyil. Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun) yaradılması ilə Ermənistanla Türkiyə arasında məlum səbəblərdən bağlı olan sərhədlər açılacaq və bu ölkənin Avropaya asan çıxışı təmin olunacaq. 

Bütövlükdə, yeni marşrut optimal regional bağlantını təmin edəcək. O cümlədən Mərkəzi Asiya dövlətləri üçün yeni tranzit imkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundan asılılığı azalacaq. Qeyd edək ki, respublikamızın ərazisində Şimal - Cənub marşrutu ilə Orta Dəhlizin bağlantısı təmin edilib. Beləliklə də, İran və Rusiya da yeni marşrutdan faydalana biləcəklər.

Minsk qrupunun ləğvi: De - faktodan de -yureyə

Vaşinqtonda aparılan müzakirələrdə də vurğu edildiyi kimi, Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik, təhlükəsizlik və əməkdaşlıq arxitekturasının qurulması üçün Azərbaycanla Ermənistan arasında etibarlı sülhün təmin olunması zəruridir. Sülhə nail olunması üçün isə bir sıra zəruri şərtlər təmin edilməlidir ki, bunlardan biri də artıq ölü quruma çevrilən Minsk qrupunun de-yure ləğv edilməsi ilə bağlı idi. Prezident İlham Əliyev bu şərti irəli sürərkən sırf postmüharibə dövrünün reallığından çıxış edib. Minsk qrupunun de-yure ləğvi məqsədilə Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət ünvanlamalı idilər. Son vaxtlaradək Ermənistan  müxtəlif bəhanələr gətirməklə bunu etməyə tələsmirdi. Xatırladaq ki, Minsk qrupunun tarixi 1992-ci ilə gedib çıxır. Həmin il martın 24-də Helsinki şəhərində ATƏM-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 1994-cü ildə ATƏT-in Budapeşt şəhərində keçirilən Zirvə Görüşündə həmsədrlik institutu yaradılıb. Minsk qrupu ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə fəaliyyət göstərib.

 Postmüharibə dövründə de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure ləğvini şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Əvvəla, Minsk Qrupu zamanında keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılmışdı. 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq artıq münaqişə həllini tapıb.  Bununla Azərbaycan BMT-nin məlum qətnamələrinin icrasını öz gücünə təmin edib. Artıq münaqişə keçmişdirsə, Minsk qrupunun fəaliyyətinə hansısa bir lüzum da qalmamışdı. Digər tərəfdən, Minsk qrupunda təmsil olunan dövlətlərin vəziyyətinə baxaq. Bu gün kəskin qarşıdurmalar yaşayan Rusiyanın, ABŞ-n və Fransanın eyni masa arxasında əyləşməsi praktiki cəhətdən mümkün deyil. Əgər onlar hansısa bir barışıq reseptinə malikdirlərsə, ilk növbədə bunu öz aralarındakı ixtilafların çözülməsində tətbiq etməlidirlər.

Beləliklə, hər cəhətdən  ömrünü başa vurmuş bir quruma süni nəfəs verməyin heç bir faydası yox idi. Minsk qrupunun ləğv edilməsi proseslərin təbii axarında meydana çıxan zərurətə çevrilmişdi. Azərbaycan Prezidenti vurğulayıb ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac vardı?! Artıq Minsk qrupunu da keçmiş  saymaq olar. Dövlətimizin başçısının ABŞ-a səfəri çərçivəsində tərəflər zamanında Azərbaycanın təkid etdiyi Mink qrupunun ləğvi ilə bağlı müraciəti imzalayıblar. Şübhə yoxdur ki, hələ fəaliyyətdə ikən ölü qurum kimi tanınan Minsk qrupunun tabutuna son mismar lap yaxın vaxtlarda vurulacaq.

İki sülh prezidenti

İnsanların həyatına qan-qada, ölüm-itim gətirən, şirin arzuları puç edən,qurulu şəhərləri, tarixə şahidlik etmiş sivilizasiyaları dağıdan, xalqlar arasında düşmənçilk yaradan müharibələr dünyada hər zaman ciddi narahatlıqlar yaradıb. Bu gün isə beynəlxalq səviyyədə müharibə mövzusunun aktuallığı heç vaxt olmadığı qədər artıb ki, bu da ayrı-ayrı regionlarda eyni vaxtda qanlı müharibələrin alovlanması ilə bağlıdır. Açıq deyək ki, dünya yeni qlobal müharibənin astanasına gəlib çatıb. Narahatlıq doğuran ən mühüm məqam ondan ibarətdir ki, yeni dünya müharibəsinin ənənəvi müharibələrdən kəskin şəkildə fərqlənəcəyinin proqnozları verilir. Belə görünür ki, top-tüfəng, tank , piyadalar  kimi resurslarla aparılan müharibə dövrü də keçmişə qovuşmaqdadır. İndi müharibələr daha güclü dağıdıcı gücə malik uzaq mənzilli, hipersəs sürətli innovativ texnikalar vasitəsi ilə aparılır. Ən qorxulusu, dəhşətlisi isə odur ki, ayrı-ayrı güc mərkəzləri, bəzi siyasətçilər bəşəriyyətə əzələ nümayiş etdirərək dünyanı nüvə silahları ilə hədələyirlər.

Təsvir olunan reallıq fonunda dahi Azərbaycan şairi Hüseyn Cavidin aşağıdakı misraları yada düşür:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Bəs bizim zəmanəmizin Yer üzünü bəlalardan qurtaracaq dahisi kim ola bilər? Açığı son vaxtlaradək dünya siyasətçiləri arasında belə bir sima fərqlənmirdi. Dünyanın bir nömrəli supergüc dövəti olan Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Co Baydenin özü əslində müharibənin içində idi. ABŞ-ın indiki Prezidenti Donald Trampın bildirdiyi kimi, Rusiya-Ukrayna müharibəsini məhz Bayden başlatdırıb. Bundan başqa, C.Baydenin prezidentliyi dönəmində onun ölkəsi Yaxın Şərqdə, o cümlədən də Qəzzada yaşananların bu və ya digər formada iştirakçısı olub. Digər bir güc mərkəzi olan Rusiya artıq üç ildən çoxdur ki, müharibə tərəfidir. Rusiya-Ukrayna müharibəsində də hər gün insanlar həyatını itirir. Belə bir vəziyyətdə Birləşmiş Millətlər Təşkilatından gözləntilər də çox deyil. Qurumun artıq dişsiz, gücsüz bir təşkilata çevrildiyi müxtəlif səviyyələrdə etiraf olunur. Təhlükəsizlik Şurası beş ölkənin girovluğunda qalıb, buna görə də ədalətli qərarlar verilmir.  Kədərli haldır ki, BMT Baş katibinin ayrı-ayrı regionlarda tüğyan edən müharibələrin dayandırılması ilə bağlı çağırışları əsla eşidilmir.

Bu kimi kədərli reallıqlar fonunda ABŞ-ın yeni Prezidenti Donald Tramp tamam fərqli bir rakrusdan diqqət mərkəzinə gəlib. O, hələ ötən il seçkiqabağı təbliğat dönəmində sülh təşəbbüslərindən çıxış edir, seçiləcəyi təqdirdə Rusiya-Ukrayna  müharibəsini, digər münaqişələri qısa müddətdə bitirəcəyini bildirirdi.Yeri gəlmişkən, D.Trampın seçkiqabağı dönəmdə sülh, barışıq mövqeyindən çıxış etməsi Azərbaycan Prezidenti  İlham Əliyevin də diqqətini çəkmişdi. Dövlətimizin başçısı ABŞ-dakı seçkilərlə bağlı Ona ünvanlanan sualı cavablandırarkən, D.Trampa xüsusi rəğbətini bildirmiş, onun sülh mövqeyindən çıxış etməsini alqışlamışdı. Bu o anlama gəlir ki, Prezidentlər İlham Əliyev və Donald Tramp müharibələrə “yox” deyən siyasətçilərdirlər. Paralellər aparmaq üçün daha bir məqama diqqət yetirək: Bir qədər bundan əvvəl D.Tramp özünün sosial şəbəkə hesabında Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışından bir hissəni paylaşıb. Dövlətimizin başçısı Forumda sualları cavablandırarkən regionda və dünyada qalıcı sülhə çağırışlar edib, həmçinin D.Trampı “müharibə başlamayan ABŞ Prezidenti” kimi səciyyələndirib. Məlumdur ki, ABŞ prezidenlərinin əksəriyyətinin idarəçiliyi dönəmində bu ölkə dünyanın ayı-ayrı regionlarında qanlı müharibələrə cəlb olunub. D.Tramp isə tarixdə müharibə deyil, sülh prezidenti kimi qalmaq istəyir. Təsadüfi deyildir ki, müxtəlif dairələrdən onun Nobel sülh müfatına namizədliyi irəli sürülüb. İlham

Əliyevin sülh çağırışları D.Trampın dünyaya sülh gətirmək istəyi ilə üst-üstə düşür və bu səbəbdən də o, sosial şəbəkə hesabında bəhs olunan paylaşımı edib.

Otuz illik münaqişədən sonra Cənubi Qafqaza sülh gəlir

Bu günlərdə dünya tarixi anlara şahidlik etdi. Ağ Evdə D.Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında təxminən otuz il davam edən münaqişədə yeni bir səhifə açılmış oldu - iki ölkənin xarici işlər nazirləri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə yekun sülh sazişi paraflandı. Bu, 44 günlük müharibədən sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlayan sülhyaratma prosesində tarixi bir nailiyyətdir. İndiyədək buna çoxlu cəhdlər edilmişdi. Xatırlayaq ki, Ağ Evdə baş tutan son görüşlərədək müxtəlif formatlarda danışıqlar aparılıb. Bir vaxtlar Moskva, Brüssel, Vaşinqton formatları aktiv fazada idi. Lakin Vaşinqton formatı Bayden administrasiyasının Azərbaycana münasibətdə qərəzli mövqe tutmasına görə bir neçə görüşdən sonra yarımçıq dayandırıldı. Brüssel formatı çərçivəsində xüsusilə də Fransanın Ermənistanın tərəfini saxlaması açıq-aşkar idi və buna görə də iflas qaçılmaz oldu. Həmçinin Moskva formatı da səmərəsizliyi ilə yadda qaldı. Belə ki, bu formatda fəaliyyətlər məsul şəxslərin görüşmələrindən və bəyanatlar səsləndirmələrindən uzağa getmədi.

D.Trampın özü bu günlərdə Azərbaycanla Ermənistan arasında uzun sürən münaqişəni Rusiya-Ukrayna müharibəsi kimi mürəkkəb  ədavət kimi səciyyələndirib.  D.Tramp yeganə qlobal səviyyəli liderdir ki, Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesini məntiqi sonluğa istiqamətləndirməyə nail olub. Prezident İlham Əliyev Vaşinqtonda mətbuata verdiyi bəyanatında D.Trampa minnətdarlığını ifadə edərək bildirib: “Həqiqətən bu gün Azərbaycan xalqının yaddaşına həm qürur, həm də Prezident Trampa minnətdarlıq hissi ilə həkk olunacaq. Onun həm Azərbaycana olan münasibəti və təkcə bizim regionumuz deyil, - bu gün mən bunu fikir mübadiləmizdə qeyd etdim, - cəmi bir neçə ay ərzində Prezident Tramp Afrikada, Asiyada və nəhayət, Cənubi Qafqazda 30 il ərzində əldə oluna bilinməyəni təmin etdi. Biz insanların qurban verilməsi, böyük itkilər ilə nəticələnən iki çox ağır müharibə aparmalı olduq. Prezident Tramp və onun komandası, bizim yaxşı dostumuz Stiven Uitkoff olmasaydı, Ermənistan və Azərbaycan yəqin ki, hələ də sonsuz danışıqlar prosesində idilər”.

Beləliklə, D.Trampın səyləri və vasitəçiliyi ilə Cənubi Qafqaza sülh gəlir. İki ölkənin əməkdaşlıq dönəminə başlayacağına böyük ümidlər yaranıb. Sülh sazişinin dünyanın bir nömrəli ofisində - oval kabinetdə D.Trampın şahidliyi ilə imzalanması böyük məsuliyyət yaradır. Çoxlarının bacarmadığını məhz o bacardı. Buna görə də Azərbaycanın və Ermənistanın da vəfa borclarına sadiq qalmaqla  D. Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər. “Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı”, - deyə Prezident İlham Əliyev vurğulayıb .

Mübariz ABDULLAYEV

3Sources