EN

Vicdan nədir?

Vicdan - insan fitrətinin pozulmamış şəklidir. Quran nəyi əmr etmiş, nəyi qadağan etmişsə, əmin olun ki, onların hər birinin vicdanda təsdiqçisi var...

İslam fitrət dinidir, yəni insanın yaradılışını, daxili və xarici aləmini, bütün hisslərini və duyğularını əhatə edir. Bu bir həqiqətdir ki, insan vicdanən Uca Yaradıcıya inanma və Ona sığınma ehtiyacı hiss edir. Quran da bunu əmr etməkdədir. Məsələn, vicdan haqsız qazancdan narahat olur. Quran da haqsız qazancın hər növünü qadağan edir.

Ancaq ən həssas tərəzi belə zaman keçdikcə həssaslığını itirə bildiyi kimi, vicdan da üst-üstə gələn günahlar qarşısında həssaslığını itirə bilər. Əgər o vicdan sahibi iman yolu ilə Rəbbinə bağlanmışsa, onda vicdan müəyyən mənada zəmanət altına alınmış olur.

Bir insanın dünya qazancı üçün başqalarını aldatması artıq onun vicdanının susdurulmuş olması deməkdir. Quranın “Vay halına çəkidə və ölçüdə aldadanların!” (83/1) xəbərdarlığı da insanın bu vəziyyətinə işarə edir. Sevimli Peyğəmbərimizin (s.ə.s.) ifadəsi ilə günah “qəlbi narahat edən və başqalarının bilməsini istəmədiyin şeydir”.

İnsan fitrəti günahdan narahat olur. Ona görə də, yalan danışanda üz qızarır, səs titrəyir. Ancaq yalanı, riyanı gündəlik həyatında vərdişə çevirmiş bir insan üçün bu dediklərimiz etibarlı deyil. Çünki bu vəziyyətə düşmüş bir insanın vicdanı artıq əks-reaksiya göstərə bilmir.

Vicdanın bu vəziyyəti bir az da günəbaxana bənzəyir: günəbaxan səhərdən axşama qədər günəşlə birgə dolanır, üzünü ondan ayırmır, ancaq elə ki, tumları doldu, yükü ağırlaşdı, başını aşağı əyir, daha günəşə baxmır. Vicdanın ilk vəziyyəti bir saç telini çəkən zərgər tərəzisi kimi həssas olduğu halda, günahlar altında qalıb əzilmiş vəziyyəti ağırtonnajlı maşınları çəkən (həm də dəqiq deyil, təxmini çəkən) qapan tərəzisinə bənzəyir.

Qurani-Kərim: “Kim bir yaxşılıq etsə, öz lehinədir, kim də bir pislik etsə, öz əleyhinədir" (41/46) buyurmaqdadır. Əgər siz birinə yaxşılıq edirsinizsə, içinizi fərəh hissi doldurur, yox əgər kiminsə haqqını tapdayırsınızsa, vicdanınızdan qurtula bilmirsiniz. Yəni, yuxarıdakı ayə burada da öz təsdiqini tapmış olur. Bir sözlə, ilk cəzanı da, ilk mükafatı da insan öz vicdanından görmüş olur.

Böyük bir alimin təbirincə, vicdan - qeyb aləmi ilə şəhadət aləminin qovuşma nöqtəsidir. Bu iki aləmin qovuşma nöqtəsi isə vicdanın məkanı, ya da hakim olduğu ünvandır.

İnsanın hissiyyatı zahiri (xarici) və batini (daxili) olmaqla iki yerə ayrılır. Görmə, eşitmə, iybilmə, dadbilmə və s. kimi hisslərimiz bizim zahiri aləmlə tanışlığımızı təmin etdiyi kimi, ağıl, xəyal, fəhm, hafizə və s. kimi hisslərimiz də batini güclərdir və ruhumuz üçün məlumat mənbəyidir. Ruhun bu batini güclərlə həqiqəti dərk etməsinə isə vicdan deyilir. Yəni, insan heç əziyyət çəkmədən, öz vicdanının səsi ilə Allah qarşısında nə qədər zəif və aciz olduğunu bilir. Bilir ki, “mənim” dediyi şeylərin heç biri, heç əzaları belə onun deyil, Allahındır. Elə bu məlumatla da Rəbbinə yönəlir, bütün ehtiyaclarını Ondan diləyir...

Murad Məmməmdov

Chosen
1
3
hurriyyet.az

4Sources